hemle

Xüsusi təyinatlı şəhid gizir Camal İsmayılovun anası: "Aprel döyüşlərində də iştirak etdi"...

Tarix:2-04-2024, 10:01
Baxış Sayı:574

Xüsusi təyinatlı şəhid gizir Camal İsmayılovun anası: "Aprel döyüşlərində də iştirak etdi"...

Filarə İsmayılova: “Camal doğum günümü öz şəhadəti ilə “təbrik etdi”...

Beşik başında balasına qurban olan analar şəhid balalarının tabutu başında da onlara qurban olur. Neftçala rayonu Həsənabad qəsəbəsində bir ana var, şəhid balasına gündə min yol qurban olan, gözlərinin yaşı qurumayan bir ana.

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri şəhid Camal Vidadi oğlu İsmayılovun anası Filarə İsmayılovadan, o ağsaçlı qəhrəman anadan danışırıq. O anadan ki, Camal kimi qəhrəman övlad bəxş edib Azərbaycana...

Martın 15-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin Biləsuvarda Heydər Əliyev Mərkəzində təqdimat mərasimindən sonra yolumuzu Neftçala rayonu Həsənabad qəsəbəsindən saldıq. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə redaksiyanın çap etdiyi “44 gün - Tarixi zəfər” kitabını Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun anası Filarə anaya təqdim etmək üçün İsmayılovlar ocağına baş çəkdik.

Anası oğlunun qonaqlarını olduqca mehriban qarşıladı, otaqda hər şey Camalı xatırladırdı. Divardan Vətən Müharibəsi Qəhrəmanının fotoları boylanırdı. Ana min bir qayğı və sevgi ilə o şəkilləri nəinki divarlara, ürəyinə də hopdurub.
Tibb Universitetinə verdi, amma qəbul ola bilmədi, sənədlərini Tibb Texnikumuna verdi, diş texniki ixtisasına qəbul olundu, amma orada oxumaq istəmədi. Sonralar mən onun Xatirə dəftərini oxudum. Camalın Xatirə dəftəri vardı. Əsgərlikdən gələndə dəftəri mənə verdi, amma oxumamışdım, götürüb kitablarımın yanına qoymuşdum. Camal şəhid olduqdan sonra Xatirə dəftərini başdan-ayağa oxudum. Yazıb ki, doğrudur, anam mənim həkim olmağımı istəyir, amma mən nə vaxt böyüyüb öz taleyimi özüm həll etsəm ən yaxşı zabit olacağam. 18 yaşında əsgər getdi. Səkkiz ay idi ki, müddətli həqiqi hərbi xidmətdə idi. Mənə məktub göndərdi. Yazmışdı ki, “məndən sarı narahat olmayın, kursa gedəcəyəm. Bu bir fürsətdir və bu fürsəti əldən verməyəcəyəm. Narahat olmayın, vaxt tapan kimi əlaqə saxlayacağam”. Ondan bir müddət xəbərimiz olmadı. Sən demə, Camal xüsusi təyinatlı qüvvələrin təkmilləşdirmə kursunda təhsil alırmış. Kursu uğurla bitirəndən sonra XTQ hərbi hissələrinin birində xidmət etməyə başladı. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilmişdi. 18 il xüsusi təyinatlı qüvvələrin mənsubu kimi müxtəlif təlimlərdə, vacib hərbi əməliyyatlarda iştirak etdi. Rus, ingilis, erməni dillərini sərbəst bilirdi. Xizək sürməyi, dağçılığı, paraşütdən tullanmağı peşəkar şəkildə öyrənmişdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Aprel və Tovuz döyüşlərində də iştirak edib”.
Ana deyir ki, oğlu 2002-ci ildən də orada qalıb işləyib. Filarə ana Camalın evlənmə tarixçəsindən də danışdı: “2007-ci ildə nişanlandı. Qız öz bacım qızı idi. Camal maşını çox sevirdi. Mən də həmişə ona deyirdim ki, kişi maşını al, özünə yaraşan maşın al. Ağır maşınlardan xoşum gəlirdi. Deyirdim “31” al, özü də alminum tozu rəngində olsun. Gördüm ki, maşın alıb gəlib. Həmin gün də bacımın qızı yatıb yuxusunda görüb ki, onlara ağ atlı oğlan gəlib. Səhər yuxudan durub anasına “ana, yuxuda görmüşəm ki, bizə ağ atlı oğlan gəlib” - deyib. O da qara qızdır. Anası deyib ki, hə, ağ atlı oğlan səndən, qara qızdan ötrü ölürdü. Bir də görüblər ki, qapının ağzında bir maşın dayanıb. Bacım da zaragatla qızına deyib ki, ağ atlı oğlan gəldi. Qapının ağzına çıxıblar ki, gələn Camaldır. Bacım qızı da məşğələyə gedirmiş. Camal ona həmişə “Qaraca” deyirdi. Soruşub ki, “Qaraca, hara gedirsən?” Qız da deyib məşğələyə gedirəm. Camal da “otur maşına gedək” deyib. Qız oturub Camalın yanında Camal da onu məşğələyə aparıb. Axşam evə gəlib deyib ki, ana, mən Camalın maşınında məşğələyə gedəndə elə hey mənə baxırdı.

Camalın evlənməyini istəyirdim, neçə qızın adını çəkdim, razı olmadı. Axırda soruşdum ki, bəlkə sən Fatmanı istəyirsən? Gördüm dillənmədi, sonra “ana, onu mənə verərlər?” dedi. Getdik, aldıq. Yəni həm o deyən, həm də biz deyən oldu. 2007-ci ildə ad günündə nişanı oldu, 2008-ci ilin iyunun 30-da toyu oldu, gəlin gəldi. Toylarından 16 gün sonra Yaşmaya köçdülər, Camal orada qulluq edirdi, orada onlara yaşamaq üçün otaq vermişdilər, orada qalırdılar. Camalın üç uşağı var. Əvvəl iki qızı vardı, istəyirdim ki, üçüncü uşaqları da olsun. Allah üçüncü övladı da verdi. Həkim demişdi ki, oğlan olacaq. Camal özü oğlunun adını Alparslan qoymuşdu. Camal şəhid olduqdan beş ay sonra oğlu Alparslan doğuldu. Üç yaşı oldu uşağın. Camal oğlunun üzünü görmədi”.

Filarə ana deyir ki, oğlu sonuncu dəfə evə 2020-ci ilin 17 sentyabrında gəlib. “Demə, onları göndəriblər ki, gedin ailənizlə, validenylərinizlə halallaşın, vidalaşın. Evə gəldi, iki gün qalacağını demişdi, amma bir gün qaldı, zəng gəldi və getdi. Mən də pay-püş qoymuşdum ki, aparsın. Mən bilmirdim müharibə olacaq və bu müharibə balamı əlimdən alacaq. Müharibəni içimdə yaxına belə qoymurdum. Düzdür, Tovuz hadisələrində, ondan əvvəl Aprel döyüşlərində iştirak etmişdi. Aprel döyüşlərində çox böyük igidliklər göstərmişdi. Ümumikdə 14-dən çox medalı vardı. Sentyabrın 25-də eşitdim ki, camaat müharibədən danışır. Bundan başqa, gördüm ki, Camal statusa bir şəkil qoyub. Heydər Əliyev zirvəsində çəkdirdiyi bir şəkli vardı, arxasında Azərbaycan bayrağı üzü buludlara sarı. O şəkli qoyub, arxasınca da “Allahu Əkbər” yazıb. Zəng vurdum, cavab vermədi. Sonra gəlinə zəng vurdum, dedi ki, Camal təlimə getdi. Sentyabrın 27-də sübh namazəna durdum, namazdan sonra sosial şəbəkələrə baxdım, oxudum ki, müharibə başlayıb. Bircə onu dedim ki, evim yıxıldı. Çünki o, birinci taborda idi. Əvvəl beşinci taborda idi, sonra özü birinci tabora keçdi...Döyüşmək istəyirdi həmişə. Bu barədə söz düşəndə “inişallah müharibə olacaq və biz mütləq qalib gələcəyik” deyirdi. Çox vətənpərvər idi.

Camalla son telefon danışığımız oktyabrın 18-də axşamüstü oldu. Əhvalı çox yaxşı idi. Bir-bir hamını soruşdu. Hər dəfə Camal zəng edəndə nəsə alıb bişirər, qonşulara paylayardım. Ona bu barədə deyəndə gülümsədi, dedi, narahat olma, az qalıb. O qədər sevindim ki... Sən demə, son sevincim imiş...

Oktyabrın 19-da zəng etmədi. Düşündüm ki, yəqin vacib tapşırıq icra etdiyindən zəng vurmağa imkanı olmayıb. Oktyabrın 20-də yenə zəng olmadı. Oktyabrın 21-i mənim doğum günümdür. Fikirləşdim ki, harada olsa bu gün mütləq zəng vurub məni təbrik edəcək. Vətən müharibəsində iştirak edən kiçik oğlum Ülvi səhər tezdən zəng edib məni təbrik etdi. Camalın zəng vurub-vurmadığını soruşdu. Üç gündür ondan xəbərsiz olduğumu dedim. Dedi darıxma, zəng edər. Həmin gün axşamadək gözlədim, zəng gəlmədi. Axşam namazından sonra qapımız döyüldü. Ən çox ehtiyat etdiyim dəhşətli və bəd xəbəri biz də aldıq... Camal doğum günümü öz şəhadəti ilə “təbrik etdi”. Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı...”

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılov Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin, Qırmızı Bazarın azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Ana danışdı ki, Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstəriblər. Camal İsmayılov və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salıblar...

Qeyd edək ki, Camal İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Camal İsmayılovun anası Filarə ananın göz yaşından, nisgil və həsrətdən cilalanmış ağrı-acı dolu müsahibəsində balasının igidliyi ilə qürur duyan qəhrəman ananın səsini duyduq. Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovanın və kollektivin ananı ziyarət etməsi, Vətən Müharibəsi Qəhrəmanının ruhu, nəfəsi çökən evə, ocağa qonaq olması ananın ürəyinə bir təsəlli oldu. Ana ilə sağollaşıb Bakıya üz tutduq, arxamızda gözü yaşlı, amma qürurlu bir ana qoyub gəldik, o ana qəhrəman Camalın məğrur anasıdır...

İradə SARIYEVA
Neftaçala-Bakı

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı