hemle

Niyə sevdin, Albert?

Tarix:25-04-2020, 13:58
Baxış Sayı:621

Söhbətimə çox uzaqlardan başlamaq istəyirəm...Təxminən 1200 il əvvəldən...Həmin dövrdə əldən-ayaqdan uzaq bir kənddə bir oğlan dünyaya gəlir. Adi, normal. Doğulanda ağlayıb, böyüdükcə ağıllanıb. Hamının uşağ kimi...Adı da sıradan bir ad olub...Həsən! Amma hamının uşağı kimi düşünməyib...Bir az fərqli, bir az qəribə düşünüb. Onun düşüncəsində vətəni sevmək, vətən üçün ölmək bir şərəf olub... Bu üzdən düz 20 il əlində qılınc vətənin, xalqının yolunda çarpışıb, vuruşub, hər an öləcəyini bilə-bilə ölümün ağuşuna atılıb... Və.. bu yolda ölüb. Öləndə ona valideynlərinin qoyduğu adi adla ölməyib, xalqının Babək oğlu kimi yaddaşlara həkk olub.
Sonra yüzlərlə, minlərlə babəklərimiz meydana gəlib: cavadxanlar, nadirşahlar, şahismayıllar, fətəlixanlar ! Onlar da vətəni seviblər. Xalqı üçün canlarından keçiblər və bu yolda sevə-sevə ölüblər. Adi ölüm olmur belə ölümlər. Gələcəyini, ailə xöşbəxtliyini, kariyeranı, arzularını nöqtələyir. Çox işgəncəli olur, amma şərəfli olur!

Albert, səndə bu vətəni dünya boyda sevgi ilə sevdin, səndə bu xalqın vurğunuydun... və sən də öz ölüm hökmünü sevə-sevə, istəyərək imzaladın!Axı sənə məktəbdə öyrətmişdilər ki, vətən sevməyin bədəli ağırdı. Niyə sevdin, Albert!
Sevməsəydin, 23 yaşında qalmazdın, bu gün 51 yaşın olardı, doğmaların əzizlərin başına yığışardı. Şadyanalıq edərdi. Bəlkəd də vəzifən, pulun, imkanların olardı... nələrin olardı nələrin...?
O gün bir qoca haqqında yazı oxuyurdum. Qocanın yaşı səksəni keçib. Hər şeydən danışır, aşağıdan durub yuxarılara mədhiyyələr söyləyir, hər şeyi “bəhbəh”lə camaatın gözünə soxur... çox şey deyir... amma yaralı, qanı qurumayan yurdunun adını çəkmir. Hər şey deyir, amma vətəninin dərdini demir, el-obasının arzularından söz açmır...Gördünmü? Sevmir vətənini... o özünü sevir, vəzifəni, imkanı sevir. Bu yaşından sonranı düşünür...”Daha nə qoparda bilərəm” deyib baş sındırır.
Mövzuya dəxli olduğu üçün bunu da deyim!Bilirsiniz, ən təhlükəli olan nədir? Vətən sevdalılarını, yadelli düşmənlər: erməni də, fars da, rus da(gücü yetsə gürcü də) fiziki cəhətdən ölürməyə həvəsli olur, amma içimizdəki namərdlər, xainlər, satqınlar, yaltaqlar isə mənəvi və fiziki cəhətdən ölüdürürlər!
Hə, indi biri isbat eləsin ki, ömrünü altdan yuxarı baxıb mədhiyyələr deyən 80 yaş, sənə məxsus olan 23 yaşdan ağır çəkidədi. Heç bir normal doğumlu insan bunu deyə bilməz! Zaman keçəcək, o qoca da torpağa qarışacaq... amma dirisində necə xatırlanıbsa, ölüsündə də elə xatırlanacaq!Bəlkə də heç xatırlanmayacaq...
“Niyə sevdin, Albert!” deyib, düşünürəm! Babək sevgisinə görə, ölümünə görə, 1200 il əvvəl necə sevilibsə elə də sevilir. Anladım Albert! Səndə indi necə sevilirsənsə, 1200 ildən sonra elə sevilmək üçün sevdin, özünü qurban verdin! Sənin simanda canını vətənə qurban vermiş bütün igidlərimizin qarşısında baş əyirik!

Bir də xatırlayaq !

– Adın nədir sənin?
– Albert.
– Albert hansı millətin nümayəndəsisən?
– Yəhudi.
– Yəhudilərə Azərbaycan torpağını qorumağı nə məcbur edir?
– Mən bu torpağda yaşayıram,doğulmuşam burda,yaşayıram da burda.Ayrı heç nə məcbur eləmir.
-Bir vətəndaş kimi öz borcunu nədə görürsən?
-Gəlib torpağı qorumaqda...
-Nə qədər qalmaq fikrin var?
-Müharibənin axırına kimi... (ANS-in arxivi)

23 ilə sığan DOSYE

Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Şahidlərin dediyinə gorə, Albert Aqarunov orduya gələn zaman 21-22 yaşı var idi. Sovet vaxtı Gürcüstanın Axalkalaki tank diviziyasında qulluq edib. Milli Ordu yarananda, tankçı dəstələr formalaşdırılarkən gəldi. 1991-ci ilin dekabrında. 1992-ci ilin aprelində biz onları Azərbaycanın 1-ci tankı ilə Şuşa şəhərinə göndərdik. Ermənilər onun başına külli miqdarda pul qoymuşdular. Taktiki döyüşləri var idi, düşmənin bir texnikasını da boş buraxmırdı. Gülərüzlü, səmimi insan idi.Yəhudi əsilli olmasına baxmayaraq, Albert doğulub-böyüdüyü torpağı çox sevirdi. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. Onun şücaətindən danışmayan yox idi. O dövrdə hərkəs tankını Albert adlandırırdı.
Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Döyüş dostları bildirib ki, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Xüsusi qeyd: Bunu da unutmayaq!

Bakının Nərimanov ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışını oldu Bunu müsbət dəyərləndirən Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimov haqqı olan keçmiş döyüşçülərin mərasimə çağırılmamısına özünəməxsus şəkildə etiraz edərək maraqlı acıqlama verdi:.

“Allah rəhmət eləsin! Amma ədaləstsizlikdi. Mənə deyin görum, abidənin açılışına yığılanların hansi biri Alberti taniyib, kim onunla döyüşdə olub ki, indi pafosla selfi cəkdirib sosial şəbəkədə paylaşirlar?
Kim onun yerişini, gülüşünü, manevr hərəkətlərini görüb? Bəlkə Kərim Vəliyev olub? Bəlkə Abdulla Qurbani olub? Hanı general Rövşən Əkbərov? Hanı polkovnik Elcin Məmmədov?
Hanı Albertin tank komandiri Xəqani Məmmədov? Hanı onun və digər döyüşçülərin rodiostansiyasını təmir edən, nizamlayan, idarə edən polkovnik Şamil Hadiyev?
Hani onun ən yaxın dostu - “BMP-2”nin tuşlayıcısı Xəlil? Hani polkovnik Rövşən Hüseynov, hanı “Azərbaycan bayrağı” ordenli polkovnik Ələmdar Süleymanov, hanı tank və avtomobil xidməti rəisi olmuş polkovnik Nazim Divanov? Hanı Ceyhun, Salman ki, dəxlisiz adamları yığmısız açılış mərasiminə?
A kişilər, Alberti öyrədən, çalışdıran, danlayan, həvəsləndirən, tankını təmir edən, yağlatdıran və nəhayət onu qəhrəman edən bax yuxarıda sadaladığım ZABİTLƏR və əsgərlər olublar.

Bəs hanı onlar?

Albert anadan qəhrəman doğulmayıb. Şəxsən mən həmin gün - 8 may saat 10.23 radələrində ona Qalanın dalından “BTR”in R-123 rabitəsi ilə erməni tankının ona tərəf hansı istiqamətdən gəldiyini xəbər verib, ayıq sallmışam, gözləməsini və hazırlaşmasını nizamlamasaydım, 100 faiz Albert erməni tankını yox, əksinə, erməni tankı Albertin tankını vuracaqdı. Çünki düşmən tankını görmurdu. Heç özü də bilmirdi hara gedir. Erməni tankının araxasınca gələn 2 düşmən “BMP-2”si isə üstlərindən kecəcəydi”.

.Əntiqə Rəşid

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış