Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra da ATƏT-in Minsk Qrupunun həmsədrləri təşəbbüsləri monopoliyaya almaq uğrunda rəqabətin yeni mərhələsinə giriblər.
Söhbət ondan gedir ki, münaqişədən sonra həmsədr institutunun statusu sual altına düşür, buna görə də, həmsədrlərin təlaşı başadüşüləndir.
Həmsədrlər (Rusiya, ABŞ, Fransa) hər vəchlə özlərinə postmüharibə dövrü üçün kurasiya əhatəsi saxlamaq üçün birgə səylər göstərirlər.
Həmsədrlər münaqişədən sonrakı dövrdə baş verən proseslər və ya aparılan danışıqlar barədə bəyanatlar verməklə özlərini var olduğunu xatırladırlar, amma bu, gecikmiş reaksiyalardır.
“Əsas mən olmalıyam” iddiaları
Həmsədrlərin siyasi niyyətlərinin xarakterində trionun dövriyyəyə birgə girməsi, bundan sonra nüfuz dairəsinin bölgüsü uğrunda mübarizə aparmaq dayanır.
Məhz bu səbəbdəndir ki, hazırda həmsədrlər ayrı-ayrılıqda ön plana çıxmaq istəyirlər.
Hələlik, üzdə görünənlərə əsasən deyə bilərik ki, ABŞ passivlik nümayiş etdirir, əsas “yarış” Rusiya və Fransa arasında gedir.
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında aprelin 26-da baş tutan telefon danışığının bəzi məqamları açıqlanıb.
Mayın 4-də Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində deyib ki, prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürülməsi gözlənilir.
Səfir Rusiya və Fransanın Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklərini də bildirib.
Fransa Qərb dövlətlərinin Rusiyaya artan təzyiqləri fonunda Moskvanın Qarabağa dair mövqelərini gücləndirməyə qarşıdır, bu məsələdə onun addımları sözsüz ki, ABŞ xarici siyasəti ilə uzlaşdırılır.
Fransa nə istəyir?
Amma ABŞ-dan fərqli olaraq Fransa aşkar ermənipərəst mövqeyi ilə fərqlənir, indi Parisin təşəbbüsləri ələ almaq cəhdlərinin arxasında İrəvana siyasi dəstəyi artırmaq planları dayana bilər.
Rusiyanın ikili yanaşması
Rusiya eyni anda iki stula oturmaq siyasətini yürüdür. Rusiya həm regionda yeni nəqliyyat dəhlizlərinin açılmasında iqtisadi faydalar kontekstində maraqlıdır, həm də sülhməramlı qüvvələrin Qarabağda qalmasında.
Ancaq eyni anda iki tərəfdən də mövqeləri möhkəmləndirmək mümkün deyil, birincisi ona görə ki, iqtisadi açılımlar Ermənistan qoşunlarının sülhməramlıların nəzarət sahəsində olan ərazilərdən çıxarılmasından sonra reallaşacaq. Hələlik isə gedişat Rusiya və Ermənistanın qoşunların çıxarılmaması məsələsində vahid mövqe nümayiş etdirdiyini göstərir. Münaqişəli məsələlərin qalması isə Rusiyaya sərf edir, çünki bununla Kremlin regiona təsir mexanizmləri güclənir. Bu baxımdan mübahisəli məsələlər Moskvanın proseslərdən birbaşa iştirakı üçün ən əlverişli zəmindir.
Lakin Azərbaycan da bütün riskləri hesablayır və ikili siyasətə qarşı qəti mövqeyini ortaya qoyur.
Deyə bilərik ki, Moskvanın da, Parisin də mövqelərinə qarşı Azərbaycanın siyasi immuniteti var.
Amerikaya gəlincə isə, mövqeyində daha çox neytrallığın cizgiləri müşahidə edilir.
Səfirin açıqlamasından görünür ki, yaxın zamanlarda Fransa və Rusiya birgə addımlar atacaqlar, amma dəqiq motivlər barədə söz demək çətindir. Niyə?
Həmsədrlərin qarşısındakı “sipər”
Münaqişədən sonra Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı başlayıb, proses davam edir. Paralel olaraq isə, Ankara həmsədrlərə qarşı siyasi bəyanatlar da verir.