“Xalqımızın ümummilli lideri, Azərbaycanın müasir dövlətçiliyin memarı və qurucusu Heydər Əliyev 6 may 1996-cı ildə Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşdə tam əminliklə deyib ki, “bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.
Onun sözlərinə görə, əzəli və əbədi torpaqlarımızın öz sahibinə qayıdacağına ümummilli liderin sarsılmaz əminliyi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində gerçəkliyə çevrilib: “Uzun sürən ayrılıqdan sonra Şuşa şəhəri öz doğma Vətəninə qovuşdu. 1992-ci ilin 8 mayında təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Şuşanın 2020-ci ilin 8 noyabrında mənfur düşməndən tamamilə təmizlənməsi tarixi ədalətin bərpa olunmasını təsdiq etdi.
Burada bir daha ulu öndərin sözlərini xatırlatmaq tam yerinə düşər: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Cənubi Qafqazın bənzərsiz memarlıq nümunələri ilə fərqlənən Şuşanın otuz ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən mədəni soyqırıma məruz qoyulması nəticəsində şəhərin nadir memarlıq nümunələri ya tamamilə məhv edilib, ya da onlara çox ciddi ziyan vurulub. Bunların sırasında Qarabağ xanlığının banisi Pənahəli xanın Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və onun iqamətgahı olmuş məşhur saray binası, XIX əsrə aid Karvansaray tarixi-memarlıq kompleksi, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, 1874-1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən Aşağı Gövhər Ağa məscidi, 1863-cü ildə inşa edilmiş Saatlı məscidi, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev və bir çox başqa nadir memarlıq sənətinin nümunələri qeyd edilə bilər. Bu cür vandallıq təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin mədəni irsinə qarşı törədilən ağır cinayət əməlidir”.