Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu gün belə bir örnək oğulun.-Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun doğum günüdür.
Yurdunun hər qarışını canından artıq sevən Y. Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya göz açıb. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil alıb, sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı idmançı idi. Sambo ilə məşğul olurdu. Baş vermiş bir hadisə onu ordudan geri dönməyə məcbur etdi. Qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı boyun sümüyü zədələnmişdi. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olundu və texnikumda yarımçıq qalmış təhsilini davam etdirməyə başladı. 1970-ci ildə təhsilini başa vurdu. M.F.Axundov adına üzümçülük kolxozunda işə düzəldi.
1988-ci il... Ermənilərin Azərbaycana ərazi iddiaları başlayan vaxtdan Yelmar Edilov namuslu bir Vətən övladı kimi dincliyini də, yuxusunu da itirmişdi. O, könüllü müdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Yalnız 1990-cı il hadisələrindən sonra bu yöndə müəyyən işlər görülməyə başladı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri - Sırxavənd, Qazançı, Kiçan və Fərrux erməni hərbçiləri tərəfindən gecə-gündüz atəşə tutulurdu. Ümid yerli özünümüdafiə dəstələrinə qalmışdı. Belə bir vaxtda Kolanı kəndində Y.Edilovun başçılığı ilə belə bir dəstə yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərirdi.
11 aprel 1994-cü il... Cəsur komandirin son döyüşü... Düşmən böyük qüvvə ilə "Çərik” kökəltmə məntəqəsinə tərəf hücuma keçir. Y. Edilovun komandirlik etdiyi tabor ölüm-dirim savaşına girir. Sol cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2 tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən düşmən geri çəkilməyə məcbur olur. Lakin hələ həlledici zərbə endirilməmiş, hələ döyüş bitməmişdi. Gözlənilmədən Yelmarın yanında bir mərmi partladı. Beləcə onun ömrü də, arzuları da qırıldı. Cəsur komandir 48 yaşında gözlərini əbədi yumdu.
Evli idi. 7 övlad atası idi - beş oğul, iki qız.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fər manı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdirBakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qeyd edək ki, Yelmar Edilov döyüşlərdə dörd oğlu, qardaşları və Edilov soyadını daşıyan 13 əmisi oğlanları ilə birlikdə vuruşub. O qəhrəmancasına həlak olduqdan sonra Edilovun ömür-gün yoldaşı Reyhan xanım batalyonun başına keçir. Reyhan xanımın şəxsi şücaəti nəticəsində erməni yaraqlıları Ağdam rayonunun Əhmədağalı və Çıraqlı kəndlərindən çıxarılır. Özü də Yelmarın üsulu ilə - ağır itkilər verdirərək.
Reyhan xanım mətbuata açıqlamasının birində Milli Qəhrəmanımızı son gününü belə xatırlamışdı: "Bir aşbaz qadın var idi, gəlib məndən soruşdu ki, Yelmardan xəbər var? Dedim, yaxşıdır. O gedəndən sonra nəsə şübhələndim. Gizir Cavanşirə zəng elədim, dedi, erməniləri qırmışıq, Kökəltmə bizdədir. Yelmar həmişə deyirdi, mən öləndən sonra adımdan istifadə edən şərəfsizdir. Bir maşın gəldi, məndən soruşdu ki, Yelmar evdədir? Cavab verdim ki, döyüşdə. O bildirdi ki,Yelmar yaralanıb. Ağlım çıxdı başımdan. Kökəltməyə çatanda bir əsgər dedi ki, Reyhan xala, Yelmar əmini ermənilər qrantomyotla vurublar, tikələri səpələnib ətrafa. Qorxudan heç kim ora gedə bilmir. Batalyonda hamı ağlayırdı. Soruşdum, kim məni aparar Yelmarın vurulduğu yerə? Əlağalı kəndindən Zahid var idi, onun oğlu məni apardı ora, oğlanın adı yadımdan çıxıb. Getdim Yelmarın vurulduğu yerə... (Qəhərlənir) Yelmarın 75 tikəsini ədyalın arasına yığdım. Yelmarın tikələrini gətirdik Xındırıstana. Yuyulası deyildi... Tabut düzəltdirib tikələri yığdıq içinə. Bir gün saxladıq Xındırıstanda. Əvvəl dedilər, Xındırıstanda torpağa tapşırılsın. Ancaq həmin gün Heydər Əliyev Firuz Mustafayevi göndərdi ki, Yelmar Edilov Fəxri xiyabanda dəfn ediləcək. Elə o gün Yelmar Edilova Milli Qəhrəman adı verildi. Aprelin 10-u Yelmarın ad günü idi, 11-də şəhid oldu”.
Vətən üçün canından keçmiş bütün igid oğullarımıza- şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Əntiqə Rəşid