lkin Əliyev: "Düşünürəm ki, qeyd-şərtsiz ailə başına yardım daha effektiv nəticə verə bilər"
Müsahibimiz Azərbaycan Respublikası Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevdir.
- İlkin müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi, siyasi islahatların indiki məqamında dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən əhalimizin maddi vəziyyəti qismən ağırlaşdı və iqtisadi çətinliklər yarandı. Sizcə, bu iqtisadi və siyasi islahatların gedişinə mane ola və ya onu ləngidə bilərmi?
- Əlbəttə, yox! Azərbaycan Prezidenti 2018-ci ilin aprelində yenidən 7 il müddətinə prezident seçildikdən sonra başladığı yeni islahatlar qarşısıalınmaz bir prosesdir. Əksinə, koronavirus islahatların daha sürətlə aparılmasını zəruri etdi. Ona görə ki, xalq kütlələrinin vəziyyəti getdikcə pisləşir, işsizlərin sayı artır, qiymətlər də artır, məhsullar bahalaşır. Dövlət və hökumət tərəfindən yubanmadan, təxirəsalınmaz tədbirlər görülməlidir ki, dağıdıcı proseslərin təsiri azalsın. Bundan əlavə islahatlar prosesi daha da sürətlənməlidir.
- Sizcə, hökumət daha hansı təxirəsalınmaz tədbirləri görməlidir ki, əhali bu koronavirusun mənfi təsirindən xilas ola bilsin.
- Mən də başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla iqtidarın bütün qabaqlayıcı tədbirlərini alqışlayıram. 600 minə qədər imkansız ailələrə, işsizlərə verilən 190 manat yardımı, 300 minə qədər sahibkara verilən dəstəyi, tələbələrə, həkimlərə, dövlət sektorunda çalışanlara, banklara verilən yardımı birmənalı olaraq dəstəkləyirəm. Eyni zamanda, belə hesab edirəm ki, ailə başına əlavə yardım da edilməlidir. Elə ailələr var ki, onların evində 5, hətta 10-a qədər azyaşlı uşaq var, amma hökumətdən yardım almırlar. Mənim fikrimcə, əgər ailə başına əlavə yardım olunsa, heç bir ailə bu çətin günlərdə dövlət qayğısından kənarda qalmaz. Dövlət mart və aprel ayları üçün lazımı qədər kompensasiya verib. 2020-ci ilin may ayı üçün nə qədər pul xərcləmək nəzərdə tutulubsa, bunun çox hissəsi tam şəkildə hökumətin nəzərdə tutduğu proqrama və tədbirlər planına uyğun şəkildə xərclənməlidir. Bundan əlavə yaxşı olardı ki, kompensasiya olaraq sonrakı iki ay ərzində bütün ailələrə heç bir şərt və istisnalıq olmadan ailə üzvlərinin say nisbətinə görə kompensasiya verilsin. Məsələn, hər ailə üzvünə ayda 50 manat. Lakin bu hökumətin nəzərdə tutduğu tədbirlər planından kənar birbaşa ölkə Prezidentinin müvafiq sərəncamı əsasında verilməlidir. Əgər belə olarsa, pandemiya dövründə heç bir ailə dövlətin qayğısından kənarda qalmayacaq, insanların da öz müstəqil dövlətinə inamı və dövlət başçısına hörməti daha da artacaq. Düşünürəm ki, qeyd-şərtsiz ailə başına yardım daha effektiv nəticə verə bilər.
- İlkin müəllim, sizcə, ölkəmizdə son iki ildə yeridilən siyasi kursun əsas xüsusiyyəti nədən ibarətdir?
- Birinci növbədə milli barışıq, həmrəylik və milli birlik. Azərbaycan prezidenti cənab İlham Əliyev 2018-ci ilin aprelində yenidən prezident seçildikdən dərhal sonra ölkəmizdə yeni islahatlar kursuna start verildi. Bu siyasi islahatların məntiqi nəticəsi olaraq Prezident Administrasiyası və Nazirlər Kabinetində kadr islahatları aparıldı. Daha sonra 2019-cu ilin sonlarında növbədənkənar parlament seçkiləri elan olundu, yeni parlament formalaşdı. Parlamentdə müxalifət nümayəndələrinə də yer verildi. Azərbaycan Parlamentinin sədr müavinlərindən biri müxalifət partiyası olan Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi seçildi, komitələrin sədr müavinlərindən də bir neçəsi müxalifət partiyalarının nümayəndələri oldu. Göründüyü kimi, ölkəmizdə dialoq və milli həmrəylik kursuna start verilmiş, radikal islahatlara başlanmışdır. Onsuz da bütün dövrlərdə islahatlar aparmaq çox çətin bir prosesdir. Bu proses getdiyi bir zamanda dünyada pandemiya başladı, digər tərəfdən dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşdı. İndi dünyada sanki yeni bir dövr, yeni era başlanmışdır. Belə bir dövrdə qarşılıqlı ittihamlara son qoyub, əl-ələ verməliyik və əsl milli həmrəylik mühiti yaratmaqla milli birliyə nail olmalıyıq və daha demokratik dövlət quruluşu, vətəndaş cəmiyyəti formalaşdırmaqla yüksək sosial rifaha nail olmalıyıq. Əgər əl-ələ verməsək, bizi qarşıda gözləyən çətinlikləri dəf edə bilmərik. Unutmayaq ki, Qarabağımız da Ermənistanın işğalı altındadır.
- Müsahibəyə görə, çox sağ olun.
Cavanşir QƏDİMOV