Pərviz Eminov: “Təsəllimizdən biri də odur ki, oğlumun nəşi düşmən əlində qalmadı, 113 gündən sonra biz onu doğulduğu kənddə torpağa tapşırdıq”
Fevralın 19-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər” adlı kitabın I və II cildlərinin təqdimat mərasimi çərçivəsində tədbirdə iştirak edən bir neçə şəhidin valideynindən övladları ilə bağlı müsahiblələr götürdük.
Budəfəki müsahibimiz Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olan şəhid Nurlan Eminovun atası Pərviz Eminovdur.
“İdman nailiyyətlərinə baxmayaraq, o özünü hərbi sahədə görmək istəyirdi”
- Şəhid Nurlan Eminovun atası olmaqla fəxr edirəm (kövrəlir).
- Oğlunuz könüllü idi?
- Xeyr, MAXE (müddətdən artıq həqiqi hərbi xidmət). Nurlan 2000-ci il iyulun 2-də Kürdəmirin Ərəbqubalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə hərbi xidmətə yollansa da, hərbidə qalmaq istədi. Nurlan 2020-ci ildə tərxis olunsa da, yenidən ordu sıralarına qayıtdı. Müharibə başlayanda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Murovdağda xidmət edirdi.
- Hərbidə qalmaq istəyini necə qarşıladınız?
- Yaxşı qarşıladıq. Mən də bir ata kimi xeyir-dua verib dedim ki, oğul, əgər sən belə cəsarətlə vətənə xidmət etmək istəyirsənsə, Allah sənin işini avand eləsin. Hərbiçi olmaq onun ən böyük arzusu idi, mən də bu arzusunun qarşısını almadım.
- Yəqin hərbiçi olmaq uşaqlıq arzusu idi?
- Nurlan uşaqlıqdan yunan-Roma güləşi ilə məşğul olub, hətta rayon birinciliyində çempion adı da qazanıb, bir neçə dəfə yer tutub, medallar, diplomlar alıb. İdman nailiyyətlərinə baxmayaraq, o özünü hərbi sahədə görmək istəyirdi. Buna görə də müddətli həqiqi hərbi xidməti başa vurandan çox qısa müddət sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirdi. Yəni hərbidə qalıb qulluq etmək uşağımın ən böyük arzusu idi.
- Müharibənin ilk günündən döyüşüb?
- Bəli, müharibənin ilk günündən döyüş tapşırıqlarını yerinə yetirib.
- Sonuncu dəfə nə vaxt danışdınız? Nə dedi?
- Hər danışanda da “hər şey yaxşıdır, narahat olmayın” deyirdi. Oğlumla son dəfə 2020-ci ilin oktyabr ayının 2-də danışdıq. Bu dəfə səsi başqa cür gəlirdi, nisgil vardı sanki. Bəlkə də ürəyinə şəhid olcağı damıbmış. Səsi həyəcanlı olsa da, yenə də əhvalını pozmamağa, bizi nigaran qoymamağa çalışırdı. Sonuncu dəfə oktyabrın 2-də danışsaq da, uzun müddət ondan xəbər ala bilmədik. Bir neçə ay axtardıq, axtarış getdi. 113 gündən sonra Nurlanın nəşi tapıldı, bizə təhvil verildi.
- Harada dəfn edildi?
- 2021-ci ilin yanvar ayının 22-də nəşi tapılaraq bizə təhvil verildi. Yanvarın 23-də isə dəfn etdik. Bütün kənd camaatına oğlumun nəşini göstərdim, dedim ay camaat, bu mənim oğlumun nəşidir...
- Niyə belə etdiniz?
- Bəzən tabut açılmayanda camaat başqa şeylər danışır...
- Oğlunuz necə şəhid olub?
- Dəfndən sonra öyrəndik ki, Nurlan son danışığının səhəri günü, yəni oktyabrın 3-də Kəlbəcər istiqamətində, daha dəqiq desək, Goranboyun Buzluq kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. Döyüşlər zamanı yaxınlığına düşən minaatan mərmisindən çıxan qəlpənin döş qəfəsinə tuş gəlməsi ilə şəhadətə yüksəlib. Sonuncu dəfə telefonla bacısı ilə danışanda deyib ki, ola bilsin, danışa bilmədik. Müharibədə oğlum düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Çox vətənpərvər övlad idi. Hey deyirdi ki, mən torpaqlarımızı azad edəcəyəm, dediyinə də əməl etdi. Oğlum sözünün üstündə durdu və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid oldu.
- Təsəlliniz nədir?
- Təsəllimiz odur ki, övladlarımız unudulmur. Oğlum ölkə başçısının müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün - Tarixi zəfər kitabında da Nurlan haqda məlumat var, onun haqqında veriliş də çəkilib, yazılar da yazılıb. Bu bizə böyük təsəllidir. Təsəllimizdən biri də odur ki, oğlumun nəşi düşmən əlində qalmadı, 113 gündən sonra biz onu doğulduğu kənddə torpağa tapşırdıq.
İradə SARIYEVA