Azərbaycanın Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, rəsmi statistikada diqqəti çəkən məqamlardan biri kredit portfelinin sahələr üzrə strukturu ilə bağlıdır:
"Belə ki, 8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu ipoteka kreditləşməsi daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. İqtisadiyyat üçün vacib olan sənaye və istehsala isə cəmi 971 milyon manat kredit ayrılıb. Bu ümumi kredit portfelinin cəmi 5.4 faizi deməkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat yönəldilib. Bu da ümumi kredit portfelinin 3.5 faizi deməkdir. Bu isə o deməkdir ki, kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib. Deməli, bank kreditlərinin hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb.
Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur".
Deputat bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımından arzuolunan deyil:
"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımından arzuolunan deyil. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artılrlmasına ehtiyac var".