İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.
hemlemedia.az xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: ““Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.
Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi- yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.