“Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü Türk Şurasına üzv ölkələrin başçılarının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Hazırda COVİD-19 pandemiyasının dünyanı cənginə aldığı, ölkələrin öz sərhədləri içinə çəkilərək bu qlobal təhlükə ilə mübarizə apardığı bir vaxtda türk ölkələri başçılarının bir araya gələrək mövcud vəziyyəti birgə qiymətləndirməsi, müzakirə apararaq yekdil bəyanatla çıxış etməsinin tarixi əhəmiyyəti var”.
Bu fikirləri Turkustan.info-ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin sədri Elməddin Behbud bildirib.
E.Behbudun sözlərinə görə videokonfransda əsas vurğulanan məsələ koronavirusla mübarizə və ondan sonrakı dövrdə əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə tranzit xəttlərinin aktiv saxlanılması ilə bağlı olsa da, bu, bütövlükdə əməkdaşlığın bütün sahələri əhatə etməsinə bir işarə idi: “Cənab prezident İlham Əliyev də konfransdakı çıxışında bildirdi ki, Zirvə görüşünün qısa müddətdə təşkil olunması onu göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Bu gün Azərbaycan türk dünyasını yalnız mənəvi tellərlə bağlamır. Həm də, Türkiyə ilə Mərkəzi Asiya arasında etibarlı tranzit logistika mərkəzi rolunu oynayır. Cənab Prezidentin qeyd etdiyi kimi pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türk ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.
“Hazırda türk öllkələri arasında koronavirusla mübarizədə qarşılıqlı dəstəklərlə bağlı çoxsaylı informasiyalar alırıq” deyən E.Behbud bildirir ki, bu dəstəkləri mənəvi tellərlərlə gücləndirən nümunələr də az deyil: “Türkiyənin koronavirusla mübarizəsinə dəstək məqsədilə Bakıda Heydər Əliyev Mərkəzinin üzərində qardaş ölkənin bayrağının sərgilənməsi, ardınca, Ankaranın simvolu sayılan Atakuledə “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan bayrağının əksinin dalğalandırılması milyonlarla insanın qürur və rəğbət hissi ilə izləndi. Bütün bunlar onu deməyə əsas verir ki, pandemiyadan sonrakı dövrdə, xüsusən, dünyanı gözləyən iqtisadi böhran risklərinin minimuma endirilməsində qardaş türk dövlətləri birgə və effektiv addımlar atacaqlar. Azərbaycan bir daha Türk Şurasının lokomotov dövləti və ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün effektiv koordinasiyanı təmin etmək gücündə olduğunu nümayiş etdirdi”.