hemle

"Düşmənin parlament üzvləri hərbçiləri divara dirəyib sual yağışına tutur, bizdə isə...

Tarix:1-05-2020, 00:08
Baxış Sayı:460

Napoleon Bonapartın belə bir fikri var: “Ölkəni qorumaq üçün hərbi qüvvələr kifayət etmir, xalqın qoruduğu ölkə isə məğlubedilməzdir”. Düşdüyümüz vəziyyətlə bağlı böyük sərkərdənin sözlərindəki acı həqiqəti illərdir yaxına buraxmaq istəməsəm də.., Qarabağ məğlubiyyətinin zamanı uzandıqca.., bu acı yandıra-yandıra özünə yer edir. Mən də bu xalqın nümayəndəsiyəm və istər Qarabağ uğruna savaşdığım döyüşləri də, bu gün isə döyüş olmadan Qarabağ naimnə gördüyüm işi də yetərsiz sayır, hətta elə bilirəm ki, məğlubiyyətin bütün günahları məndədir.

Bu gün neçə milyonuqsa dövlətimizin torpaqlarının işğal olunmasında və bu günədək azad olunmamasında hamımız günahkarıq. Yeddidən yetmişə olan heç kəs fikirləşməsin ki, günah onlardan əvvəlki və ya sonrakı nəsillərin üzərindədir. Bu öz yerində, amma bu gün də vətən torpaqları işğalda olduğundan böyüklü-kiçikli hər kəs özündə günah axtarmalıdır. Bu günahın əsas səbəblərindən birincisi odur ki, xalqın fəhləsindən tutmuş akademikinədək heç bir zümrəsi vətənin düşdüyü vəziyyətlə bağlı xüsusi narahatlıq keçirmir, narahat olanl az bir kəsim isə kimə və hara müraciət etməyə ünvan tapmır.

Ermənilər ötən il Aprel döyüşlərini təhqiq edən komissiya yaratdılar. Komissiyaya parlamentin bütün fraksiyalarının (!) nümayəndələri daxil edilmişdi. Məqsəd, o vaxtkı strukturların mümkün səhvlərini, çatışmazlıqlarını və ya hərəkətsizliyini aşkar etmək idi. Bir il ərzində bu işə məsul olan bütün vəzifəli şəxsləri komissiyaya hesabat verməyə çağırdılar və hər çağırılan keçmiş və indiki səlahiyyətli məmurlar mətbuatın iştirakı ilə sual yağışına tutuldular. O vaxtkı prezident Sarkisyan, müdafiə naziri Ohanyan, baş qərargah rəisi Davtyan da komissiyaya hesabat verdilər. Amma, şəxsən mənim üçün maraqlı olan, aprelin 27-də komissiyaya hesabat verən, 2016-cı ilin aprelində separatçı rejimin müdafiə naziri Levon Mnasakanyana verilən suallar və cavabları idi. Əvvəlki hesabat verənlərdən fərqli olaraq Levon Mnasakanyan indi də məsul vəzifədədir- separatçı Dağlıq Qarabağ rejiminin polis rəisi vəzifəsini icra edir. Verilən suallara detallarla cavab verəndən sonra o, nitqinə belə yekun vurdu: “Artsax müdafiə ordusu 2016-cı ilin aprel ayında ona verilən tapşırıqları yerinə yetirdi və qələbə qazandı”. Ermənilərin aprel döyüşlərini özləri üçün qələbə sayması yenilik deyil. Onlar Azərbaycan ordusunun dörd günlük hücumunun qarşısını almasını və Mnasakanyanın dediyinə görə yalnız 400 hektar torpaq sahəsi itirdiklərini qələbə hesab edirlər. Bu, hektar söhbətində bizdə də, ermənilərdə də müxtəlif rəqəmlər səslənib. Sarkisyan 800 hektar torpaq itkisindən, biz 2000 hektar torpağı azad etməyimizdən danışmışıq, Mnasakanyan isə məsələni bir az da kiçildib 400 hektar itkidən danışır. Bu “ hektar” söhbətinin heç xoşagələn təsir bağışlamadığı haqqında əvvəllər də yazmışam. Yaxşı olardı ki, hücum istiqamətində 300 hektarlıq bir yaşayış məntəqəsinin, kəndin azad edilməsi döyüşlər üçün minimum hədd olaydı, hələ demirəm ki, daha çox yaşayış yerlərini azad etmək zərurət idi.
Artsax polisinin müvəqqəti icra başçısı dörd gün ərzində 100 hərbçinin öldürülməsi ilə əlaqədar verilən sualı da təkzib etdi. Mnasakanyan vurğuladı ki,” aprelin 2-dən 5-dək Ermənistan tərəfində 100-dən çox qurban olmayıb - 75 ölü var, onlardan 35-i hərbi qulluqçudur”.

Düşmənin nə dərəcədə yalan və ya doğru danışdığının indiki vəziyyətimizdə şəxsən mənim üçün xüsusi əhəmiyyəti yoxdur. Qarabağ ermənidədir və belə olan halda düşmən tərəfdən itkinin sayının çox göstərilməsi bizim üstünlüyümüz, az göstərilməsi də düşmənin üstünlüyü sayıla bilməz. Əksinə, düşmən 400, 800, lap elə 2000 min hektar ərazidən ötrü çox itki veribsə.., deməli vuruşub. İkinci Dünya müharibəsindən yadımızda qalan məşhur “Brest qalası”, “Paşkovun evi” uğrunda gedən döyüşlərdə nə təbliğ olunurdu? Deyilmirdi ki, düşmən bizdən az adam öldürdü. Deyilirdi ki, bir qala uğruna, bir ev uğruna yüzlərlə can verildi, amma təslim olmadıq. Ona görə də biz söz qələbəsindən, rəqəm qələbəsindən, hektar qələbəsindən yox, vətən torpaqlarını düşmən işğalından necə tam azad etməkdən, QARABAĞ QƏLƏBƏSİNDƏN danışmalıyıq!

Yazdıqlarımın əsas məqsədi isə Mnasakanyanın dediklərinin doğru, ya yalan olmasını göstərmək deyil. Diqqət çəkən məsələ açıq şəkildə, bütün fraksiyalardan olan parlament üzvlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə sorğu-sual şəraitinin yaradılmasıdır. Bu şərait istənilən cəmiyyəti qismən rahatladır, çünki xalq vəziyyətin pis və ya yaxşı olması barədə hansısa məlumat əldə edir. Bizdə necədir? Düşmənin parlament üzvləri hərbçiləri divara dirəyib sual yağışına tutur, bizim parlamentdə isə, hesabat, sorğu-sual qalsın bir tərəfə, heç 18 ildir Qarabağ sözünü dilə gətirən yoxdur! 18 ildə Azərbaycan jurnalistləri sərbəst şəkildə nə müdafiə nazirindən, nə xarici işlər nazirindən və ya bu qurumların başqa səlahiyyətli şəxslərindən onları, eyni zamanda bütün cəmiyyəti maraqlandıran, daha doğrusu narahat edən suallara cavab ala bilməyiblər. Mətbuat üçün bu imkan yaradılmayıb. Nadir hallarda jurnalistlərlə görüşlər isə əvvəlcədən planlaşdırılmış və tutulmuş siyahı ilə, əvvəlcədən hazırlanmış ütülü suallar əsasında baş tutub. Hadisələr haqqında birbaşa işə cavabdeh olanlardan jurnalistin məlumat alması qeyri-mümkün olduğundan mətbuat nümayəndələri məcbur olublar ki, içi mən qarışıq hadisələrə faktoloji deyil, məntiq və proqnozla qiymət verənlərə üz tutsunlar. Bu məntiqlər, bu proqnozlar isə həqiqətin heç yarısını da əks etdirməyib. Qarabağı niyə azad edə bilmirik sualını vermək isə, hələ ki, son 20 ildə heç kimə nəsib olmayıb.

Beləliklə də, əlahəzrət XALQ susqunluğa, biganəliyə, laqeyidliyə alışdırıldığından faciə Napoleonun dediyi kimi bitir: “Xalqın qorumadığı ölkə məğlubiyyətə düçar olur”.

İlham İsmayıl

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər