hemle

Qız uşağı arzulamayan cəmiyyətin gələcək aqibəti...

Tarix:14-11-2018, 16:29
Baxış Sayı:1 035

Qız övladı dünyaya gətirənlərə "canın sağ olsun” deyə təsəlli verən bir toplumda yaşayırıq. Ölkə ginekoloqları arasında "dəqiq oğlan qrafiki deyən”lər ordusunun olmasından da xəbəriniz var. Bəli, ən yaxşı halda qadınlar arzuedilməz hamiləliyi yarıda kəsmək yerinə, qrafiklə (hansı ayda hamilə qalmanın körpənin cinsiyyətinə birbaşa təsiri var) hamilə qalmağa üstünlük verirlər; müxtəlif pəhrizlərdən sonra və ya həftənin müəyyən gün-saatlarında mayalanmanın baş tutmasının da körpənin cinsiyyətinə birbaşa təsir göstərdiyini bildikləri üçün...
Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. O səbəbdən heç bir ana öz yaşadıqlarını övladlarının təkrarən yaşamasını istəmir. Deməli, bu, cəmiyyətin özünün "zəifliyindən” irəli gəlir. Cəmiyyət "zəif” olduğundan, zəif hesab etdiyi qadını qəbul etmək istəmir, ondan "utanır”. Halbuki müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühim deyil... Amerikada aparılan bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Amerikalı tədqiqatçıların araşdırmasından o da bəlli olub ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Tədqiqat 3 postsovet ölkəsində - Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2010-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb. Problem varsa, ondan çıxış yolu da mütləqdir. Məsələn, dünya ölkələrində də bu problemi yoluna qoymağın qəribə üsulları var. Çin doğuşa nəzarəti təmin etmək məqsədilə 35 il boyunca "Bir ailə - bir uşaq” siyasətini həyata keçirib. Amma Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyası Mərkəzi Komitəsinin plenar iclasının qəbul etdiyi növbəti qərarla bu siyasət dayandırılıb, bütün ailələrə ikinci uşağı dünyaya gətirməyə icazə verilib.Bu, ölkədə demoqrafik inkişafı təmin etmək məqsədi daşıyıb. Bəs Azərbaycanda necə?…Mövcud problemlə əlaqəli hansı qabaqlayıcı tədbirlər aparılır?

Qız uşağına arzuolunmaz övlad kimi baxırlar

Atəsh.az xəbər verir ki,Milli Məclisin Ailə Qadın Uşaq Münasibətləri Komitəsinin üzvü Tahir Rzayev mövzuyla əlaqədarXeberle.com-a münasibət bildirib: "Ailədə övlad arasında fərq olmamalıdır, hər ikisi Allahın bizlərə nəsib etdiyi gözəl paydır. Bu gün bəzi oğlanlardan da qeyrətli, 100 oğlana dəyən qızlarımız var. Amma nədənsə, çox təəssüflər olsun ki, bəzi ailələr belə düşünmür və qız uşağına arzuolunmaz övlad kimi baxırlar. Hətta çox zaman selektiv abortlara üstünlük verirlər. Bir vətəndaş kimi bu məni də narahat edir. Dəfələrlə bu barədə fikirlərimi də bildirmişəm, bu Azərbaycan ailəsinə xas olan xüsusiyyət deyil. Qızlarımız başımızın tacıdır, onlar bizim ana və bacılarımızdır, onlar ən zəhmətkeş təbəqədir. Qız uşaqlarına olan fikirlərin dəyişməsi üçün stimullaşdırıcı tədbirlərin elə bir əhəmiyyətinin olmadığını düşünürəm, 2 yaxud da 3 qız uşağı dünyaya gətirən ailələrə hansısa pul mükafatlarının təyin olunması problemdən çıxış yolu deyil. Fikrimcə, istənilməyən uşaqların selektiv abortunun qarşısı alınmalıdır, bu əməli edənlər haqda ciddi tədbirlər həyata keçirilməlidir. Bu gün doğrudan da bir canlı məhv edilirsə, artıq bunu edən həkim də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Övladın istər ana bətnində olsun, istərsə xaricdə olmasının heç bir fərqi yoxdur, o, bir canlıdır və onu cinsinə görə məhv edən insanlar da cinayət əməli törətmiş olurlar. Mütləq bu əməli törədənlər üçün Cinayət Məcəlləsində də dəyişikliklər edilməlidir və törətdikləri əməlin cinayət olduğunu bilməyənlər qanun qarşısında cavab verməlidirlər. Belə olduğu halda, cinsinə görə abortların sayında ciddi dəyişiklik olar və qız uşaqlarının dünyaya gəlmədən məhv edilməsinin də qarşısı alınmış olar”.

Qıza zəif məxluq kimi baxan ailə anlamalıdır ki...

Qız uşağı arzulamayan cəmiyyətin gələcək aqibəti... - ARAŞDIRMA"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva bu gün qızların sayının oğlanlarınkına nisbətən aşağı düşməsinin ciddi narahatçılıq yaradan məsələlərdən olduğunu deyib: "Doğuşda oğlanların sayının çox olması sonradan gənclərin ailə qurduğu zaman yaranacaq problemlərdəndir, çünki qızların sayı ciddi şəkildə azalır. Bu gün doğulan uşaqlar arasında olan say fərqi gələcəkdə daha ciddi nəzərə çarpacaq. Ailələrdə mütləq maarifləndirmə işləri aparılmalıdır. Qıza zəif məxluq, oğlana isə nəslinin davamçısı kimi baxan ailə anlamalıdır ki, övlad arasında fərq qoyulmamalıdır. Belə ailələr anlamalıdırlar ki, indiki zamanda düzgün tərbiyə görmüş və ali təhsilli qız övladı heç də nəslin davamçısı olaraq böyüdülən oğullardan geri qalmır, əksinə cəmiyyətdə tutduğu vəzifələrinə və mövqeyinə görə irəlidədir. Selektiv abortların edilməsinə ciddi qadağalar qoyulsa da, təəssüf edirəm ki, qeyri–qanuni yollarla olsa da, bu əməliyyatlar edilir. Ona görə də öncə cəmiyyət maarifləndirilməlidir. Bu haqda mediada da video-çarxlar hazırlanmalı və nümunələr nümayiş olunmalıdır. Qadına zəif məxluq kimi baxan bəzi ailələr qız uşağı yetişdirib böyütməkdən bir növ çəkinir, düşünür ki, ailəsindəki qızı düzgün tərbiyə edə bilməz və nəslinin başını aşağı edər. Bu heç də doğru yanaşma deyil. İlk olaraq cəmiyyət maarifləndirilməlidir. Ailəsində xanımına qız uşağı dünyaya gətirməyi qadağa qoyan kişi birmənalı şəkildə anlamalıdır ki, qız uşağı da Allahın onlara nəsib etdiyi şirin paydır”, - deyə təşkilat rəhbəri söyləyib.

Azərbaycan hazırda selektiv abortların sayına görə dünya ölkələri arasında liderdir

Qız uşağı arzulamayan cəmiyyətin gələcək aqibəti... - ARAŞDIRMASosioloq Cavid İmamoğlu mövzu haqda Xeberle.com–a danışarkən bildirib ki, ölkəmizdə qadınlara qarşı ayrı-seçkilik, habelə zorakılıqlardan biri də onların dünyaya gəlmədən, ana bətnində məhv edilməsidir. "Təəssüflər olsun ki, Azərbaycan hazırda selektiv abortların sayına görə dünya ölkələri arasında liderdir və müxtəlif illərdə bu rəqəmlərin göstəriciləri kifayət qədər yüksək olub. Son illərdə isə aparılan maarifləndirmə işləri nəticəsində qız və oğlan uşaqlarının nisbətində yuxarı fərq aradan qalxıb, belə ki, 3 il bundan əvvəl bu fərq 118 oğlana 100 qız olurdusa , hazırda bu fərq 114-100 nisbətinə düşüb. Təbii ki, bu sevindirici haldır və əgər azalma tempi müşahidə edilirsə, yaxın gələcəkdə yeni doğulanlar arasında müşahidə olunan rəqəm fərqində kifayət qədər dəyişiklik olacağına ümid edirik. Əlbəttə ki, qadınların sayının azalması yaxın gələcəkdə ölkəmizdə qadın çatışmazlığı meydana gətirə bilər ki, bu da öz növbəsində cəmiyyətdə qadına qarşı gender əsaslı zorakılıqların çoxalmasına rəvac verə bilər. Belə ki, qız qaçırmaların, göbək kəsmələrin sayının artmasıyla və ümumiyyətlə cəmiyyətdə qadına qarşı dominant münasibətin çoxalmasıyla, gender əsaslı zorakılıqların yayılmasıyla müşahidə oluna bilər. Bundan əlavə, sözügedən artım bu formada müşahidə edilərsə, ümumi nəsil artırma əmsalında ciddi azalma olar. Bu barədə tədbirlər görərkən öncə əhalinin maarifləndirilməsi geniş şəkildə aparılmalıdır, abortlara nəzarət komitəsi yaradılmalıdır. Bu məsələlərə diqqət ciddi şəkildə artırılarsa, məktəblərdə, ailələrdə maarifləndirmə işləri aparılarsa, gələcəkdə problemi kökündən həll etmiş olarıq”, - deyə mütəxəssis qeyd edib.

Qız övladlarının dünyaya gəlmədən məhv edilməsi də bəyənilməyən əməllərdən sayılır

"İslam dini birmənalı olaraq ailə dəyərlərinə həmişə üstünlük verib və qız övladlarının dünyaya gəlmədən məhv edilməsi də bəyənilməyən əməllərdən sayılır”.

Bu sözləri problemin dini tərəflərini aydınlaşdırmaq üçün müraciət edərkən Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov söyləyib. O həmçinin bildirib ki, qız uşaqlarına fərqli yanaşma cahilliyi ərəb xilafəti dövründə də olub, belə ki, qız uşaqlarını diri-diri basdırırdılar: "Allah Təala Təqsir surəsinin 8, 9-cu ayələrində bu əməli qınayıb. İndiki zamanəmizdə isə artıq bu "müasir formada” həyata keçirilir, əvvəlcə övladın cinsi təyin olunur və buna görə öz istəklərini həyata keçirmiş olurlar. Bunun özü də İslam tərəfindən haram buyurulmuş əməllərdəndir. Övlada cinsinə görə fərq qoyulmamalıdır. Bu, həm milli-mənəvi dəyərlərimizə, həm də ki, İslam dininə yaraşmayan əməllərdəndir”.

"Gender Bərabərliyi” İctimai Birliyinin əməkdaşı Bağdagül Quliyeva da qızların sayının azalmasının cəmiyyətdə kəskin sosial problemlər yarada biləcəyini qeyd edib: "Dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. İnsanları "Əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik» - düşüncəsindən çəkindirmək lazımdır”. İB əməkdaşının fikrincə, ilk növbədə ultrasəs müayinəsi aparatlarında çalışan həkimlərin uşaq dölü haqqında qabaqcadan məlumat vermələri qadağan olunmalıdır: "Düzdür, həkimlər pula görə indi də bunu edirlər. Amma buna ciddi nəzarət olmalıdır. Məhz buna görə hazırda da abort edən qadınlar kifayət qədərdir. Ailədə də çox vaxt qızın doğulmasını problem kimi qarşılayırlar. Kişilər: «İki qızım var, üçüncünü nə edirəm?» - deyə vaxtında ondan xilas olmağa çalışırlar. Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə ailədə boşanma halları da baş verir. Bu cür qadınlara oğlan anasına nisbətən daha az hörmət edilməsi də faktdır. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmin inkişafıdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bunun üçünsə, ilk növbədə maarifləndirmə işi aparılmalıdır”.

Azər Azadzadə Atəs

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ