Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı Türkiyənin həyata keçirdiyi «Barış Pınarı Hərəkatı» əməliyyatını dəstəklədiyi haqda Türkiyənin Prezidenti və Türkiyənin Qırğızıstandakı səfirinə məktub ünvanlayıb. Məktubda deyilir: Türkiyənin həyata keçirdiyi «Barış Pınarı Hərəkatı» əməliyyatı mövcud problemin ən rasional həlli variantıdır Türkiyə digər türkdilli dövlətlərlə dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir birinə dəstək olublar, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməkliyi əsirgəməmişik. Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Hazırda Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Barış Pınarı Hərəkatı” əməliyyatı ciddi silahlı qarşıdurma müşahidə olunan Suriya ilə həmsərhəd ərazilərdə terror riskinin minimuma endirilməsi, bu ölkədən milyonlarla qaçqının təhlükəsizliyinin təmin edilməsi, onların üzləşdiyi humanitar problemlərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün digər məsələlərin həlli məqsədini daşıyır. Məlumdur ki, Suriyada münaqişə başlayan dövrdən bu ölkə ilə həmsərhəd olan Türkiyə ciddi qaçqın axını ilə üzləşib. Artıq qardaş ölkədə məskunlaşmış suriyalıların sayı milyonlarla ölçülür. Təəssüf ki, rəsmi Ankara tərəfindən dəfələrlə, təkidlə qaldırılmasına baxmayaraq, beynəlxalq birlik bu problemin həllinə dəstək göstərməyib. Hesab edirik ki, belə olan təqdirdə Suriya ərazisində təhlükəsiz zonanın yaradılması və qaçqınların həmin ərazilərdə, öz doğma torpaqlarında məskunlaşdırılması məqsədilə həyata keçirilən əməliyyat mövcud problemin ən rasional həlli variantıdır. Digər tərəfdən, Türkiyənin öz sərhədləri yaxınlığına, terror qruplarının nəzarəti altında olan Suriya ərazilərində keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinə, BMT-nin “Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında” Bəyannaməsinə, “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına və digər beynəlxalq qanunvericilik aktlarına söykənir. Qeyd olunan sənədlər terror təhlükəsinə məruz qalan bu və ya digər dövlətin təkcə öz ərazisində deyil, terror təhlükəsinin mənbəyi olan başqa dövlətlərin ərazilərində də beynəlxalq birliyi xəbərdar etməklə antiterror əməliyyatlarının keçirilməsinə əsas verir. Azərbaycan da uzun illərdir ki, aqressiv separatizmdən və terrorizmdən əziyyət çəkən bir ölkədir. Bu gün işğal altında olan Azərbaycan əraziləri beynəlxalq terror qruplarının təlim bazası funksiyasını yerinə yetirir. Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir daha sübuta yetirir ki, terorizmə qarşı ikili standartlar yolverilməzdir və son nəticədə onun daha qlobal miqyasda çiçəklənməsinə zəmin yaradır. Şübhə etmirik ki, Türkiyə beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan bir dövlət kimi bu prosesə öz töhfəsini verəcək. Bu yolda qardaş Türkiyəyə uğurlar diləyirik. Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqı olaraq biz, «Barış Pınarı Hərəkatı» əməliyyatını bütövlükdə dəstəkləyirik və həmişə türk qardaşlarımızın yanındayıq! Bundan başqa Dünya Azərbaycanlıları və digər türkdilli xalqları İttifaqının RF təmsilçiliyinin rəhbəri Qalib Ağayev Türkiyənin RF səfirliyinə də təmsilçilik adından məktubu təqdim edib. Həm də Azərbaycan təsilsilçiliyinin rəhbəri “Vətən” cəmiyyətinin Prezidenti İsmayıl Rəhimov Türkiyənin Azərbaycandakı səfirliyinə, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisinə dəstək məktubunu təqdim edib.
Məmmədov Nüsrət Musa oğlu