Dünyanı narahat edən koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə də karantin elan olunmuşdur. Bununla əlaqədar bir sıra iş yerləri müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Hazırda karantinlə əlaqədar əhalinin mühüm bir hissəsi evdə qalmaqla virusdan qorunmağa çalışırlar. Belə çətin günlərdə Milli Məclisin bir sıra deputatları – Milli Məclisin sədr müavini Adil Əliyev, Məzahir Əfəndiyev və Arzu Nağıyev seçiciləri ilə görüşüb, onlara ərzaq və tibbi ləvazimat dəstəyi göstəriblər.
20 saylı Nərimanov II seçki dairəsindən deputat seçilmiş, Milli Məclis sədrinin müavini, komitə sədri Adil Əliyev özünün şəxsi facebook səhifəsində bu barədə yazıb:
“Bu gün, Azərbaycan Respublikası Milli Məclisin sədr müavini olaraq tərəfimdən növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülmüşdür.
Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilmiş, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilmişdir.
Nəzərinizə çatdırım ki, bu gün 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilmişdir. Bu işdə əziyyəti olan dostlarıma, qərargahımızın könüllülərinə, dərin təşəkkürümü bildirirəm.”
89-saylı Ağdaş-Göyçay dairəsindən Milli Məclisin deputatı seçilmiş Məzahir Əfəndiyev də karantin günlərində ehtiyacı olan seçicilərinə yardım göstərmişdir.
COVID19, korona virusu ilə mübarizə sahəsində dövlətin həyata keçirdiyi işlərə dəstək olaraq həyata keçirilən dəstək kampaniyasında deputatın nümayəndəsi və gənc könüllülər tərəfindən göndərilən 600 xüsusi tibbi maska, 100 spirt məhlulu əlavə yaddaş qeydləri ilə birlikdə ehtiyacı olan ailələrə, təşkilat və müəssisələrə paylanılıb.
Bundan əlavə, 104 saylı Gədəbəy-Tovuz dairəsindən Milli Məclisə deputat seçilən Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib.
Deputat, eyni zamanda, müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirib. Seçicilərin fərdi və maddi problemləri dinlənilib və yerində həll edilib.
Bundan savayı, seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verib.
Anar TURAN,
“Xalq qəzeti”