hemle

Kolanı-qədim türk tayfası

Tarix:24-04-2020, 00:56
Baxış Sayı:1 364

Faiq Şükürbəyli,

tarixçi-etnoqraf, fəlsəfə doktoru

(əvvəli ötən saylarımızda)

Buruc kəndindən Əhməd Lətif oğlu, İbiş Abdulla oğlu, Çıraqlı kəndindən İbrahim Əsəd oğlu, Nəsir Əşrəf oğlu, Papravənd kəndindən Hüseyn Səlif oğlu, Qasım Əbdülkərim oğlu, Behbud Məşədi Muradxan oğlu, Umudlu kəndindən Mahmud Baxşalı oğlu, Xaçın Dörbəndli kəndindən Rəhim Məşədi İsmayıl oğlu, Əliağalı kəndindən Balay Məşədi Musa oğlu, Şıxavənd kəndindən Kazım Çıraq oğlu, Süleyman Baxşalı oğlu, Qarakişi Qaytaran oğlu, Süleyman Əzim oğlu, Bəyəndik Səfər oğlu, Allahverdi Haqverdi oğlu, Sırxavənd kəndindən Oruc Sərhədəli oğlu, Talış Miki oğlu, İmarət-Qərvənd kəndindən Rüstəm Xəlil oğlu, Qızıllı-Kəngərli kəndindən Salah Məşədi İskəndər oğlu.

Kolanıların məskunlaşdıqları ərazilər. 1828-ci ilə bağlı mənbədə göstərilir ki, orta əsrlərdə Qarabağda, Naxçıvanda, İrəvan əyalətində yaşayan kolanı elləri müxtəlif adlarda çoxlu sayda yaşayış məntəqələri yaratmışlar. Naxçıvanda, Qərbi Azərbaycanda, Şirvanda məskunlaşan kolanıların əksəriyyəti müxtəlif zamanlarda Qarabağdan köçüb getmiş və həmin yerlərdə məskunlaşmışlar.

İnsanlar bir yerdən başqa bir əraziyə köç edərkən yeni məskunlaşdıqları yerlərə özlərinin əvvəlki yaşayış məntəqələrinin adlarını vermişlər. Beləliklə, Azərbaycanın ayrı-ayrı bölgələrində eyni adlı kəndlər meydana gəlmiş, adlar qoşalaşmış və cərgəlilik xüsusiyyətləri yaranmışdır.

Y.B. Yusifov və S.K. Kərimov «Toponimikanın əsasları» kitabında yazırlar ki, bəzən geniş bir ərazidə oxşar toponimlər müçahidə olunur. Belə eyni bir dilə mənsub toponimlər həm coğrafi mənzərənin oxşarlığı, həm də əhalinin yerdəyişməsi (miqrasiyası) nəticəsində meydana gəlir. Əgər Azərbaycanda, Orta Asiyada, İranda və başqa yaxın ərazilərdə biri digərinə bənzər topoetnonimə və oykonimə rast gəlinirsə, deməli həmin etnonimi daşıyan, yaxud oykonimlə öz yaşayış yerini adlandıran etnos və əhali nə vaxtsa müəyyən bir ərazidən qismən yayılmış və həmin adı da yeni məskəninə gətirmişdir. Beləliklə, etnonim və toponim, bədii surətdə desək, etnos ilə birlikdə uzaq seyrə çıxır və yayılır .

«Səyyar» (miqrant) toponimlərin öyrənilməsi xalqın etnik tarixini ayrıd etməyə əlavə materiallar verir. Cərgəlilik xüsusiyyətləri çox vaxt obyektlərin eyni adla adlandırılması və onların köməkçi sözlərlə (aşağı-yuxarı, birinci-ikinci, böyük-kiçik və s.) fərqləndirilməsi səbəbindən yaranır. Məsələn: Dağ Kolanı (Salyan rayonu), Kolanıqışlaq (Siyəzən rayonu) və s.

Azərbaycanın Dəvəçi (Şabran), Sabirabad, Salyan, Şamaxı, Şahbuz, Hacıqabul, Siyəzən, Yevlax, Tərtər, Kəlbəcər, Daşkəsən, Beyləqan rayonlarında Kolanı adlı toponimlər, oyknimlər mövcuddur və tədqiqatçılar birmənalı olaraq həmin toponim və oykonimləri kolanılarla əlaqələndirirlər. Bu ərazilərdə kolanı tayfasının müxtəlif tirələri yaşayırlar.

Xanlar (Göygöl) rayonu ərazisində, Gəncə və Kürək çaylarının suayrıcında hündürlüyü 1157 metr olan Kolanıdağ mövcuddur. Oronim Kolandağ versiyası altında da qeydə alınmışdır. Dağın adı keçmişdə burada kolanı tayfasına məxsus yaylaqların olması ilə əlaqədar yaranmışdır.

Bununla bərabər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı Kolandağ, Kolanı dərəsi, Tərtər (Ağdərə-red.) rayonunun Dəmirçilər və Umudlu kəndləri ərazisindəki Umudlu Kolanısı, Kolanı yataqları, Qobustan rayonu ərazisindəki Kolanı tirəsi, Naxçıvanda-Aşağı Qışlaq kəndi yaxınlığında qeydə alınan Kolanı kahası, ondan bir qədər kənarda Kolanıçay hidronimi, İrəvan quberniyasının Göyçə mahalındakı Kolanı kəndi, İrəvan quberniyasının Üçmədzin Novobayazid qəzalarındakı Kolanı Aralıq, Kolanılı, Kolanıqıran kəndləri, İrəvan əyalətinin Dərələyəz nayihəsindəki Kolanı kəndi, Vedi rayonundakı Kolanılı kəndi, Tiflis quberniyasının Borçalı qəzasında Kolanıqıran oykonimi və b. Kolanı tayfası ilə bağlıdır. Toponimlər kolanıların geniş arealda yaşadıqlarını sübut edir. Kolanı türk etnonimi ilə əlaqədar Ön və Mərkəzi Asiyada, İranda, İraqda, Türkiyədə, Suriyada da etnonimlər mövcuddur.

XİX əsrdə Cavad qəzasında 282 ailədən ibarət Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu zamanı Qarabağın elatlarının bir qismi, o cümlədən də kolanılar köçüb Naxçıvanda, Şirvanda və başqa yerlərdə məskunlaşmışlar.

Bəzi araşdırıcıların qənaəti belədir ki, bu kəndlərin əksəriyyətinin əhalisinin soykökü Qarabağla bağlıdır. Yuxarıda xatırlanan kəndlərin əhalisinin XVİİİ yüzildə Qarabağdan köçüb getdikləri ehtimal olunur. Bu kəndlərin yaranma-yaşama tarixlərində də oxşarlıq vardır. Hacıqabul rayonunun Abdulyan inzibati ərazi vahidində mövcud olan Kolanı kəndi Kür çayının sahilində, Şirvan düzündədir. Kənd vaxtı ilə Cavad qəzasında yaşamış kolanı tayfasına mənsub 71 ailənin Toyuqplov adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır.

Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində mövcud olan Kolanı kəndinin əhalisinin, eləcə də adından göründüyü kimi Qarabağlı kəndinin əhallisinin Qarabağdan köçüb getdikləri aydınlaşır. Kəndin Qarabağlı adlanması bu ərazilərdə yaşayan məlum bölgənin adı ilə ilişgəlidir.

XİX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolunun üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin bünövrəsini qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Arxapası da adlandırır. Oronim kolanı tayfasının adı ilə bağlıdır. Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidinə daxil olan Kolanı kəndinin keçmiş adı Kolanıqışlaq olmuşdur. Oronim kolanı tayfasının adı ilə bağlıdır.

Yevlax rayonunun Malbinəsi ərazi vahidində mövcud olan Kolanı kəndinin bünövrəsini Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr qoymuşlar.

Kolanıların Azərbaycanın ictimai, siyasi, mədəni həyatında özünəməxsus rolu olmuşdur.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı