“Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirilib
“Gənc İstedadlar Proqramı” çərçivəsində beş müxtəlif meyar əsasında iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi davam edir. Bu məqsədlə “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, Biznes proseslərin Təhlili və Analitikası Departamentinin rəisi Zabil İbayevin və Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyevin mentorları olduğu təcrübəçilər fərdi araşdırma mövzularını təqdim ediblər. Bu dəfəki təqdimatda baş direktorun Maliyyə üzrə müavini vəzifəsini icra edən Fərhad Mədətovla yanaşı, Birliyin şöbə rəisi və digər əməkdaşları iştirak ediblər. Əvvəlki təqdimatda olduğu kimi təcrübəçilərin fərdi mövzuları dinlənildikdən sonra sual-cavab vasitəsilə digər məqamlara aydınlıq gətirilib.
Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyev təcrübəçilərin təqdim etdiyi mövzuların "Azəriqaz" İB üçün prioritet olduğunu qeyd edərək geniş şəkildə araşdırıldığını bildirib. Baş direktorun Maliyyə üzrə müavini vəzifəsini icra edən Fərhad Mədətov 3 ildir keçirilən “Gənc İstedadlar Proqram”ını gənclər üçün karyera qurmaq baxımından müsbət qiymətləndirib və SOCAR-ın həyata keçirdiyi bu layihənin təqdirəlayiq olduğunu bildirib.
Qeyd edək ki, SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində cari il üçün “Azəriqaz” İB üzrə ümumilikdə 11 kvota təqdim edilib. Mart ayından start götürən proqram təlimlər və istehsalat təcrübəsindən ibarət olmaqla, ümumilikdə 5 ay davam edir. Proqram iştirakçıları baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayevin, Biznes proseslərin Təhlili və Analitikası Departamentinin rəisi Zabil İbayevin və Maliyyə Planlaması və Təhlili Departamentinin rəisi Ruslan Xankişiyevin mentorluğu ilə müvafiq struktur və bölmələrdə istehsalat təcrübəsi keçirlər.