Nurəddin Ağayev: “Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib, gecə ikən onun “plakatından” tutub öldü”
Qaməti bükülüb yükü həsrətdi
Gözündə yaş qalıb, qəlbində acı...
O şəhid atası, o bir qəhrəman
Oğlunun məqamı ucadan uca...
Oğul dağı belini bükdü, çəkdiyi acılar ürəyində qanlı bir yara açdı, gecəsi-gündüzünə qarışdı, yuxusu ərşə çəkildi, ahı dağları dəldi şəhid atasının...
Biləsuvar rayonun Günəşli kəndindən olan Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Ağayev Salehin atası Nurəddin Ağayevdən danışırıq. O atadan ki, iki oğlu Vətən müharibəsində düşmənlərimizə qarşı döyüşüb, Dəyanət evə sağ-salmat qayıtsa da, Salehin tabutu gəlib. Bundan sonra Ağayevlər ailəsinin müsibətləri başlayıb.
Biz Nurəddin Ağayevlə martın 15-də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində həmsöhbət olduq.
Göz yaşlarını yağış kimi ələyən, oğlu barədə qəhərlənə-qəhərlənə danışan Nurəddin dayı söhbətimizin əvvəlində bildirdi ki, Salehin Vətən uğurunda şəhid olması ilə qürur duyur və belə bir oğlun atası olması ilə fəxr edir.
Ata bildirdi ki, oğlu Saleh Ağayev Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən Xocavənddə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. “Oğlum Saleh Ağayev 1992-ci ildə anadan olub. Ordumuzun kiçik giziri idi. Aprel döyüşlərində də iştirak etdi. 2017-ci ildə Cocuq Mərcanlıda yaralandı. Həmin vaxt mənə zəng gəldi və bildirildi ki, oğlunuz “Papanin” hərbi hospitalındadır. Təcili olaraq Bakıya oğlumun yanına getdim. Üzünə o qədər qəlpə dəymişdi ki, üzü tamamilə şişmişdi, hətta məni tanımadı. Məndən əvvəl Ali Baş Komandanımız İlham Əliyev hospitalda ona baş çəkmişdi və gül gətirmişdi. İlham Əliyevlə oğlum Salehin bir yerdə şəkli var. General-leytenant Hikmət Mirzəyev mənim doğma xalam oğludur.
Oğlum mənimlə görüşəndə danışa bilmədik, çünki ağır yaralı olduğu üçün danışa bilmədi. Füzulinin Əbdürrəhmanlı kəndində xidmət edirdi, komandir idi, 37 əsgəri vardı. 2020-ci ilin oktyabr ayının 11-i idi. Gecə mənə zəng vurub soruşdu ki, ata, Qədr surəsinin namazını qılırsan? Dedim bala, mən onu bilmirəm axı. Dedi ata, o günahları bağışlayır, o namazı qıl. Mənim oğlum ürəyi təmiz, imanlı, ağıllı bir oğıl olub”-deyə ata bildirdi.
“Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi”
N.Ağayev onu da dedi ki, müharibə başlayanda digər oğlu Dəyanət də başqa Biləsuvar igidləri kimi könüllü olaraq müharibəyə gedib. Dəyanət də ön cəbhədə qəhrəmanlıqla vuruşan qardaşı Saleh kimi Vətənin dar günündə evdə oturmağı özünə sığışdırmayıb. Ata bildirdi ki, Dəyanət müharibəyə könüllü getdiyini ondan gizlədib. “Gəlib dedi ki, ata, mənə 10 manat ver, işim var. Mən ona pul verəndən sonra dedi ki, ata, mənə halallıq ver müharibəyə gedirəm. İndi Dəyanətin 26 yaşı var, yanğınsöndürən işləyir, evlənməyib, subaydı. Dəyanət müharibədə yaralandı, mənə zəng vurub dedilər ki, oğlun yaralanıb Füzulidə hospitaldadır. Hospitala getdim. Koronavirus vaxtı idi, Dəyanətlə görüşdüm, çox əziyyət çəkmişdi, üç gün suyun içində qalmışdı, yarpaq yemişdi, amma ermənilərə təslim olmamışdı, yaralı döyüş yoldaşını ermənilərin arasından çıxarıb gətirmişdi. O oğlan da Biləsuvardan idi.
Saleh isə şəhid olanda 28 yaşı vardı, evləndirmişdim, amma övladı olmadı, özündən bir nişanə qalmadı. Oktyabrın 11-də Salehlə danışdım, oktyabrın 12-də isə onun şəhid xəbəri gəldi.
Saleh Cocuq Mərcanlının azad olunmasında da iştirak etmişdi, o orada da, Vətən müharibəsində də kiçik sanitar kimi yaralılara kömək edirdi. Salehin necə şəhid olduğunu mayor rütbəli komandiri mənə danışdı. Dedi ki, meşədə ağır yaralıya tibbi yardıma gedərkən düşmən syaperindən atılan atəş nəticəsində yaralanıb, çox qan itirib və şəhid olub. Oktyabrın 12-də
Biləsuvar rayonu Günəşli kənd qəbiristanlığında dəfn edildik, dəfnə icra başçısı Faiq Qürbətov da gəldi, rayonun başqa tanınmış insanları da. Oğlum
ölkəmizin ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində böyük igidliklə döyüşüb... Salehin dəfnindən iki gün sonra, oktyabrın 14-də gecə namaz qılırdım, mənə zəng vurub “həyat yoldaşın haradadır” deyə soruşdular. Dedim ki, otağında yatıb. Dedilər ki, otağında yatmayıb, oğlunun “plakatından” tutub ölüb. Yoldaşımın adı Nəzakət idi. Həyat yoldaşım Salehin şəhid olmasına dözə bilməyib gecə ikən onun “plakatından” tutub öldü. Bu gün tənha qalmışam. Gözüm yolda, qulağım səsdədir...”
Oğlunun şəhid olduqdan sonra 11 medalla təltif edildiyini deyən ata bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" və başqa medallarla təltif edilib.
Nəzakət ana böyük oğlunun şəhidliyinə dözə bilməyib və balasının şəklinə sarılıb canını Allaha təslim edib, övladına qovuşub, ruhunu onun ruhuna qatıb. Hər gün boyunu sevib oxşadığı balasının torpağını, məzarını əzizləməyi özünə az bilib ana, ona görə də torpağını balasının torpağına qatıb. Analar şəhid oğullarını qara torpağın altında tək qoymamaq üçün torpağın qoynuna köçürlər. Atalar da boynubükük, qəlbi qırıq, qaməti əyilmiş qalır bu dünyada. Nurəddin ata deyir ki, oğlundan sonra həyat yoldaşının onu tərk etməsi sözün həqiqi mənasında dərdinin üstünə daha böyük dərd qoyub, sinəsinə çalın-çarpaz dağ çəkib.
Mehriban, səmimi, halal çörəkli Nurəddin atanın yetişdirdiyi Saleh, Dəyanət kimi oğullar bu Vətəni canı, qanı hesabına qoruyan oğullar səfində yer alıb. Saleh canını Azərbaycana qurban verib, Dəyanət də mərdliklə, dəyanətlə döyüşüb, qazi kimi evinə dönüb. Nurəddin Ağayev həm bir şəhid, həm də bir qazi atasıdır. Bir gözü ağlayır, bir gözü gülür. Dəyanət onun gözünü güldürən övladdır, Saleh isə əbədi fəxr və qürur yeridir. Ata söhbətimizin sonunda Respublika Xatirə Kitabı Redaksiyasına şəhidlərimizin adlarını ədəbiləşdirməsinə görə minnətdarlıq etdiyini dedi: “Sağ olsunlar, bizim balaları yaddan çıxmağa qoymurlar. Biz gedəcəyik, amma şəhid balalarımız bu dünyada əbədi yaşayacaqlar. Mən bir şəhid atası kimi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət xanıma və bütün kollektivə təşəkkür edirəm ki, bizim övlatlarımızı yaşadırlar”.
Biləsuvar ən çox şəhid verən rayonlarımızdan biridir. Ora şəhidlər diyarıdır, igidlər oylağıdır. Orada Nurəddin dayı kimi atalar igid oğullar yetişdirib Vətənə qurban veriblər. Bu Vətənsə nə bu oğulları, nə də onları yetişdirən ata-anaları unudar.
İradə SARIYEVA
Biləsuvar-Bakı