Bu şirkətin 215 yaşı var. 200 addan çox konditer məmulatları istehsal edən şirkət dünya bazarında da yaxşı tanınır. Dad və keyfiyyətə üstünlük verənlər seçimlərini məhz “Babayev Konditer Konserni”nin məhsulları arasında edirlər.
Maraqlıdır, konsernin adını daşıyan Babayev kimdir?
Əslində Babayevin konditer və qənnadı, ümumiyyətlə, yeyinti sənayesi sahəsi ilə heç bir bağlılığı olmayıb və o, bu şirkətin təsisçilərindən, yaradıcılarından da biri də deyil. Sadəcə, öz dövrünün tanınmış ictimai-siyasi xadimi kimi konsernə onun adını veriblər.
Pyotr Babayev əslən azərbaycanlıdır. Atası Akim (Həkim) Babayev 1880-ci illərdə çar rejiminə qarşı çıxdığına görə Şəki (Nuxa) bölgəsindən Rusiyaya, Ryazan quberniyasının Qasimov şəhərinə sürgün edilib və ömrünün sonuna qədər də bu şəhərdə yaşayıb. Elə bu şəhərdə də Lyubov Qriqoryeva ilə ailə həyatı qurub. Cütlüyün səkkiz övladı olub.
Ailənin ikinci övladı olan Pyotr Babayev 1883-cü ildə anadan olub. İlk təhsilini yerli gimnaziyada alıb. Ailənin maddi durumu ağır olduğundan Pyotr Babayev yeniyetməlik dövründən mexanika zavodunda usta köməkçisi kimi işləməyə başlayıb.
Pyotr Babayevin 18 yaşı tamam olanda Ryazanda iş tapmadığından Şimali Qafqaza üz tutub. O, bir müddət yük gəmisində qazanxanada fəhlə, daha sonra isə çilingər işləyib.
1903-cü ildə atası vəfat edəndə, Pyotr Babayev Ryazana qayıdıb və elə həmin ildə hərbi xidmətə çağrılıb. Gəmidə işlədiyi nəzərə alınaraq, onu Baltik donanmasına göndəriblər.
1905-ci ildə o, Rusiya sosial-demokrat fəhlə partiyasına daxil olub, donanmada fəal təbliğat işləri aparıb.
Siyasi fəaliyyətinə görə Pyotr Babayev bir neçə dəfə həbs olunub. Məhz elə həmin illərdə də ağır həbsxana şəraitində vərəm xəstəliyinə tutulub.
1912-ci ildə Babayev Moskvaya köçüb. Sokolniki rayonunda tramvay parkında çilingər işinə düzəlib. Siysi baxışlarına görə o, burada da polis nəzarəti altınada saxlanılıb.
1914-cü ildə I dünya müharibəsi başlananda Pyotr Babayev sıravi döyüşçü kimi üçüncü orduya göndərilib. 1916-cı ildə yaralandığına görə, onu cəbhədən uzaqlaşdıraraq Petroqradda hərbi zavodda işləməyə göndəriblər.
Pyotr Babayev Petroqarddakı siyasi fəaliyyəti mərkəzin diqqətindən yayınmayıb. Az müddət ərzində o, fəal inqilabçı kimi tanınıb.
1918-ci ildə Tambov quberniyasında əks-inqilabçılar fəallaşanda, vəziyyəti sabitlşdirmək Pyotr Babayevə həvalə edilib. Tambov quberniyası İcraiyyə Komitəsinin üzvü kimi işə başlayan Babayev iki aydan sonra Tambov şəhər Partiya Komitəsinin birinci katibi seçilib. Bir il bu vəzifədə işlədikdən sonra yenidən Moskvaya qayıdıb.
Moskvaya qayıtdıqdan sonra Babayev Sokolniki Partiya Komitəsinin birinci katibi və Sokolniki rayon sovetinin sədri vəzifəsinə seçilib.
İnqilabdan sonrakı sosial problemlərin çox olduğu bir dövrdə Pyotr Babayev bütün gücünü vətəndaşların rifahının yaxşılaşmasına sərf edib. Hər bir şəxsə fərdi yanaşması, problemlərinin minimum müddətə həll edə bilməsi onun nüfuzunu günbəgün artırıb.
Pyotr Babayev siyasi fəaliyyəti dövründə yuxarı instansiyalarla, Moskva rəhbərliyi ilə fikir mübadiləsi etməkdən, sözünü deməkdən çəkinməyib, iş prosesinə süni əngəlliklər yaradan məmurları tənqid etməkdən qorxmayıb.
Moskva şəhər fəallarının iclaslarında Pyotr Babayevin çıxış etməsi bir çox məmurlar üçün arzuolunmaz sayılıb. O, rəhbərlik etdiyi rayonun inkişafı, əhalisinin rifahı üçün əlindən gələni edib və mübarizliyi, gərgin fəaliyyəti sayəsində buna nail olmağı bacarıb.
Moskva rəhbərliyi yaxşı anlayıb ki, Pyotr Babayev Sokolnikidə böyük nüfuz sahibidir və onu da yaxşı anlayıblar ki, Babayevə qarşı yuxarılar tərəfindən atılan hər hansı bir xoşagəlməz addım siyasi etirazlara səbəb ola bilər, büdcə bölgüsündə bu rayonun haqqı kəsilsə, sosial partlayışla nəticələnər. Elə bu səbəbdən də Babayevin öz rayonu üçün etdiyi tələblər müzakirəsiz öz həllini tapıb.
Pyotr Babayev işlədiyi dövrdə insanlarla ünsiyyətə daha çox vaxt sərf edib. O, mütəmadi olaraq zavod və fabriklərdə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində kollektivlərlə görüşlər keçirib. Bu görüşlərdə sıravi insanlar birinci katiblə dost kimi ünsiyyət qurublar.
Pyotr Babayev o cümlədən Abrikosov qənnadı fabrikinin də ən sevimli qonaqlarından biri olub, bütün görüşlərdə kollektiv onu doğma adam kimi qəbul edib.
Bütün bu münasibətlər unudulmayıb. Gənc yaşlarında siyasi fəaliyyətənə görə həbs olunan və həbsxanada vərəm xəstəliyinə tutulan Pyotr Babayev səhhəti haqqında heç vaxt düşünməyib. 1920-ci ildə xəstəlik yenidən baş qaldırıb və Pyotr Babayevi həkimlər xilas edə bilməyiblər. 37 yaşında dünyasını dəyişən Pyotr Babayevin xatirəsini əbədiləşdirmək üçün təşəbbüskar kollektivlərdən biri də Abrikosov qənnadı fabrikinin kollektivi olub. Fabrikin ümumi yığıncağında fabrikə Pyotr Babayevin adının verilməsi haqqında çıxarılan qərar Moskva rəhbərliyinə göndərilib. Kollektivin qərarına müsbət cavab verilib. Beləliklə, biz bu günə qədər “Babayev Konditer Konserni”nin məhsullarının üzərində həmyerlimizin soyadını görürük…(minval.info)