Rusiya Ermənistana “İsgəndər M” raket kompleksini 2016-cı ildə verib. Bu haqda “Kommersant” qəzeti yazıb. Haqlı olaraq, yazının ardından bir sıra suallar yaranıb. Bu yazının ortaya çıxması, təkrar yayılması Rusiyanın Azərbaycana cavabı ola bilərmi?
Məlumat üçün bildirək ki, “Yeni Müsavat”ın 15 aprel sayında “Kreml üçün kritik ”İsgəndər" testi - Bakı gözləmədə, gerisayım başlayıb" başlıqlı manşet yazısı getmişdi. Həmin yazıda ilginc faktlar, açıqlamalar yer almışdı. Söhbət daha çox 44 günlük II Qarabağ savaşı bitəndən sonra qalıqları tapılmış “İsgəndər M” taktiki raketlərindən gedirdi. Qalıqları tapılan ballistik raketlərin ixrac üçün nəzərdə tutulan “İsgəndər E”yə yox, daha dağıdıcı, ikiqat daha uzaq məsafəyə (500 km-dək) uça bilən və ixrac üçün nəzərdə tutulmayan “İsgəndər M”ə məxsus olduğu yazıda qeyd olunmuş, Rusiyanın açıqlama verməkdən başqa yolunun qalmadığı qeyd olunmuşdu.
Minval.az-a müsahibəsində rusiyalı tanınmış politoloq Qriqori Trofimçukun dediklərini burada bir daha xatırlatmaq vacibdir: “Azərbaycan Prezidenti İlham Əliyev bu raket qalıqları ilə bağlı olayın tam araşdırılacağını söylədi. Bəlkə də, bu anda Azərbaycan tərəfi son nöqtəyə çatmaq və açıq şəkildə siyasi hökm çıxarmaq üçün lazımi faktlara malik deyil. Lakin istənilən halda ”İsgəndər" məsələsi sonsuzadək havada asılı qalmamalıdır, çünki o zaman o çox da uzaq olmayan bir gələcək üçün zəruri faktora çevriləcək - nə vaxt ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması məsələsi bütün ciddiliyi ilə ortaya çıxacaq".
Onun fikrincə, bu olay Bakı və Moskvanı bir-birinə qarşı qoya bilər: “Odur ki, hər şey öz adları ilə çağırılmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu qəzetimizə açıqlamasında öncə təəssüf elədi ki, “İsgəndər M” mövzusunda hələ də aydın olmayan xeyli məsələlər var: “Görünür bunların ortaya çıxması xeyli vaxt aparacaq. Hazırda vəziyyət belədir ki, müxtəlif mənbələr məsələ ilə əlaqədar fərqli fikirlər bildirirlər. Bu isə nəinki raket mövzusuna aydınlıq gətirir, tam əksinə, sualları bir qədər də artırır. Hələliksə bu mövzuda yeganə rəsmi açıqlama belədir ki, Rusiya və Azərbaycan hərbiçiləri məsələnin araşdırılması ilə bağlı birgə fəaliyyət göstərir. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində xarici ”beyin mərkəzləri"nin suallarını cavablandırarkən açıq şəkildə bəyan etdi ki, bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib. Bu isə o deməkdir ki, mövzu ən ali səviyyədə diqqət mərkəzindədir. Azərbaycanın “İsgəndər M” məsələsində mövqeyi qətidir. Onun ermənilərin əlinə neçə düşməsi və Azərbaycana qarşı necə istifadə edilməsi məsələsinə izahat tələb edəcək".
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, Rusiyanın meydan oxumaq kimi bir şakəri var: “Başqa xalqlara yuxarıdan aşağı baxmaq Kremlin çoxillik tarixi ənənəsidir. Bu silah cibə qoyulan alət deyil ki, qoyub gətirəsən. Silahlar veriləndə müqavilələr imzalanır, onun dəyəri müəyyən edilir. Amma ermənilərə bu silahların hamısı pulsuz verilib. Onlar Azərbaycana silahlar satanda deyirdilər ki, sizə dünyaya satdığımız qiymətə satırıq. Pulu alıb ciblərinə qoyandan sonra bildirirdilər ki, hər iki dövlət, yəni Azərbaycan və Ermənistanın silahlanmasında balans yaranmasına çalışacağıq. Sən demə, silahlanma sahəsindəki balansı bu cür yaradıblar. Qadağan olunmuş, çox böyük dağıdıcılıq gücünə sahib olan silahları ermənilərə veriblər. Ermənilər vay-şivən edən kimi ona söz verirmişlər ki, narahat olmayın, zamanı gələndə sizə elə silahlar verəcəyik ki, Azərbaycana da çatacaq. Ermənilər bu bölgədə özlərini ona görə firon kimi aparırlar ki, arxalarını Rusiyaya söykəyiblər. Əvvəl xristian təəssübkeşliyindən bəzi ölkələr gizli çıxış edirdilər, amma indi artıq bunu açıq formada etməyə başlayıblar. Türkdilli xalqların arasındakı əlaqələrin sürətlə inkişaf etdiyini görüb hamısı əl-ayağa düşüblər. Rusiya gah Ermənistanda ”İsgəndər"in olmadığını, gah da müharibə vaxtı onların partlamadığını söylədi. İctimaiyyəti aldatmaq üçün min cür bəhanələrə əl atdılar. Heç kəs düşünməsin ki, onların “Kommersant” və digər mətbuat orqanlarının yazdıqları həqiqətləri özündə əks etdirir. Açıq demək lazımdır ki, bölgədəki problem tək erməni problemi deyil. Burada Cənubi Qafqazı “arxa baxça” hesab edən Rusiya kimi əsas, ciddi problem var. Şimal qonşumuz daim yarımçıq həll edilmiş münaqişələrlə bölgədə öz təsirini qoruyub saxlamağa çalışır. Açığı deyək ki, Azərbaycan Ermənistanın bel sütununu tam dağıdacaqdı. Doğrudur, özlərinə gələ bilməyəcək zərbələr vurduq. Amma bel sütunlarını tam qırmağa imkan vermədilər, burunlarını soxdular. Qazıdıqca ortaya yeni-yeni şeylər çıxır.
Biz hələ bilmirik ki, Fransa və digər Avropa ölkələri ermənilərə nələr verib. Mənə elə gəlir ki, bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Hətta bunu satanların hərbi tribunala verilib cəzalandırmalarına da çalışmalıyıq. Bunlar bəşəriyyət, insanlıq əleyhinə cinayət hesab olunur. Cinayəti törədiblər, amma ara-sıra atmaca atmaqla da məşğuldurlar. Belə olmaz. Azından Azərbaycanın hüquq-mühafizə orqanları səviyyəsində bu məsələ araşdırılmalı, onu ermənilərə verənlərin adları müəyyən edilməlidir".