hemle

Uşaq qatarında xatirələr- Qarabağdan Bakıya doğru... (Esse)

Tarix:9-11-2016, 11:52
Baxış Sayı:919

Hər insanın uşaqlığı yadında qalan bir xatirədən başlayır... Mənim uşaqlığım qatardan başlamışdı. Çün uşaqlığımı qatara mindiyim andan xatırlayıram. Elə ilk şücayətim də qatarın səsini təqlid eləmək olmuşdu. İlallah da neynirdimsə, o qatardan əvvəlki etdiyim olarları, olmazları xatırlaya bilməyəcəm.

Bəli, bilməyəcəm, çün artıq barışmışam. Barışmışam ki, qatara mindiyim andan o tərəfi xatırlamıram və xatırlaya bilməyəcəm. Elə yaxşı ki, xatırlaya bilmirəm, bəlkə də heç yaxşı deyil. Amma neyləsəm də, nə düşünsəm də bunların hamısını bir bəlkədən qırağa çıxara bilmirəm, milyardlar kimi...

Yadımdadı, hər gün televizorda "xəbərlər" proqramı başlayan kimi böyüklər televizorun qarşısında bir şagird kimi sakitcə oturardılar və nə baş verdiyini dərk eləməyə çalışardılar. Bu böyük şagirdlərin heç biri sükutu pozmazdı. Hamısı ağıllı, tərbiyəli şagirdləriydi. Mən də qıraqdan sakitcə televizora baxanlara baxardım.

Baxardım ki, eşitdikləri, öyrəndikləri pis xəbərdi, özü də çox pis. Bu pis xəbərlər məni də incidərdi. İndi təsadüfən balaca bir uşaq ağlaya-ağlaya kiməsə “sən pissən” dediyini görəndə, içim suya həsrət qalmış torpaq kimi parça-parça olur. “Sən pissən, pissən sən!”. Ona da doğrudan da hər şey pisiydi hər kəs dəhşət içindəydi, hər kəs elə bir ucdan sökülən sapı tutub saxlamağa çalışırdı. Kimi gücüylə, kimi sözüylə, kimi duasıyla, kimi göz yaşıyla, kimi qarğışıyla kimi söyüşüylə. Lakin neyləyirdilərsə, hardan tuturdularsa sapı saxlıya bilmirdilər.
Hər gün bir ana, bir bacı, bir qadın qaraya bürünürdü, hər gün bir ata, bir qardaş bir oğul saqqal saxlamağa başlayırdı. Hara baxırdınsa qara geyinmiş qadınlar və saqqalı kişilər dolaşırdı talehin torunda. Həmin bu kişilər bu qadınlar şairlərin misralarda gah enişə, gah da yoxuşa dərdləriylə gedib, gələrdilər. Məhv edilmiş xəyalların qırıntıları şeirlərdə adamın ürəyinə batırdı.

Qarabağımızın filan rayonu işğal olundu, fılan qədər dinc əhali yaralandı, fılan qədər şəhid verdik deyirdi, xəbər aparıcısı televizorda. Diktor onda hamıdan çox əziyyət çəkirdi. Bir yandan acı xəbərlər, bir yandan da onu izləyən başını itirmiş milyonların qəzəbi... Şüurlu, ya şüursuz “adam balasısan bir dəfə də şad xəbər versən nə olar”, və ya “yenə bu çıxdı, bu həmişə qara xəbərlər verir bunu niyə orda saxlıyırlar” deyərdilər. Nə isə əşi, nə isə... Evdə deyərdilər heyif o yamacdan, bu bağdan, fılan bulaqdan, dərədən, dağdan...

Uşaq ağlımla mən də başlayırdım oraları təsəvvür eləməyə. Təsəvvürlərimdən çat vermiş torpaqların həsrət qaldığı siyah bulud əskik olmurdu. Axı necə əksik ola bilərdi, bu qədər məğlubiyyətin içində?

Bir gün evdə gərnəşdim. Birdən anam dedi: "sinənə döy bala, adam gərnəşəndə sinəsinə vurar. Sonra da deyər ki, ağırlığım dağlara daşlara". Anam bunu dedi və o balaca uşağı özündən böyük fikir aldı apardı. Özüm- özümə dedim, ilahi, onsuz da o dağların erməni adlı ağırlığı var. Bir də mənim ağırlığımımı çəksin o dağlar?! Anama qarşı qəzəb oyandı içimdə. Anamın bəyəm o düşmənlərdən xəbəri yoxmu, yoxsa o düşmənləri ağırlıq saymırmı.
Ehh... doğrudan da o vaxt məni aparan fikir özümdən böyük idi, indiki kimi. Sonra ağırlığımı dağlara yox, düzlərə, daşlara tökməyimə qərar verdim. Bu qərarımı isə uzun müddət gizli saxladım.

... İndi fikirləşirəm ki, anam o dağları nəzərdə tutmayıb, anam həmin dağları nəzərdə tuta bilməzdi. Axı onun balaca oğlu balaca ürəyi ilə belə fikirləşibsə, anası necə başqa fikirdə ola bilərdi?!..

2015 - Bakı
Fuad Cəfərli

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı