Xalq olaraq yaranışdan qanımızda, ruhumuzda fədakarlıq əhvalı var. Müqəddəs sandığımızı qorumaq əzmi əbədi eşq kimi sarar qəlbimizi. Və biz hər zaman bizi AZƏRBAYCANLILAŞDIRAN fədakarlıqla bəşəriyyət üzərində ölməz bir AZƏRBAYCAN FÖVQÜ yarada bilmişik. Oğlunu şəhid olmağa göndərən Ana kimi...Yaralanan döyüş yoldaşını çiynində daşıyan əsgər kimi... Şəhidini kürəyində Şuşa qalasına qaldıran qəhrəman kimi... Gözlərində yuva quran kədərini qürurla daşıyan atasız, qardaşsız, yarsız-yoldaşsız, oğulsuz qalan minləlrə azərbaycanlı kimi. Şəhid oğulların Şəhid anaları kimi...
Həyat bəzən kiçik təsadüflərlə maraqlı olur. Bəzən də həyat büsbütün təsadüf kimi xatirələrə köçür... Qarabağ qəhrəmanlıq müharibəsinin əhidlərindən biri də Ziyadov Mehdi Bəhram oğludur. Ziyadov Mehdi Bəhram oğlu 1964-cü il dekabrın 10-da Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. Mehdi 1982-ci ildə Qıpçaq kənd orta məktəbini bitirdikdən sonra kənddə M. Məmmədov adına sovxozda fəhlə işləmişdir. 1985-ci ildə Moldovada hərbi xidmətdən qayıdıb Bakıda texniki peşə məktəbində mebel ustası peşəsinə yiyələnmiş, Mingəçevirdə məişət xidməti kombinatında əmək fəaliyyətinə başlamışdır. Ermənistanın ölkəmizə qəfil və namərd hücumu Mehdini də rahat buraxmırdı. Yaşadığı balaca kənd
Qarabağdan uzaqda olsa da, onun ruhu, qəlbi artıq çoxdan döyüş meydanında idi. Narahat gecələr, fikirli günlər davam edirdi. Hərdən kəndə gələn
Mehdinin əhvalındakı pəjmürdəlik atası Bəhram kişinin diqqətindən yayınmırdi. Və günlərin birində - 1992-ci ilin martın 13-də Mingəçevir Hərbi Komissarlığında ehtiyatda olan hərbi qulluqçuların toplantısı keçirilərkən Mehdi könüllü olaraq Milli Ordu sıralarına getmək istədiyini bildirir. Nəhayət o, döyüşlərə qatılır və tez bir zamanda Goranboy rayonunun Erkəç, Gülüstan, Buzluq və sair kəndlərinin düşməndən təmizlənməsində iştirak edir. Mehdinin döyüşkən ruhu ətrafındakı əsgər yoldaşlarına da sirayət edir. Onlar hər qarış topraq uğrunda daha əzm və rəşadətlə döyüşə atılırdılar.
1 iyul 1992-ci ildə Füzuli rayonunun Veysəlli kəndində baş vermiş döyüş Mehdinin həyatında son döyüş olaraq qalır. Əsgərlərimizin mühasirədən çıxarılmasına böyük kömək göstərən, düşmənin 1 ədəd PDM-ni və 40-dək canlı qüvvəsini məhv edən qəhrəman əsgər bu şanlı döyüşdə özü də həlak olur. Lakin döyüş yoldaşlarının qəlbində əbədiyyətə köçür... Mehdi Ziyadov döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra “Hərbi xidmətlərə görə“ medalı ilə təltif olunub.Mehdi Ziyadov Qax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qıpçaq kənd tam orta məktəbi şəhid Mehdi Ziyadovun şərəfli adını daşıyır. Şəhidlər ölməz, Vətən bölünməz! ÜRƏKLƏRDƏ ƏBƏDI YAŞAYAN ŞƏHID QƏHRƏMAN
Səhər