Bu günlərdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçki keçiriləcəyi ilə bağlı açıqlaması seçkilərin nə vaxt baş tutacağı məsələsini yenidən gündəmə gətirib. MSK sədri açıqlamasında seçkilərin yaxın vaxtlarda baş tutacağını və bunun Azərbaycan üçün taleyüklü məsələ olmasını vurğulayıb.
Milli Məclisdə hazırda boş qalan 5 dairə üzrə seçkilərin bu il baş tutacağı daha çox gözlənilirdi. Çünki cari ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulmuşdu. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu da təxmin edilirdi. Artıq ilin sonuna sayılı günlər qaldığı üçün seçkinin keçiriləcəyi real görünmür.
Bəzi ekspertlər isə pandemiya ilə əlaqədar seçkilərin təxirə salınacağını irəli sürürdülər. Bundan əlavə, boş qalan seçki dairələrinə seçkinin keçirilməsiylə bağlı ölkə başçısı qərar verməlidir. Daha sonra Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirməlidir.
Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş Milli Məclisə növbədənkənar seçkilərdən sonra parlamentdə 4 dairə üzrə yerlər boş qalıb. Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.
“Qafqazinfo” nəticəsi ləğv edilmiş dairələrin lider namizədləri ilə əlaqə saxlayaraq onların yenidən seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
33 saylı Xətai birinci seçki dairəsinin namizədi sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, o, artıq siyasətdən gedib: