hemle

İradə Rizazadə: Çoxpartiyalı Parlamentin formalaşdırılması da Prezident islahatlarının davamıdır

Tarix:18-04-2020, 00:17
Baxış Sayı:1 065

Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə koronavirusla mübarizə tədbirləri və digər məsələlərlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır

- İradə xanım, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Bu gün ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri son dərəcə mühüm və ən əsası da vaxtında atılan addımlar kimi qiymətləndirirəm. Etiraf etmək lazımdır ki, məhz bu tədbirlərin sayəsində hazırda Azərbaycanda COVİD-19 pandemiyasının yayılması və bundan doğan fəsadlar minimum həddə saxlanmışdır. Dünyaya nəzər salsaq görərik ki, əksər ölkələr, hətta böyük gücə sahib dövlətlər belə pandemiya səbəbindən ağır fəsadlarla üz-üzə qalmış, böyük insan itkiləri vermişlər. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatı da Azərbaycanda koronavirusa qarşı həyata keçirilən qabaqlayıcı tədbirləri yüksək qiymətləndirir və artıq bir çox ölkələr də məhz Azərbaycanın təcrübəsindən yararlanırlar.

Qeyd edim ki, biz də qeyri-hökumət təşkilatı olaraq bu istiqamətdə verilən qərarlara tam riayət edirik. Eyni zamanda da İctimai Birlik kimi cənab Prezidentin çağırışına qoşulmaqla ehtiyacı olan, aztəminatlı ailələrə dəstək göstəririk. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıq nəticəsində 65 yaşdan yuxarı olan tənha, kimsəsiz, eyni zamanda ehtiyacı olan ailələrə ərzaq və tibbi ləvazimatlardan ibarət yardımlar edirik, sosial xidmətlər göstəririk. Gördüyümüz işlərlə çalışırıq ki, qismən də olsa dövlətimizə dəstək olaq. Düşünürəm ki, dövlətini, millətini və ailəsini sevən hər kəs verilən qərarlara, özünütəcrid qaydalarına əməl edərək özünü bu ümumbəşəri bəla ilə mübarizəyə səfərbər etməlidir.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə deməliyəm ki, ölkəmizdə 2019-cu ildən böyük uğurla həyata keçirilən qlobal islahatlar xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən siyasi kursun labüd təzahürləridir. Öz çıxışlarında dövlət başçımızın ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirləri son dərəcə böyük əhəmiyyət kəsb edir. Təbii ki, siyasi partiyaların da böyük əksəriyyəti tərəfindən möhtərəm Prezidentimizin bu çağırışı düzgün qiymətləndirildi və qəbul edildi. İnkişaf yalnız birlikdədir və bu birlik də ilk növbədə məhz dövlətçiliyimizin maraq və mənafelərinin təmin olunması əsasında formalaşmalıdır. Düşünürəm ki, Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin də əsas fəaliyyəti məhz bu istiqamətə yönləndiriləcəkdir.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Əslində müşahidə etdiyimiz bütün bu yeniliklər də, o cümlədən Milli Məclisin rəhbər heyətində müxtəlif siyasi partiyaların təmsil olması da və ümumilikdə çoxpartiyalı Parlamentin formalaşdırılması da Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların davamı və məntiqi nəticəsidir. Bu vəziyyət əlbəttə ki, ölkəmizdə demokratiyanın təntənəsi deməkdir. İnanıram ki, yeni parlamentimiz də bundan sonra daha mükəmməl, daha effektiv fəaliyyətilə xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin daha da qüdrətlənməsi işinə böyük töhfələr verəcəkdir.

Mehman Musayev

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı