hemle

Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi

Tarix:Bu gün, 10:18
Baxış Sayı:445



Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İki ölkənin ortaq tərəfləri – ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə, siyasi-iqtisadi münasibətlər sistemi, strateji üstünlükləri və keçmişdən günümüzə qədər uzanan əlaqələri kifayət qədər genişdir. 1992-ci ildə Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulmasından sonra ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edib. Lakin iki ölkənin əlaqələrinin tarixi daha uzağa gedir.

To Lam da Bakıda mətbuata açıqlaması zamanı bildirib ki, “ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı”.

Ho Şi Min: Fransa işğalına qarşı mübarizənin qalibini Azərbaycanla nə bağlayırdı?

Ho Şi Min

Vyetnam Fransanın qanlı kolonizm tarixinin ən qaranlıq səhifələrindən biridir. XIX əsrin ortalarından etibarən – 1858-ci ildə Vyetnamda strateji limanları ələ keçirən Fransanın müstəmləkə dövrü də başladı. 1887-ci ildə Vyetnam, Laos və Kambocanın daxil olduğu Fransız Hind-Çin artıq qurulmuşdu. Bununla Vyetnam tarixinin ən qaranlıq və əzablı dövrü başladı. Ölkənin bütün yeraltı və yerüstü sərvətləri fransızların monopoliyasında idi. Vyetnamda böyük plantasiyalar quran, əslində ölkəyə plantasiya olaraq baxan Fransa uşaqlar da daxil olmaqla vyetnamlıları qul əməyi ilə işlədir, ölkənin sərvətlərini talayırdı. Ağır iş nəticəsində yerli xalqın ölüm nisbəti 30 faizə qədər artmışdı. Ölüm halları da ac-susuz işləmək, xəstəlik və ağır işgəncələrə görə artırdı. Fransa Vyetnamı müstəmləkədə saxladığı dövrdə yerli xalqın dilini, mədəniyyətini, adət-ənənələrini də qadağan etmiş, tamamilə assimiliyasiya siyasəti yürüdürdü. İstənilən müqavimətin cəzası ölüm idi: kütləvi edamlar, yaşayış yerlərinin darmadağın edilməsi və digər dəhşətli cəza növləri adi hala çevrilmişdi. I Dünya müharibəsində Fransa 100 mindən çox vyetnamlını məcburi şəkildə hərbi xidmətə cəlb etdi, 30 mindən çox insan bu müharibədə öldü. Ümumilikdə Fransa 1872-1954-cü illərdə Vyetnamda yarım milyondan çox insanı qətlə yetirib.

“Maison Centrale” muzeyi Vyetnamda Fransa müstəmləkəsinin dəhşətini günümüzdə nümayiş etdirən və tarixin unudulmasına imkan verməyən əsas mərkəzlərdən biridir. “Maison Centrale” Fransız işğalçıların Vyetnamda müqavimət göstərən fəalları saxladığı həbsxana olub. Bu həbsxanada heç bir xidmət mövcud olmayıb, nə tibbi personal, nə qida rasionu. Əsas yemək çirkli düyüdən ibarət olub. Bu həbsxana vyetnamlıların müstəmləkəçilərə qarşı dözümlülüyünün və mübarizəsinin simvoluna çevrilib. İşğalçılara qarşı mübarizə də buradan başladı. XX əsrin əvvəllərində Vyetnam xalqı işğalçı Fransaya müqaviməti genişləndirdi. Ho Şi Minin liderliyi ilə başlanan mübarizə nəhayət 1954-cü ildə Fransanın məğlubiyyəti və Vyetnamın azadlığı ilə yekunlaşdı.

“Maison Centrale” muzeyi

Ho Şi Min 1959-cu ildə Vyetnam prezidenti kimi SSRİ-yə səfər edəndə ölkəsindəki neft yataqlarının kəşfiyyatı və işlənməsinə dair axtarışları onu Bakıya gətirdi. Onun Bakıya gəlişi Vyetnamın neft-qaz sənayesinin tarixində həlledici rol oynadı. Azərbaycan və Vyetnam xalqları arasındakı əlaqələr də buradan başlanır. Azərbaycan neftçilərinin Vyetnamdakı fəaliyyəti bu ölkənin enerji resurslarının istismarına mühüm töhfə vermişdi.

Ho Şi Min Bakıda neft buruqları ilə tanış olur

1981-ci ildə SSRİ və Vyetnam “Vietsovpetro” birgə müəssisəsini yaratdı. Bu qurumun missiyası Vyetnamın neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsini həyata keçirmək idi. Azərbaycan neftçiləri də bu qurumun çatısı altında Vyetnamın tarixində və gələcəyinin qurulmasında yaxından iştirak edib. Ümumilli lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 1983-cü ildə Vyetnama səfəri isə həm SSRİ-Vyetnam münasibətlərinin inkişafına təkan verdi, həm də azərbaycanlılar və veyetnamlılar arasında dərin bağlar yaratdı. Fransa işğalı və ABŞ-la qanlı müharibədən sonra Heydər Əliyev Vyetnama yeni həyat gətirirdi.

Ümumilli lider Heydər Əliyevin Vyetnama səfəri

Ulu öndər həmin vaxt SSRİ rəhbərliyində təmsil olunan şəxs kimi Vyetnama səfər etmişdi, lakin bu səfər Azərbaycan və Vyetnam xalqlarını daha da yaxınlaşdırdı və bu günümüzə qədər gəlib çıxan dostluğun təməlini atdı.

Azərbaycanın Vyetnamın tarixində, qurulmasında və inkişafındakı rolu həm də təhsil sektorunu əhatə edir. Sovet dövründə beş mindən çox tələbə məhz Azərbaycanda neft sahəsi üzrə təhsil alıb. Bu tələblər ölkələrinə qayıtdıqdan sonra Vyetnamın idarəçiliyində mühüm yer tutdular. Onlar arasında nazirlər, nazir müavinləri, deputatlar, vitse-spikerlər, hərbçilər, bir sözlə siyasi, iqtisadi və hərbi rəhbərlikdə təmsil olunanlar da var. Belə demək mümkünsə, Azərbaycan Vyetnamın milli-siyasi elitasının formalaşmasında mühüm rol oynayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bundan sonra iki ölkə arasında bütün sferalarda sıx əməkdaşlıq yaranıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verib.

Azərbaycan və Vyetnam arasındakı əlaqələr genişspektirlidir, siyasi və iqtisadi münasibətlərdən tutmuş, mədəni əlaqələrə qədər. Misal üçün, Bakıda təhsl alan vyetnamlı məzunlar səfirliyimizin dəstəyi ilə Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasını yaradıblar. Maraqlıdır ki, vyetnamlı məzunlar Azərbaycanı ikinci vətənləri hesab edir. Bunlar iki ölkənin və iki xalqın dərin bağlara sahib olduğunu isbat edən amillərdir.

İki xalqın – azərbaycanlılar və vyetnamlıların tarixində oxşarlıqlardan biri də məhz xarici təcavüzə məruz qalmaları, soyqırımılar, qətliamlarla üzləşməsi, işğalla qarşılaşmasıdır. Lakin hər iki xalq mübarizədən çəkinməyərək, müstəqilliklərini və ərazi bütövlüklərini bərpa edə bilib. Vyetnam əsrlərlə davam edən Fransa işğalına son qoydu və ABŞ-la qanlı müharibədən sağ çıxa bildi. Azərbaycan da 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edərək, adını XXI əsrdə müharibənin qalibi olaraq tarixə yazdırdı.

Azərbaycanla Vyetnamın əməkdaşlığı müxtəlif sektorlarla yanaşı, müxtəlif platformalarda da yüksək səviyyədədir. Misal üçün, Qoşulmama Hərəkatı, BMT strukturları, AQƏM (Avropa Qonşuluq və Əməkdaşlıq Mexanizmi) və digər təşkilatlarda daim qarşılıqlı dəstək verilib.

Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıda verdiyi mesajlar əməkdaşlıq perspektivlərini daha da gücləndirir. Liderlərin mətbuata açıqlamaları bu kontekstdə “yol xəritəsi” kimi qiymətləndirilə bilər.

- Enerji sektorunda əməkdaşlıq, o cümlədən, qarşılıqlı investisiya qoyuluşu;
- İki ölkə arasındakı ticarət dövriyyəsinin neftdən asılılığını aradan qaldırmaq, bu sahədə balans yaratmaq;
- İki ölkə qarşılıqlı şəkildə bərpaolunan enerji sektoruna investisiya yatırmaq;
- Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə müəssisələrin yaradılması;

Azərbaycan və Vyetnam arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı münasibətlərdə yeni mərhələni açır. Prezident İlham Əliyev bəyan etdi ki, bu, çox ciddi siyasi sənəddir: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam isə Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün təkliflərlə çıxış edib.

- Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında fəal əlaqələr;
- Hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq, əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq;
- Müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmaq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirmək;
- Mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirmək;
- Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmaq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləmək;

Azərbaycan-Vyetnam xəttində ən önəmli məqamlardan biri də hər iki ölkənin nəqliyyat dəhlizi potensialına malik olmasıdır. Bu əlaqələrin inkişaf etdirilməsi Azərbaycanı Cənub-Şərqi Asiya bazarına çıxardığı kimi, Vyetnamın da üzünə Avropa da daxil olmaqla yeni bazarlar açılır. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri bu perspektivləri gücləndirir.

İki ölkənin tarixi bağları və əməkdaşlıq potensialı, xüsusilə Bakıda imzalanan sənədlər və liderlərin bəyanatları Azərbaycan-Vyetnam xəttində yeni mərhələnin başlanmasından xəbər verir. Bu münasibətlər hər iki ölkəyə və xalqa böyük dvidentlər qazandıracaq.

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...