hemle

Bakı “qırmızı xətlər”i cızdı - müharibə qaçılmaza çevrilir

Tarix:9-07-2020, 09:24
Baxış Sayı:919

ATESH,AZ saytı yayımladı.

Azərbaycandan dünyaya kritik Qarabağ mesajları: boş danışıqlar dövrü bitib, “hərb yoxsa sülh” - vasitəçilərin hökm verəcəyi məsələ deyil, ərazi bütövlüyümüz silah gücünə də olsa, bərpa ediləcək və... nida işarəsi!
Qarabağ danışıqları neçə vaxtdır pandemiya səbəbindən bir az da dalana girib. Onsuz da canlı təmas şəklində aparılan müzakirələr illərdir nəticə vermirdi, son aylar videokonfranslar formatında aparılan danışıqlar isə sırf vaxt itkisinə çevrilib və vasitəçilərin “quş qoyması”ndan savayı heç nəyə yaramır.

Sözsüz ki, mövcud vəziyyət ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycandan başqa, faktiki, hamıya sərf edir, öncəliklə də Ermənistana. O Ermənistan ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri ona konstruktiv mövqe tutmaq üçün təzyiq göstərmək istəmir. Bunu həmsədrlərin son bəyanatı bir daha təsdiqlədi. Hələ üstəlik, vasitəçilər Bakının əl-qolunu bağlamaq və onu şantaj etmək üçün bunu da bildirirlər ki, “konfliktin hərbi yolla həlli yoxdur”.

Sülh yolu 27 ildir nəticə vermir, hərbi yol da olmaz, o zaman məntiqlə, Azərbaycan nə etməlidir, biz daha neçə on il gözləməliyik ki, işğal sona yetsin?

*****

Təbii ki, üç həmsədrin “növbətçi” bəyanatında bu suala cavab yox idi. Amma Azərbaycan işğala XXII əsrədək dözmək niyyətində deyil. Prezidenti İlham Əliyev iki gün öncə yerli telekanallara verdiyi müsahibədə bu xüsusda vasitəçi dövlətlər də daxil olmaqla, bütün dünyaya yetərincə aydın mesajlar verdi. Müharibə variantının daim masa üzərində olduğunu, Azərbaycan xalqının səbrinin sonsuz olmadığını anlatdı.

Dövlət başçısı öz çıxışında bir daha ölkəmizin Dağlıq Qarabağla bağlı prinsipial mövqeyini bəyan elədi. Bu mövqedə hər hansı dəyişikliyin olmadığını və heç vaxt olmayacağını söylədi. Torpaqlarımızda ikinci saxta erməni dövlətinin qurulmasını gözləyənlərin boşuna gözlədikərini diqqətə çatdırdı. Çünki Azərbaycanın mövqeyi haqqa və tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır. Prezident bununla bağlı vurğuladı ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bildirdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. “Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.



İlham Əliyev ilk dəfə olaraq, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini də sərt tənqid elədi. Təcavüzkar ölkəyə heç bir təzyiq göstərməyən, onun destruktiv, işğal rejimini uzatmağa xidmət edən bəyanatları və hərəkətlərinə, o cümlədən davam edən süni məskunlaşma siyasətinə reaksiya, narazılıq bildirməyən vasitəçilərin əslində vaxt itirməklə, imitasiya ilə məşğul olduğunu dedi, danışıqlar prosesinin, faktiki, dayandığını, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmadığını söylədi. Nəhayət, “hərb, yoxsa sülh” dilemması ilə bağlı rəsmi Bakının prinsipial yanaşmasını bir daha ortaya qoyaraq, heç kimə Aprel döyüşlərini unutmamağı tövsiyə elədi.


Sitat: “Nədir bunların (həmsədrlərin - ”YM") bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik".

*****

Beləcə, Azərbaycanın Ali Baş Komandanı Dağlıq Qarabağ məsələsində dəqiq və aydın şəkildə “qırmızı xətləri” cızdı, bizdən mümkünsüz güzəştlər uman çevrələri məyus etdi. Habelə “5 günlük” aprel müharibəsini yada salmaqla Qarabağ savaşının bitmədiyini xatırlatdı. Başqa sözlə, Azərbaycanın BMT Nizamnaməsinə, ümumən beynəlxalq hüquqa əsasən müharibə haqqının olduğuna birmənalı işarə vurdu.



Şübhə yox ki, Bakı müharibə hüququndan özü könüllü imtina etməyincə heç kim bu hüququ ondan ala bilməz. Ölkə başçısının çıxışındakı tezislərdən biri məhz bu idi. İlham Əliyev həmçinin Minsk Qrupunu seçim qarşısında qoydu: həmsədrlər ya nəhayət ki, konfliktin real həlli ilə məşğul olub işğalçını yerində oturtmalı, onu beynəlxalq hüquqa, o sırada ölkəmizin ərazi bütövlüyünə hörmət etməyə vadar eməlidir, ya da bu işi Azərbaycanın özü görəcək. Yəni müharibə Azərbaycanın müstəsna hüququdur və hüquq hər an işə düşə bilər. Və... nida işarəsi!

“Həmsədrlər Ermənistanın indiki mövqeyinin işğal edilən ərazilərin azad edilməsinə imkan vermədiyini anlayırlar. Mənasız, illərlə davam edən danışıqlar onu göstərir ki, Ermənistan heç bir irəliləyişə imkan vermir və verməyəcək”.

Bu fikirləri isə sabiq xarici işlər naziri, uzun illər danışıqlar prosesinin içində olmuş Tofiq Zülfüqarov Teeqraf.com-a bildirib. Onun fikrincə, keçən illər ərzində danışıqlar prosesi daha bir həqiqəti ortaya çıxarıb: Minsk Qrupu işğalçıya heç bir təzyiq göstərmək niyyətində deyil.

Diplomatın əminliyinə görə, bu səbəbdən yaranmış durumda Azərbaycan üçün tək çıxış yolu öz suverenlik hüquqlarından istifadə edərək işğalçını torpaqlarımızdan qovmaqdır. “Bu, adicə məntiqdir. Mənim müharibəyə sevgim yoxdur. Amma danışıqlar potensialı tükənirsə, vasitəçilər Ermənistana təzyiqlər etmirsə, bu halda Azərbaycan suveren hüquqlarından istifadə edərək torpaqlarına sahib çıxmalıdır”, - deyə o vurğulayıb.

Kəsəsi, “hərb yoxsa sülh” seçimi artıq vasitəçilərin hökm verəcəyi məsələ deyil, ərazi bütövlüyümüz silah gücünə də olsa, bərpa ediləcək və... nida işarəsi!

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...