hemle

320 erməni işğalçısı məhv edildi, 500-ü yaralandı - Zəfər apreldən başladı...

Tarix:5-04-2024, 08:30
Baxış Sayı:749

320 erməni işğalçısı məhv edildi, 500-ü yaralandı - Zəfər apreldən başladı...

Hafiz Cabbarov: “Məhz Aprel döyüşlərində əldə edilən qələbədən sonra xalqımız tam əmin oldu ki, Ordumuz böyük qələbəyə yaxındır”

Dörd günlük müharibədə, Aprel döyüşlərində çağdaş Zəfər tariximizin əsası qoyuldu. Bu gün Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür.

Xalqımızın mübarizə əzminin, ordumuzun rəşadətinin, hünərinin simvoluna çevrilən Aprel döyüşləri zamanı həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ Təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Dörd günlük Aprel döyüşləri torpaqlarımızın azadlığı yolunda bir mayak olub. 2016-cı ildə baş verən bu mühüm hadisədən dörd il sonra Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi baş verdi. Vətən müharibəsi dövründə torpaqlarımız böyük ölçüdə azad edildi, 2023-cü ilin 19-20 sentyabrında ordumuzun həyata keçirdiyi antiterror tədbirlərindən sonra isə torpaqlarımızdan işğalçılar tamamilə silinib atıldı. Bütün bunların ana qaynağı isə dörd günlük Aprel döyüşləri oldu.

“Aprel döyüşlərini Vətən müharibəsinin başlanğıcı adlandıra bilərik”


“Zəfər tarixi” dərsliyinin həmmüəlliflərindən olan, tədqiqatçı Hafiz Cabbarov “Bakı-Xəbər”ə şərhində “Baxmayaraq ki, Aprel döyüşləri miqyasca o qədər də geniş deyildi və qısa müddəti əhatə edirdi, ancaq nəticələri etibarı ilə sonrakı qələbəmizin qazanılmasında əhəmiyyətli dərəcədə böyük rol oynadı. Aprel döyüşlərinin nəticələrinə bir neçə aspektdən yanaşmaq lazımdır. Bu döyüşlərin özündən sonra hərbi, strateji və psixoloji nəticələri oldu. Hər şeydən əvvəl psixoloji nəticəni qiymətləndirmək lazımdır. Onun psixoloji nəticələri ondan ibarət oldu ki, Azərbaycan xalqının mənəvi ruhunda böyük əminliyin oyanmasına, hiss edilməsinə səbəb oldu. Məhz Aprel döyüşlərində əldə edilən qələbədən sonra xalqımız tam əmin oldu ki, Ordumuz böyük qələbəyə yaxındır. Yəni psixoloji üstünlük qəti olaraq Azərbaycan ordusunun tərəfinə keçdi.

Bu döyüşlərə qədər ermənilərdə belə saxta illüziya yaranmışdı ki, guya onların orduları məğlubedilməzdir. Əslində Birinci Qarabağ müharibəsinin bir sıra real döyüş əməliyyatlarında Azərbaycan Ordusu qeyri-bərabər döyüşdə də bir sıra qələbələr qazandı.

Baxmayaraq ki, həm silah-sursat, həm də təşkilatlanma baxımından ermənilər daha hazırlıqlı idi, onlara böyük dövlətlər kömək edirdi, bu zaman da Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qələbələrimiz vardı. Lakin faktiki olaraq real nəticə, yəni torpaqlarımızın işğalı bir növ psixoloji üstünlünlüyün bəlkə də itirilməsinə səbəb oldu.

2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı, ondan sonra Aprel döyüşləri psixoloji cəhətdən Azərbaycan xalqında inam yaranmasına səbəb oldu. Aprel döyüşləri məhz psixolji baxımdan bir növ ən böyük dönüş nöqtələrindən biri kimi yadda qaldı”-deyə bildirdi.

H.Cabbarov qeyd etdi ki, Aprel döyüşlərinin hərbi strateji baxımdan da üstünlükləri böyükdür. O vurğuladı ki, baxmayaraq, Aprel döyüşləri nəticəsində geri qaytarılan torpaqlar az görsənə bilərdi, ancaq onun strateji əhəmiyyəti sonradan 2020-ci il müharibəsində bir daha özünü göstərdi. “Belə ki, “Lələ Təpə” yüksəkliyinin azad edilməsi, eləcə də Tərtər istiqamətində əldə edilən yüksəkliklər 2020-ci ildə həyata keçirilən hərbi əməliyyatlar zamanı müşahidə nəzarət baxımından Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı. Təsadüfi deyil ki, 2020-ci il müharibəsində ermənilər “Lələ Təpə” yüksəkliyini yenidən əldə etmək üçün böyük bir əməliyyat hazırlamışdılar. Ancaq Azərbaycan Ordusu bu hücumun qarşısını aldı və erməniləri ağır məğlubiyyətə uğratdı, onlar böyük itkilər verdilər. Həmçinin “Lələ Təpə”dən düşmənin dərinliyini müşahidə altında tutmaqla Azərbaycan Ordusu yeni uğurlu əməliyyatlar hazırladı. Beləliklə, Aprel döyüşlərini Vətən müharibəsinin başlanğıcı adlandıra bilərik. Dörd günlük müharibədə hərbi əməliyyatlar eyni zamanda 44 günlük müharibənin kiçik modeli idi. O döyüşlər artıq Azərbaycan Ordusunun bu müharibədə hərbi əməliyyatları XXI əsr modelində aparmasının bir növ ilkin siqnallarını verdi. Burada çatışmayan cəhətləri də 2020-ci ildə aradan qaldıraraq Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad oldu. Buna görə Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və biz hər zaman onlara minnətdar olacağıq. Çünki tariximizin qürur və şərəf səhifələrinin yazılmasında məhz onlara borcluyuq. Hesab edirəm ki, bu baxımdan da Aprel döyüşlərinin xüsusi əhəmiyyəti var”-deyə H.Cabbarov vurğuladı.

İradə Sarıyeva


Mənbə:Bakı-Xəbər

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq