hemle

Rusiya Qarabağda yerini bərkidir - NƏ BAŞ VERİR?

Tarix:1-04-2021, 09:12
Baxış Sayı:304

Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov martın 31-də Azərbaycanın Qarabağ bölgəsinə gəlib. Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirlir ki, nazir müavini Xankəndində sülhməramlılar üçün qurulmuş 250 yerlik blok-modul şəhərciyinin açılış mərasimində iştirak edib. “Bu gün 25 belə qəsəbənin təchizatını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. İşlər 5 aprel tarixindən gec olmayaraq başa çatacaq, bütün sülhməramlılarımız yerbəyer ediləcək”, – deyə ordu generalı vurğulayıb.

Bulqakov müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana inşa edildiyini, burada lazım olduqda xüsusi tibbi bölmə tərəfindən sülhməramlılara ixtisaslı yardım göstəriləcəyini söyləyib. O xatırladıb ki, üç aydan az bir müddətdə Xankəndi, Qarakənd, Xaçmaç, Xocavənd, Əsgəran və Qozlukörpüdə 12 blok-modul şəhərciyi tikilərək istifadəyə verilib. Yaxın gələcəkdə bu cür şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Çiləbürt və Qarıkaha ərazisində də qurulacaq.

Azərbaycan hökuməti hələ ki Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Qarabağa səfərinə münasibət bildirməyib. Generalın səfərinin Azərbaycanla razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil. Bu barədə Rusiya MN-nin saytında da hər hansı məlumat verilmir. Ümumiyyətlə, nazirliyin rəsmi açıqlamasında Azərbaycanın adı çəkilməyib, ancaq “Naqornıy Karabax” ifadəsi işlədilib. Bu, Azərbaycanın suverenliyinə hörmətsizlik olmaqla, Rusiya prezidenti Putinin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu barədə mövqeyi ilə ziddiyyət təşkil edir. Yeri gəlmişkən, daha Rusiya rəsmilərinin dilindən bu cümlə səslənmir. Əvəzində Moskvada postsovet məkanındakı separatçı bölgələrin, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar artır.

MN-nin məlumatında diqqət çıkən ikinci məsələ salınacaq şəhərciklərin sayı və onların bir qisminin Azərbaycanın nəzarətində olan Laçın və Şuşada tikilməsinin planlaşdırılmasıdır. Rusiya sülhməramlılarının olmadığı Şuşa şəhərində onlar üçün şəhərcik necə tikilə bilər? Hər halda, rəsmi Bakı bu məsələyə mütləq aydınlıq gətirməlidir.

Başqa bir məqam budur ki, 1960 nəfərlik heyət üçün bu sayda şəhərciklərin salınmasına nə ehtiyac var? Bu, Rusiyanın bölgəyə əlavə qüvvələr yerləşdirmək planının tərkib hissəsi ola bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev “Press Klub”a bildirdi ki, şəhərciklərin sayının çox olması ərazidə humanitar fəaliyyətlə məşğul olan minatəmizləyənlərin, inşaat şirkətlərinin fəhlələrinin və səhiyyə xidmətləri göstərən heyətlərin yerləşdirilməsi ilə əlaqədardır:

“Şəhərciklərin sayı onu deməyə əsas verir ki, Rusiya 1960 nəfər sülhməramlıdan başqa, ən azı 4 min nəfəri də humanitar fəaliyyət adı altında Qarabağa yerləşdirib. Heç bir ölkə, xüsusən qlobal lider olduğunu iddia edən nüvə dövləti öz sərhədlərindən kənarda fəaliyyət göstərən hərbi heyətinin çadırlarda yaşamasına razı ola bilməz”.

Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən bir isə şəhərciklərin Şuşa və Laçın ərazilərində inşa edilməsidir. Onun fikrincə, Laçın-Xankəndi yolu inşa edildikdən sonra bu şəhərciklər həmin ərazilərdən köçürüləcək.

Ekspert hesab edir ki, nazir müavininin Azərbaycandan icazəsiz Qarabağa gəlməsi inandırıcı deyil:

“Onsuz da ona “yox” deyən olmayacaqdı. Bir məsələni də deyim ki, Rusiya rəsmiləri özləri bildirmişdilər ki, Dağlıq Qarabağ ərazsinə gediş-gəliş ancaq Azərbaycanın icazəsi ilə mümkündür. Bəlkə də Rusiya rəsmilərinə birdəfəlik icazə verilib ki, nazirlər, müavinlər bölgəyə gəlib-gedə bilərlər. Amma istənilən halda Azərbaycan ərazisindən getməlidirlər. Bu səfərin detalları dəqiq deyil, yəqin bundan sonra məlum olacaq. Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanan bəyanatda Dağlıq Qarabağ ayrı subyekt kimi göstərilib. Burada 1991-ci ilə qədər sərhədlər haradan keçibsə, ərazilər necə adlanıbsa, indi də eyni standartlar tətbiq olunur”.

Politoloq Elxan Şahinoğlu isə bu qədər şəhərciyin qurulmasının Rusiyanın Qarabağda hərbi baza yaratmaq niyyəti ilə bağlı olduğunu düşünür. Açıqlamada hərbi infrastruktur yaradılacaq ərazilərdən biri kimi Şuşanın adının göstərilməsinə gəlincə, politoloq güman edir ki, bu, şəhərin Azərbaycan ordusunun nəzarətindən kənar kəndləri ola bilər.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...