hemle

Unudulmaz Xocalı dərdimiz!

Tarix:27-02-2023, 14:12
Baxış Sayı:184

İllər sürətlə ötüb gedir...
Artıq 31 il keçdi. Dünyanın rəngi, düzəni dəyişdi, insanlar dəyişdi, zaman dəyişdi, texnika əsri oldu, imperatorlar diz üstə çökdü, məzlumlar cihada çıxdı...
Qarabağda da HAQQ qismən öz yerini tutdu, Azərbaycanın şanlı ordusu torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, əlçatmaz Şuşa əlçatan oldu! Xəyallar reallığa çevrildi...
Amma, amma, çox təəssüf....
Xocalı yaramızın qanı hələ də qurumadı, qaysaqlamadı! Bu 31 ildə xalqımıza qarşı o təcavüzü xəfiflədən, təsirini azaldan dərman tapılmadı...
Dəfələrlə zorlanmış, sonra vəhşicəsinə öldürülmüş azyaşlı qızın, balası qarnından doğranaraq çıxarılan hamilə gəlinin, itlər tərəfindən parçalanaraq yeyilən körpə uşağın, oğlunun başının gözünün qabağında kəsilən atanın, tankın arxasına bağlanaraq dərələrdə, təpələrdə sürdürülərək tikələri daşlardan yığılan əsgərin anasının, tonqalda yanan atanın alovuna bağıraraq, çığıraraq haray qoparan qız balanın, ağ saçları al qana boyanmış ağbirçəyin, ağsaqqalın ruhu nə vaxt şad olacaqsa, o vaxt Xocalı dərdi xəfifləyəcək, azalacaq...
Mənim Xocalıdan bacı dediyim bir rəfiqəm var!
Ceyran Əzizova !
27 yaşı olarkən, Xocalı faciəsinin şahidi oldu, iki övladının atasını, ömür-gün yoldaşını, döyüşçü Vasif Məmmədovu itirdi. Xocalının girişində tikdirdiyi yeni evi, gəncliyi, gəlinliyi, xoşbəxt ailəsi, firavan günləri, gələcək xoş arzuları, planladığı həyatı bir gecənin içində xarabazara çevrildi, darmadağın oldu. Daşlara çırpılmış, cilik-cilik olmuş billur qaba bənzər bir tale... 31 ilin soyuq qış gecələrində, məşum fevralında, ilin 12 ayında cilik-cilik olmuş taleyinə ağı deyib ağlayan qadındı Ceyran!
O gecədən sonra 27 yaşlı gəlinin ürəyi qocaldı, ruhu yaşlandı, bir dəfə gəldiyi həyatı istədiyi kimi yaşamağı özünə haram elədi. Elə o gecədən sonra xoşbəxtliyini Vasiflə birlikdə Ağdam torpağına dəfn edib, boynunun borcunu yerinə yetirməyə qalxdı.
Vasifin 2 yadigarını böyütmək!
Namusla,-qeyrətlə İki atasız oğul böyüdüb, onlara tərbiyə verib, ev-eşik sahibi edib. Gözəldir deyilmi? Amma bir də bu gənc qadının kiprikləri ilə götürdüyü odu-közü düşünün, çarəsiz duruma düşəndə ürəyində keçənləri, köməyə harayladığının gəlmədiyinə yana-yana ağladığını, dünyadan xəbərsiz uşaqlarının eşitməməsi üçün hönkürtüsünü- hıçqırtısını qəhər edib boğazında düyünləməyini düşünün! Ceyran xanım bu fədakarlığının qarşısında heç vaxt Vasif Məmmədovun nə təşəkkürünü, nə nəvazişini, nə də pıçıltısını eşidə bilməyəcək! Halbuki, hər zaman o təşəkkürü Şəhid Vasifin özündən olmasa da, ruhundan gözləyib, gözləyir.
Ceyranı uzun illərdi tanıyıram!
Ceyran övladlarına ana da oldu, ata da oldu, qardaş, bacı, əmi-dayı da oldu. Bütün gücü, qüvvəsi ilə çalışdı-işlədi ki, uşaqları boynu bükük, "yetim-yesir" günündə görünməsin, atalılardan, arxalılardan "sınıq" olmasın.Bacardı da! Asif də, Rəvan da Şəhid Vasifin adına layiq bala oldular! Hətta Ceyran nənə də oldu...Hər sevincin içində bir kədər, hüzn, bir "boynuburuq"luq oldu...
Amma olmayan, heç vaxt baş tutmayacaq bir məqam da var...
Ceyran heç vaxt 26-27 yaşlı nazlı gəlin olmayacaq, səhər o başdan durub işə tələsən gənc və yaraşıqlı ərinə çay süfrəsi açmayacaq. Vasifin halal zəhməti ilə yenicə tikilib başa çatdırılmış o evdə evin sahibəsi kimi xoşbəxt-xoşbəxt dolanmayacaq... Nəhayət, 31 il əvvəlki kimi sağlam, buz baltası kimi, gümrah olmayacaq. Ömrününü sonuna kimi, düşmənin ondan aldıqları kimi verdikləri: təzyiq, şəkər, böyrək, ürək xəstəliklərini xatırlayacaq. Bunu heç Ceyranın övladları da unutmayacaq, nəvələri də, nəticələri də.. Ceyran o məşəqqətli gecədə 68 doğmasını qohumunu itirdi! İtirdiyi 68 qohumunun heç bir yaxını, doğması unutmayacaq! Bu xalq o günü unutmayacaq!O faciə son insanımız bu dünyada qalana qədər bizimlədir!
Faciənin ilk illərində elə bilirdik ki, 10-15 ildən sonra Xocalı faciəsinin təsirindən qurtula biləcəyik. 31 il də keçdi... qurtulmadıq...100 il də keçəcək...Qurtula bilməyəcəyik!
Heç nə, heç kim 26 fevral gecəsinin ağırlığını bu xalqa unutdura bilmədi, unutmadıq, unuda bilmirik, unutmaq olmur...


Digər xəbərlər
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq
20:46 Yeni saxtakarlıq sxemi yarandı: Bu kodu heç kimə verməyin
20:44 Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
20:41 Ukrayna Rusiyaya bu raketlərlə hücum etdi - İlk dəfə
18:43 Türkiyəli nazirdən Zəngəzur yolu ilə bağlı mühüm açıqlama
18:41 Paşinyan Əliyevdən nə xahiş edib? - Diplomatik mənbələr detalları açır
18:27 Bakı ilə Ankara arasında “soyuqluq” var? - DETALLAR