Yusif Vəli oğlu Mirzəyev
Bəzən istəsək belə aramızda yaşayan, oyun yoldaşımız olan birisinin, atamızın, qardaşımızın, məqamı çatınca şəhid olması üçün doğulduğunun fərqində ola bilmirik. Yaşamaq və şəhid olmaq üçün doğulan insanlaın arasında sadə və işıqlı bir fərq var. Kimisi özünü sevəcək qədər kiçik, kimisi isə vətəni sevəcək qədər böyük qəlblə doğulur dünyaya.
Könlümüzdə bəslədiyimiz, duyğularımızın diktəsi ilə formalaşn “mən” in qərarı çox zaman cəmiyyətin yaratdığı "mən”in izlərindən daha dərin və qəti olur. Göy üzünü yaran ildırımın alovlu çizgiləri kimi gözlənilmədən doğur şəhidlər! Həmişə, hər zaman gördüyümüz, cəsarətinin, vətən eşqinin, cəngavərliyinin fərqinə varmadığımız, əlindən tutduğumuz, çiyninə söykəndiyimiz birinin Şəhid olması bizi tarixin şahidlərinə çevirir.
Şəhidlik məqamı söylədiyimiz kimi ən uca, əlçatmaz! Qibtə olunacaq qədər şərəfli!
Amma... analar nə qədər güçlü, övladalrı üçün fədakar və cəsarətli olsalar da...
Heç bir ana övladına şəhidlik məqamının çin olmasını arzulamaz!
Heç bir ana özünü Şəhid Anası olmaq məqamına yetişəcək qədər güçlü sanmaz!
Amma oldu... sıralar uzun, adlar çoxlu, məqam eyni..
Şəhid Anası... o demək ki, ağlamaqdan, üzgünlükdən çoxdan keçib yol, kədərin, qəhərin içində buraxıb dünyalarını bu analar!..
Başladığı yolun geri dönüşü yox idi. Qarşıda bir zirvə var idi -Şəhidlik zirvəsi. Məqamı çatanda yol o zirvəyə dirmanır. Amma addımları titrəmədi, qətiyyəti sarsılmadı. Yolu sona qədər gedəcəyinə əmin idi və getdi. Beləcə Azərbaycanın Şərəf salnaməsində daha bir şəhid qəhrəmanın-Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin adı əbədilik həkk olundu...
Yusif Mirzəyev haqqında yazarkən kəlmələri birər-birər şeçdim. Haqqında araşdırma apararkən kövrəldim, bəzən yanaqlarımı sürəkli çənəmə doğru sıyıraraq cəsarətindən, vətəndaşlığından heyrətləndim, qürur duydum. Bəzən də içdən hıçqıraraq ağladım. Heyrət və təssüf hissi qarışıq bir yola çıxdım. İlk başdan sona qədər qulağımda səslənən marşın sözləri........ Möhkəm dayan! əmrində tamamlanaraq məni də mətn etdi, dözümlü və möhkəm olmağı öyrətdi və davam etdim...
Müharibə hələ başlamayıb. Hələ talanlar yoxdu Qarabağda həyat öz axarında. Kimilər bu axarın içində etirazsiz, etinasız axıb gedər , kimilər də axının istiqamətini dəyişməyə çalışar.
Yusif Mirzəyev Azərbaycan tarixində başlanan yeni mərhələnin üz qabığına çevrilən “Meydan hərəkatında” öz sözünü deyən, fikir və təklifləri, tələb və mübarizliyi ilə xalqın yaddaşına köçən simalardan biri idi. Məqsədi , yolu, mənzili bir istəyə köklənmişdi-azadlıq əldə etmək! Elə azadlıq ki, heç bir qüvvə onun üzərinə kölgə salmasın, hec bir qara niyyət onun sıxışdırmasın. Mənim, bizim olan nə varsa bizim iradəmizdə, ixtiyarımızda olsun.
Özünə aid olan kiçik dünyasında, şəxsi həyatında bütün cizgilər və rənglər yerindəykən Yusif özünü bu mübarizənin içinə atdı. Azadlığı, düzəni tək özü üçün yox, həm də ölkəsi xalqı üçün istəyirdi Yusif...
Şəhidi ilə fəxr etməyin nə demək olduğunu danışanda səsi titrəyən bacılar, baxışları hara baxsa sınıb torpağa düşən qardaşlar, birdə bir ömür boyu yanan valideynlər bilər. Şəhidi ilə fəxr etmək hər gün hər an eyni ağrı ilə yaşamaq deməkdir.
Mirzəyev Yusif Vəli oğlu 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində doğulub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında işə düzəlir Yusif. Eyni zamanda ali təhsil almaq üçün ard-arda Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna dəfələrələ imtahan verir (indiki Bakı Dövlət İqtisad Universiteti).Lakin hərə dəfə kəsilir. Nəhayət qəbul olunur. Yusifin inadkarlığı onu bu məqsədinə də çatdırır. 1984-cü ildə Yusif sevib-seçdiyi bir qızla ailə həyatı qurur. Bu evlilikdən Yusifun bir qızı dünyaya gəlir. 1987-ci ildə institutun mühasibat uçotu fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir. 1988-ci ildə başlanan Xalq Hərakatına qoşulur. 1990-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir. Lakin bu işgəncələr Y.Mirzəyevi sındırmır, əksinə, daha da mətinləşdirir. Yusifin növbəti qətiyyətli qərarını çox sevdiyi anasından gizli verir. Bu barədə o ilk dəfə bacısı Nailəyə məlumat verir. O, 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanır. Az müddət keçdikdən sonra Yusifin anası bundan xəbər tutur. Qəhrəman oğulun anası da qəhrəman olar. Yusifin anası birbaşa cəbhəyə gedir. Bir ananın cəbhə bölgəsində dolaşdığını Yusifə məlumat verirlər. Yusif dərhal bilir ki, bu onun anasıdır. O, nisbətən təhlükəsiz zonaya geri qayıdır. Burada ana-balanın son və ən unudulmaz görüşlərindən biri olur.
Yusif Mirzəyevin ilk döyüşü Ağdərə-Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. O, briqada komandirinin təchizat üzrə müavini təyin edilir. Y.Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif Ağdərəni tərk eləmir. Elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür. Gecələr şəhərin hər yerində işıqları yandıraraq Ağdərənin yenidən ermənilər tərəfində tutulmasının qarşısını alır. Səyyar radiostansiya ilə Ağdərəyə 150-200 nəfərlik yemək sifariş verir.
Yusifin böyrəklərindəki xəstəlik getdikcə şiddətlənir. Nəhayət onu bir müddət müalicə almağa razı sala bilirlər. Hospitalda həkimi, şair Şahin Musa oğlu onun vəziyyəti ilə yaxından maraqlanır . Əskərlərimiz üçün yazdığı marşı ilk dəfə Yusifə oxuyur. Yusif marşın sözlərini çox bəyənir və təklif edirki onu eyni palatada müalicə aldığı Şəmistan Əlizamanlı ifa etsin. Şəmistan Əlizamanlı razılaşır və əlavə edir ki, bu marşı Yusifə həsr edəcək. Beləcə qəhrəmanlıq və vətənpərvərlik haqqında ən gözəl marşlardan biri-“İgid əsgər” yaranır.
Cəbhədə baş verən hadisələr onu hər an narahat edir və günlərin birində Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır. Ağdərədə 17 kəndin alınmasında onun müstəsna xidmətləri olmuşdur. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır. O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olur.Yusifin nəşi doğma yurdu Naxçıvana aparılır. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında canından artıq sevdiyi torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yusifin adı onu tanıyanların, döyüş yoldaşlarının, Azərbasycan xalqının xatirəsindən heç zaman silinməyəcək. Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən etibarən qəhrəmanın adını daşıyır, məktəbin qarşısında qəhrəmanın büstü qoyulmuşdur.
Sara Şıxlı