hemle

Dəyərimiz - dəyərlimiz: Xocalı deyiləndə yada düşən xilaskar!

Tarix:22-04-2020, 22:45
Baxış Sayı:574

Bəlkə də o anadan olanda heç kəsin ağlına da gəlməzdi ki, bu körpə bütün qarabağlıların , bütün Azərbaycanın fəxr edəcəyi bir igid olacaq. Axı yeddi bacıdan sonra dünyaya gələn ilk oğul övladıydı. Bir dəstə qızın içində böyümək, amma əsil kişi kimi böyümək də hər oğlanın işi deyildi. Allahverdinin ayağı sayalı oldu. Sonra igidliyi ilə ondan geri qalmayan qardaşı Eldar, daha sonra Əmir doğuldu. Teymur ata , Zümrüd ana inanmazdılar ki, qız övladlarıyla sevgi fərqi qoymadıqları bu üç qardaş zaman gələcək ümid yeri, pənah qapısı, qəhrəmanlıq nümunəsi olacaq. Hələ zaman axımı olmalıydı, dünya nehrə kimi çalxanmalı, oğuz elləri ağır imtahana çəkməliydi. Bax, o günə hələ xeyli vardı...

Hələlik zaman o zaman idi. 1946-cı ilin aprel ayının 22-si... Teymur kişinin möcüzə bildiyi, Allah vergisi kimi duyduğu, bu səbəbdən də adını Allahverdi qoyduğu övladı doğulur. Allahverdi orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alır.

Qoçaq idmançı, dürüst məşqçi...

İdmana böyük həvəsi məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olur. O, həmdə, Qarabağ Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük əməyi olur. Getdikcə ətrafındakılarda bu qara, şirin, amma ciddi, zəhmli oğlanın doğrudan da Allah vergisi olduğuna inanmağa başlayırlar.

Keçmiş futbolçu Müşfiq Hüseynovun xatirəsi:"İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi."

Zəhmli, zarafatçıl komandir…

O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də, "davakar” adı da qazanmışdı. Ən xırda bir haqsızlığa susa bilmirdi, etirazını bildirirdi.Bu səbəbdəndə ermənilərin haqsız tələbinə laqeyd qala bilməzdi.

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə- Vətən oğulları batalyonuna Allahverdi Bağırov rəhbərlik edir. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edir. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşur.

Oğlu Elşən Bağırovun xatirəsi: Döyüşlər getdiyi vaxt çağrıda bizim bölüyə "Zümrüd 26” adı vermişdilər. Qəfil çağırdılar. Atam onda dedi ki, onlar kimi çağırırlar. Dedim bizi. Sonra zaraftla bildirdi ki, ədə, niyə çağrıya mənim nənəmin adını qoyublar, öz nənələrinin adını qoyaydılar da....


Vətənpərvər, insansevər…

O, Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verir. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edir, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirlərini təhvil alır.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyevin söylədikləri:" Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar. "


Məhz Allahverdi Bağırovun erməni komandir Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin məlum görüntülərini lentə alması mümkün olur.
Bağırov ermənilərdən alınmış əsirləri avtobusla getirib, sahiblərinə təhvil verir. Şəhidləri isə Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırır, Məlumata görə, təkcə Qazançı kəndindən olan üç erməni meyidinə 22 adamımızı dəyişdirə bilir...

Bacısı Almaz Bağırovanın xatirəsi: Univermağın müdiri deyib ki, qalın ağ var. Verim? Allahverdi deyib ki, sən qıyarsan oğlunu o qalın ağda dəfn etsinlər?! O belə vətənpərvər, belə insansevər idi. Onun bəyəm imkanı yox idi. O guya cəbhədən yayına bilməzdi? Neçə restoranı, neçə dükani var idi. Koorperativi var idi. Amma etmədi.
Şəhid! Qəhrəman!

Ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin, Naxçivanlı kəndi döyüşlərində olur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilir, döyüşçülər Əsgəran qalasına qədər irəliləyir, Pircamal kəndindəki bütün yüksəkliklər tutulur, Kətük kəndi ilə üzbəüz mövqe qurulur.

2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
" Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi…”
Qeyd edək ki, bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olur. Ailəli idi, bir oğlu iki qızı var.


P.S. Allahın vergisi- Allahverdi Bağırov kimi mükəmməl şəxsiyyətlər Azərbaycan xalqının milli sərvətidi, dəyərli nümunəsidir. Onları unutsaq, hər gün yad etməsək, onlara bənzər övladlar yetişdirməsək, Allah bizi cəzalandırar! Həm də, sərt cəzalandırar! Alar əlimizdə milli sərvətlərimizi, dəyərli nümunələrimizi, itəliyər bizi dibi görünməyən bir uçurumun içərisinə! Allahın qəzəbinə gəlmədən belə oğulları sevin, fəxr edin, onlara oxşamağa çalışın!

Əntiqə Rəşid

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR