Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tədricən nizamlanması ilə bağlı açıqlaması, Ermənistanın daxili siyasi diskurslarında da problemlər yaratmağa davam edir. Ermənistan Xarici İşlər Naziri erməni mövqelərinin güclü olduğuna inandırmağa çalışsa da, bu o qədər də uğurlu alınmır.
Lavrovun açıqlamalarının ardınca Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov yenidən açıqlama verdi. Həmin müsahibə zamanı Elmar Məmmədyarov yalnız mərhələli nizamlama prosesi haqqında deyil, həm də Azərbaycanın müharibə etmə hüququ barədə danışdı.
“Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqları dəstəkləyir və həmişə sülh yolu ilə həll olunma imkanları görünənədək danışıqları davam etdirəcəyimizi bildirmişik. Bununla yanaşı, həm dövlətimizin ali qanunu, həm də beynəlxalq hüquq nəzərə alınmaqla Azərbaycanın BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyasının və BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsində təsbit edilmiş beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququna sahibdir”, - deyə Məmmədyarov bildirib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov da öz növbəsində mayın 2-də Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı ilə görüş keçirərək, düşmənin təxribat addımlarının şiddətlənməsi səbəbindən hərbi əməliyyatların yenidən başlama ehtimalının kəskin artdığını bildirib.
Rusiyalı hərbi analitik Vladimir Yevseyev baş verənlərin Dağlıq Qarabağ münaqişəsi zonasında nə dərəcədə əks oluna biləcəyini şərh etməyə çalışıb.
Onun sözlərinə görə, danışıqlar varsa, bu, münaqişəni hərbi yolla davam etdirmək planlarının ortadan qalxdığı demək deyil.
“Düşünürəm ki, bunlar mövcuddur və lazımi anda istifadə edilə bilər. İndi bunun nə dərəcədə yetişdiyini deyə bilmərəm, amma hesab edirəm ki, o qədər də uyğun bir məqam deyil. Rusiya Federasiyası həmsədrinin aktiv danışıqlar barədə açıqlamasından sonra tərəflərin də çoxsaylı açıqlamaları oldu. Bu açıqlamalar davam edən danışıqların nə dərəcədə əsaslı olmasına və qarşılıqlı razılıq əldə etməsi məsələsinə bir qədər aydınlıq gətirdi. Belə bir razılığın olmadığı qənaətinə gəlmək olar”, - rusiyalı deyə politoloq bildirib.
Onun sözlərinə görə, erməni tərəfinin ritorikasını daxili siyasi istehlak üçün nəzərdə tutulduğu diqqətə alınmalıdır, çünki hökumət öz strategiyasının uğur qazandığını, müharibənin yenidən başlama şansının çox az olduğunu göstərməyə çalışır:
“Ancaq müharibə təhlükəsi var. Bütün son açıqlamalar bunun belə olduğunu sübut edir və təmkinin ən təsirli mexanizmlərindən biri tərəflər arasında hərbi tarazlığın qalmasıdır”.
Öz növbəsində, Aleksandr Xramçıxin baş verənlərin yeni olmadığını, həmişə olduğunu bildirib.
“Hərbi xadimlər, generallar, Müdafiə nazirləri belə bir vəziyyətdə fikirlərini daha sərt bildirdikləri zaman başqa bir hal ortaya çıxır. Bu, onların işidir, onlar hərbi ritorikanı tamamlayırlar, diplomatın işi isə danışıqlar aparmaqdır və diplomatlar ümumiyyətlə danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdırlar. Buna görə düşünürəm ki, bu ritorika üçün xüsusi bir mərhələ yox, həmişə mövcud olan haldır, çünki heç bir razılaşma yoxdur. Azərbaycan üçün vacib olan ərazi bütövlüyüdür, Ermənistan üçün isə öz müqəddəratını təyinetmə hüququdur, bu ümumiyyətlə formalaşmış bir vəziyyətdir, başa düşürük, tərəflər bunlardan irəli gələn bir çox məsələdə razılığa gələ bilmirlər. Razılaşmanın nə vaxt əldə edilə biləcəyini və ya bu baş vermədikdə müharibə olacağını ehtimal etmək mümkünsüzdür. Razılaşma mümkün olmadığı üçün ikinci variantın ola biləcəyini düşünürəm”, - deyə Xramçıxin bildirib.
Alpər Mövludoğlu
Ordu.az