Koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar ailələrdə yaranan çətinliklərə göz yuma bilməyənlər arasında tanınmış bloger, fitnes dərsləri ilə məşğul olan Kamil Zeynallı da var. Onun adının altını qırmızı xəttlə cızmaq lazımdır. Kamil Zeynallı...
Səbəb?! İki gün öncə Sumqayıtda göz yaşı içində aidiyyatı qurumlardan yardım uman, iki balasının evdə 20 gündür ac-susuz qaldığını deyən, günəmuzd işlədiyini bildirən Sumqayıt sakini Aygün xanımı tapıb, ona vaxtında lazımi yardımı göstərməsi. Hətta karantin bitənə kimi ailəni himayəsinə alıb, daha sonra işsiz qadını daimi işlə təmin edəcəyinə söz verməsi. Bilirsiniz, bu nə deməkdir? Kənardan çox asan görünə bilər. Amma həmin an ailənin hayına yetmək, soyuq divarlarda buzlamış iki körpəni isti qanadlar altına almaq... Bu, onlar üçün ən böyük xoşbəxtlik idi!
Yetərli deyil, əlbəttə ki... Amma tək Aygün deyil. Onlarla, yüzlərlə onun vəziyyətində olanların pənahıdır Kamil... Ətrafını, çevrəsini, eşidib-bilənləri komandasına alması da bir avantajdır.
Xeyirxah əməlləri ilə ölkədə rezonans yaradan Kamil haqqında formalaşan o xoşagəlməz fikirləri də darmadağın etməyi bacardı. Belə ki, əgər illər öncə özündən müştəbeh, yekəxana, kobud xasiyyətli kimi tanınırdısa, son vaxtlar yeni bir imiclə izləyicilərinin və eləcə də millətin rəğbətini qazanmağı bacarıb.
- Necədir işlər, Kamil Zeynallı?
- Yaxşlıqdır, şükür.
- Vəziyyətin hansı həddə olmasından xəbərdarsınız. Nazirlər Kabineti yanında Operativ Qərargahın qanunları var: maska, əlcək, spirt, SMS-lə iki saatlıq harasa gedib-gəlmək, evə çatan kimi paltarları havaya vermək və s. Əməl edə bilirsiniz?
- Əlbəttə. Cibimdə spirt, avtomobildə maska, əlcək. Vaxtlı-vaxtında bütün qaydalara riayət edirəm. Məcburuq. Epidemiyaya qalib gəlmək üçün. Hamımız qaydalara riayət etsək, əlbəttə ki, zəfər bizim olacaq. Yoxsa... özümüzlə bərabər hər 50 nəfərin də həyatını riskə atmış olacağıq.
- Blogerlərin çoxu səyahətlər, makiyaj, ev işləri, milli və ya xarici mətbəx haqqında paylaşımlardadırlar hələ də. Halbuki, hazırkı dönəmdə xeyirxahlıq, insanların bir-birinə maddi və mənəvi yardımına böyük ehtiyacı var. Məsələn, sosial şəbəkələrdə Aygün xanıma göstərdiyiniz diqqət hələ də yüksək dəyərləndirilməkdədir
- Mən səhərə yaxın aldım o xəbəri, inanın gözümə yuxu getmədi. O başdan artıq nə lazım idisə, alıb özümü Sumqayıta çardırmışdım. Dözümüm yoxdur ağır yaşam tərzlərini görməyə. Şükür Allaha ki, tək deyiləm, xalqımın dəyərli oğlanları da qoşulur komandamıza. Get-gedə artırıq.
- Hansı ailələr nəzərdə tutulur?
- Bizə müraciətlər çoxdur, indi lap çoxalıb. Siyahıya salırıq. Bir-bir evlərə gedirik. İnanın Allaha, elə evlərdə oluruq ki... şəraiti dözülməz halda olur.
- Yeri gəlmişkən, sizi qınayanlar da var. Deyirlər, Kamil gərək etdiyi yaxşılığı üzə salmasın. Bir əlin etdiyini digər əl bilməməlidir və ya evlərə gedərkən, “burda it də yaşamaz” kimi ittihamlarla... “Kamil özünü reklam edir” fikri daha geniş vüsət almaqdadır...
- Mən həmin adamlara deyirəm ki, qoşulsunlar bizə. Oturub kiminsə işində mız axtarmaqdansa, gəlib sıralarımıza qatılsınlar. Edərlərmi? Yox! İttiham asandır. Mənim üçün maraqlı deyil onların fikirləri. Kim necə düşünür düşünsün. O vaxtı Hacı Zeynalabidin Tağıyev də xeyriyyəçiliklə məşğul olub, hamı da bilib. Mübariz Mənsimov, Allah qapısını açsın, dəyərli qardaşımızdır. O da indiki Tağıyevimizdir. Bütün xeyir işlərindən xəbərimiz var. Bunun nəyi pisdir ki? Qoy bilməyənlər də hansısa imkansız ailə haqqında müraciət etsinlər. Onlara da bacardığımız qədər köməklik göstərək. Bu günlərdə hətta üç ailənin evinin təmiri haqqında qərar vermişik. Uçuq-sökük mənzil tərəfimizdən təmir ediləcəkdir.
Baxın, çəkib göstərməyimin başlıca səbəbi budur ki, qoy hamı mən getdiyim yerə məndən sonra da gedə bilsin. Tək mən getməklə qalmayım. Mən tək heç nə edə bilmərəm, camaatdan dəstək görüm deyə çəkib göstərirəm. İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam etməz. İnsan özünü getdiyi yaxşı yerlərlə, retoranlarla, otellərlə, gəzdiyi məkanlarla reklam edər. Tutalım, mən özümü yetimlə yaxşı göstərdim, tanıdılar, hə nə olsun? İnsanın əsl üzü gec-tez onsuz da açılır. Əgər kimsə reklamla özünü yaxşı göstərirsə, axır-əvvəl bilinəcək
- Hansı hadisə daha çox təsirli olub
- Çox evlərdə oluruq, çox ailələrə pənah aparırıq. Vallah, kiminsə üzündə sevinc hissi görəndə özümü dünyanın xoşbəxti hesab edirəm. Mən də o vəziyyətdə yaşamışam. Qonşular fitrəni bizə verirdilər. Anamla bir-birimizə sığınıb o çətin günləri bərabər keçmişik. Elə anlarım olub ki, dilə gətirsəm, oturub hönkür-hönkür ağlayarsınız. Bir evə getdik, videoya çəkib anama yolladım ki, ana bax, xatırlayırsan bizim də belə günümüz olub. İnanın Allaha, anamın hıçqırığı ürəyimi göynətdi. Dedi, hə, ay oğul, bizim vəziyyətmizdir eynən. Nə bacarırsansa elə, nə köməkliyin dəyə bilirsə, elə. Baxın, mən o çətin günləri yaşamışam, ona görə də bilirəm bu, nə deməkdir.
P.S. Həmkarım Həbibə Abdulla demiş, ölkəmizin bu ağır günlərində Kamili və onun qismində olanları “reklam”da qınayan hər kəs kaş ki, özünü bax, bu cür reklam etsin. Qəbulumuzdur.
Hazırladı: Könül Aypara