Mədə niyyətlilər...
Allah sənə min kərə, milyon kərə rəhmət eləsin ay böyük Mirzə Cəlil. Koronovirusla bağlı qarantin mane olmasaydı bu saat durub qaçardım məzarının başına ki, görüm gorun cadar-cadar olubmu?,Heç ədəbiyyat muzeyimizdəki heykəlinin də yanına gedə bilmirəm ki, görüm heykəlin qan ağlayır, ya yox! Heç yerə gedə,heç bir abidəni yoxlaya bilməsəm də, fəhmim deyir ki, ruhun bu saat fəğan qoparır.
Necə də qoparmasın? 100 il bundan əvvəl yana-yana yazıb qoyub getmisən bu millətin bəzi-bəzi eybəcərliklərini və güman eləmisən ki, zamanı gələcək, millət inkişaf edəcək və bu eybəcərliklər girdabından xilas olacaq. Bir əsr keçib, nəsillər dəyişib, amma millətin içində hələ də o eybəcərlikləri, sanki bir mental dəyər kimi qoruyub saxlayanlar var və heç onlardan xilas olmaq haqqında düşünmürlər də. Hələ o zamanlar qələmə aldığın elə eybəcərliklər var ki, indi onlar bir az da şişib, dözülməzlik həddini da aşıb. İndi bu yazıda belə dözülməz eybəcərliklərdən birini yazmaq istəyirəm. Yazmaq istəyirəm ona görə ki, vaxt tapıb sənin yazdıqlarını oxuya bilməyənlər bəlkə internetdə-zadda boş vaxtında oxuya bildi. Oxuya bilsələr və bir-ikisi nəticə çıxarsa, o dünyada yanına gələndə bir az başımı qaldırıb o nurlu üzünə,qən dolu gözlərinə baxa bildim bəlkə. Tariximiz deyir ki,bizim ulularımız dünyaya mədəniyyət yayan kişilər olublar. Əkinçilik mədəniyyətindən tutmuş at minmək, hamam tikmək mədəniyyətinə qədər çox mədəniyyəti dünyaya məhz bizim babalarımız yayıb. İndi mədəniyyətin yeni formasını da kəşv eliyib bizimkilər. Burda da həmin səslərdi, həmin hərflərdi. Sadəcə indi həmin söz ikiyə bölünüb: mədə və niyyət! Mədə niyyətimiz o qədər aşıb-daşıb ki, millət niyyətini də, vətən niyyətini də, dövlət niyyətini də, bir sözlə bütün gərəkli niyyətləri əridib, yoxa çıxarıb. Deməyəsən ki, şişirdirəm. Vallah, billah şişirdib eləmirəm. Hələ içimdən keçənləri demək üçün bu qədər zəngin dilimizdə sözlər tapa bilmirəm ki,onları ifadə edə bilim. İndi mən bircə faktdan danışım, bax gör haqlıyam, ya yox?
Dünya koronovirus deyilən (Sizin zamanınızda ispan xəstəliyi deyilən bir taunun nəvəsidi) bir bəla ilə savaşa qalxıb. Bəşəriyyət, insanlıq məhv olma təhlükəsi ilə üz-üzədir. Bütün dünya dövlətləri kimi, bizim dövlətimiz də digər vacib işləri bir yana buraxıb, diqqətini yönəldib bu bəladan xilas olmaq uğrunda savaşa. İnsafən, çox ölkələrin etmədiyi və ya edə bimədiyi hər şey edilir ki, millətimiz bu savaşdan salamat çıxsın. Bəzi-bəzi tədbirlərə bəzi-bəzi özünü-sözünü bilməyənlər mızdan-vızdan qoyur ki, bunu normal qarşılayırıq. Hər bir normal toplumda beş-on anormal düşüncəyə malik olanlar olur və bunlar da bizim anormallarımızdır. Amma dünən televiziyadan (Təzə modeldi, sizin zamanınızda yox idi. Danışan və göstərən sandıqdı...))bir məlumatı eşidəndə yerimdə necə dondumsa, nə qədər spirt töksələr də, sabunla yuyub təmizləsələr də, saatlarla donum açılmadı. Deyim, sən də eşit. Dövlət başçısı müxtəlif təbəqəli vətəndaşların güzəranını bu taun dövründə yaxşılaşdırmaq üçün atdığı addımların sonunda heç yerdə işləməyən(?), heç bir gəliri olmayan vətəndaşlarını da yaddan çıxarmadı. Belə adamların hərəsinə müəyyən məbləğdə, yəni indiki çətin dövrü başa çıxmalarını təmin edəcək qədər yardım verməyi qərara aldı.Dünən bizim Əmək və Sosial Təminat Nazirliyimiz bir yığıncaq keçirdi və bildirdi ki, tək bir gün ərzində iki milyondan artıq adam(???) bu yardım üçün müraciət edib. Az səbr elə, ulu baba! Araşdırma nəticəsində məlum olub ki, müraciət edənlərin yarıdan çoxu ya hardasa işləyən, ya da ailə üzvləri yaxşı əmək haqqı alan, bir sözlə bu məbləğə ehtiyacı olmayan vətəndaşlardır. Fakt məni necə dəhşətə gətirdisə, eləmədim tənbəllik, donum açılan kimi həmin nazirlikdə işləyən bir tanışıma zəng vurdum. Bu dəfə nə eşitsəm yaxşıdı? Müraciət edənlərin çoxunun müxtəlif banklarda kifayət qədər məbləğdə (on min,iyirmi min...) əmanətləri var. A balam, bu dövlət vəsait ayırır ki, həqiqi ehtiyacı olan vətəndaşlarını ac qalmaqdan xilas eləsin, sənin vicdanın, qeyrəti hardadır ki, buna ehtiyacın olmadığı halda əl-qarp üçün fürsətdən istifadə eləmək istəyirsən? O adamların əksəriyyəti indi imkansızlara dəstək verməli olduğu halda, imkansızın malına göz dikirsə, bu mədə niyyətli olduğumuzun ən bariz nümunəsi deyil də, nədir? Yadıma Dağlıq Qarabağda hadisələrin əvvəlində baş verən bir olay düşdü. Ağdamda, Dağlıq Qrabağ əhalisinə dəstək məqsədilə hadisələr yenicə başladığı ərəfədə “Dayaq” adlı bir cəmiyyət yaratmışdıq. Rayonun imkanlı adamları hesabına bura vəsait də toplamışdıq ki, ehtiyacı olanlara həm də maddi dəstək verək. Yanımıza bir gənc gəldi, anasının ağır xəstə olduğunu, onu həkimə gətirməyə imkanı olmadığını dedi. Ərizəsini alıb, göndərdik bankdan götürsün. Cəmiyyətin digər üzvü Surxay adlı həmyerlimlə günorta nahara gedəndə, gördük ki, həmin oğlan restoranda bir nəfərlə yeyib-içir. Süfrədə də araq, digər bahalı içkilər. Ona görsənmədik, keçib bir tərəfdə oturub piti sifariş etdik. Süfrəsindəkabablar olan bu “ehtiyaclı, anası xəstə “ oğlan eləmədi tənbəllik, bizi görmədən mənim sağlığımı dedi. Axırda da qeyd elədi ki, sağ olsun ermənilər(?), bu oyunu başlamasaydılar, kimidi bizə pul verən ki, gəlib yeyib-içək! Bu misalı da elə-belə çəkmədim. Belə mədə niyyətimizə o boyda torpaqları qurban vermişik. İndi də mədə niyyətimizə ölkəni qurban vermək istəyirik. Məncə dediklərim kifayətdir. Deməli olduğum çox söz var. Amma arifə bir işarə bəs edirsə, arif olmayanların da başa düşmələri üçün bu qədər işarə qoydum ortaya. Düşünürəm ki, bunlar ən mədə niyyətli adamların da qanmasına kifayət edər. Etməyəcəksə,o zaman gorun başdan ayağa çatlayacaq və bir də görəcəyik ki, sən boyda bir dühanın heç goru da qalmayıb.
“Səs” qəzeti. 09.04.2020.