Atəsh.az Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralın Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Ərkan bəy, 2 ildir Türkiyənin Azərbaycanda səfirisiz. Bakıya gələndə Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağınızı söyləmişdiniz. Bu müddət ərzində hansı planları həyata keçirmisiniz, hədəfləriniz nələrdir?
- Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi Bakıya gələndə qarşıma qoyduğum hədəf Türkiyə və Azərbaycanın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək işlərin həyata keçirilməsi ilə bağlı idi. Bu istiqamətdə işlərimiz davam edir. Bu gün iki ölkə arasındakı əlaqələr çox yüksək səviyyəyə çatıb.
Mənim səfirlik dönəmim böyük hadisələrin ildönümünə təsadüf elədi, Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusu və Azərbaycan qüvvələrinin Bakının işğaldan azad etməsinin 100 illiyi keçirildi, Bakı-Tiflis-Qars dəmiryolunun, TANAP layihəsinin, “Star” neft emalı zavodunun açılışı baş tutdu. Bir sözlə, çox nəhəng layihələrin reallaşmasına şahidlik etmək fürsətim oldu.
Buna görə qürur duyuram. Bundan sonra görəcəyimiz işlər, hədəfimiz dəyişməyib. Türkiyə ilə Azərbaycanı bir-birini daha yaxşı tanıması üçün çalışırıq. İşğaldan azad olunan Cocuq Mərcanlı kəndi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirdiyimiz layihəni yekunlaşdırmaq niyyətindəyik. Eləcə də yeni layihələr üzərində işləyirik.
- Türkiyə prezidenti adətən seçkilərdən dərhal sonra ilk xaricə səfərini Şimali Kiprə və Azərbaycana edir. İstanbulda açılan yeni hava limanından da ilk xaricə uçuşlar bu iki ölkəyə oldu. Ölkələrimiz arasında ənənəyə çevrilmiş bu addımların əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Yeni hava limanından ilk uçuşun Azərbaycana reallaşdırılması, xaricdən ilk səfərin Bakıdan olması münasibətlərimiz baxımından nümunəvi addımdır. Bunun, əlbəttə, Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlərə təsiri olacaq, amma simvolik mənası daha böyükdür. Ümummilli lider Heydər Əliyevin sözləri ilə hər zaman vurğulayırıq ki, biz iki dövlət, bir millətik. Bu uçuşlar da bunu həyata keçirən konkret addımlar olacaq. Bu, həm də Türkiyənin Azərbaycana verdiyi önəmi göstərmək baxımından əhəmiyyətli hadisədir.
İstanbul hava limanı dünya çapında bir layihədir, ildə 200 milyondan çox sərnişinə xidmət göstərəcək, İstanbulu dünya aviasiyasının ən böyük qovşaqlarından birinə çevirəcək. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr sadəcə bundan ibarət deyil. Bu yaxınlarda “Star” neft emalı zavodunun açılışı oldu. Bu, Türkiyənin ilk özəl industrial bölgə statusu qazanan proyektidir, ən böyük xarici yatırımdır.
“Star” zavodu örnək hadisədir, iki ölkənin iqtisadiyyatına böyük təsiri olacaq.
- Azərbaycanda çoxlu sayda türkiyəli iş adamı biznes fəaliyyəti ilə məşğuldur. Bu məqam iki ölkənin iqtisadi münasibətlərini perspektivdə hansı səviyyəyə qaldıra bilər?
- Ticari əlaqələrimiz illik 5 milyard dollarlıq həcmə malikdir. Bunun yarısı Azərbaycana, yarısı Türkiyəyə aiddir, balanslı ticarət həyata keçirilir. Ticarət dövriyyəsini daha da yüksək səviyyəyə çatdırmaq mümkündür. Bununla əlaqədar iki ölkənin aidiyyəti qurumları bir-biri ilə qarşılıqlı təmas quraraq yeni ticarət anlaşması üzərində müzakirələri davam etdirir.
Seçimə əsaslanan razılaşma gerçəkləşdiriləndən sonra əminəm ki, Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq, daha çox məhsul alış-verişi olacaq. İqtisadi sahədə edə biləcəyimiz daha vacib məqam investisiyaların artırılması ilə bağlıdır. Xüsusilə Türkiyədən Azərbaycana yönəlik yatırımların çoxalmasını nəzərdə tutan və istehsala əsaslanan, daha çox gəlir gətirən proyektlər həyata keçirilə bilər. Bununla əlaqədar iş adamlarımızı Azərbaycandakı potensial barədə məlumatlandırırıq.
Son illərdə burada iqtisadi islahatlar həyata keçirir, statistika da bunu nümayiş etdirir, dünyada ən çox islahatlar aparan ölkələr arasında Azərbaycan ilk sıralardadır. Bu barədə təşviqat aparmaqla Türkiyədəki investorları və iş adamlarını Azərbaycana cəlb etmək önəmli hədəflərimizdən biridir.
- Bakı-Tiflis-Qars dəmiryolunun açılışını xatırlatdınız, bu, layihə çox uzun prosesdən keçdi. Nəhayət, bu dəmiryolu tam gücü ilə nə vaxt işləyəcək. Bu ilin yanvarında sərnişin qatarı da yola düşməli idi, bu haqda dəqiq bir informasiya yoxdur. Perspektivdə nə gözlənilir?
- Bakı-Tiflis-Qars dəmiryolu artıq istifadəyə verilib, bu, çox önəmli hadisədir. Şərqlə Qərbi bir-birinə bağlayan yeni bir yol var. Aidiyyəti qurumların üzərinə düşən odur ki, bu dəmir yolundan tam şəkildə istifadə edilməlidir. Bir sıra çatışmazlıqlar var ki, bunlar da qısa zamandan aradan qaldırılacaq, bu istiqamətdə iş aparılır.
Türkiyə üzərindən Bakı ilə, hətta Şanxayla London arasındakı əlaqəni qurmaq mümkün olacaq. Sərnişin daşınmasına gəlincə, bu, bir az da tələbatdan asılıdır, amma yaxın zamanda bu prosesə başlanacağını söyləyə bilərəm. Bu istiqamətdə hazırlıqlar davam edir, ölkələrin dəmir yolları qurumları, nəqliyyat nazirlikləri arasında iş gedir.
- Noyabrın 4-dən etibarən ABŞ-ın İrana yönəlik sanksiyalarının ikinci mərhələsi başladı. Türkiyə bu məsələdə hansı mövqe sərgiləyəcək?
- Türkiyə bu cür sanksiyalara qarşıdır, bunun müsbət nəticəsinin olacağına inanmırıq. Bu sanksiyalara qarşı Avropa ölkələri tərəfindən işbirliyi modelləri yaradılır. Bir ölkənin mənfəətinə xidmət edəcək sanksiya sisteminə bütün ölkələrin qoşulmasını gözləmək ədalətli və düzgün deyil. Bununla bağlı Türkiyə ABŞ-ın müxalif elan etdiyi ölkələr sırasında dayanır. Bunun iqtisadiyyatlar üzərindəki təsirini zaman keçdikcə görəcəyik. İlkin mərhələdə neftin qiyməti, dünyadakı ticarət üzərində mənfi nəticəsinin olacağı proqnozlaşdırılır. Nə olacağını yaxın zamanda biləcəyik, hər ölkə də öz tədbirini görəcək.
- ABŞ Türkiyəyə sanksiyalara qoşulması üçün təzyiq göstərə bilərmi? Türkiyə axıra qədər dirəniş göstərəcəkmi? İranla münasibətlər necə qorunacaq?
- Əvvəlcədən proqnoz vermək doğru deyil, prosesin gedişatına əsasən qərar veriləcək.
- Amerikalı rahib Endryu Bransonın həbsi ilə əlaqədar Türkiyə ilə ABŞ arasında gərginlik yaşandı, hazırda iki ölkənin münasibətlərin indiki vəziyyəti necədir?
- İki ölkə arasında münasibətlər normal vəziyyətə qayıdıb. Əlaqələr əvvəlki ilə müqayisədə indi daha yaxşıdır. ABŞ-la hər səviyyədə təmaslarımız var. Birləşmiş Ştatlarla anlaşdığımız və razılaşmadığımız məsələlər, amma vacib olan iki ölkənin dialoq yolunu açıq saxlamaqdır. Prezidentlərimiz arasında telefon danışığı oldu, nazirlərimizin Parisdə görüşü olacaq. Problemlərin müzakirə ilə həllinə çalışırıq. ABŞ-la Türkiyə müttəfiqdir, iki ölkə arasında münasibətlərin də bu müttəfiqliyə uyğun olmasının tərəfdarıyıq.
- S-400-lə bağlı ABŞ-ın tələbləri var, istəyir ki, Türkiyənin Rusiya ilə zenit-raket kompleksi ilə bağlı alveri baş tutmasın. Mövqe necə olacaq, proses necə davam edəcək?
- Türkiyənin hədəfi öz hava müdafiə sistemini qurmaqdan ibarətdir. Bu məqsədlə vaxtilə bizə yardım edə biləcək ölkələrə müraciət edərək onların təkliflərini dinlədik. Son qiymətləndirmə nəticəsində bizə ən uyğun gələn təklif S-400 zenit-raket kompleksi idi və bu istiqamətdə seçim etdik. Artıq konkret addımlar da atılır. Bizim həqiqətən hava müdafiə sisteminə ehtiyacımız var. Buna görə də seçimizimizə uyğun olaraq bu sistemin qurulması üçün addımlar atırıq.
- Bu istiqamətdə NATO-nun, ABŞ-ın basqıları arta bilərmi?
- Bizə bundan imtina etmək üçün təzyiq göstərmək əvəzinə daha münasib təklif barədə düşünsələr daha yaxşı olar.
- Rusiya ilə Türkiyənin münasibətləri bu rels üzrə inkişaf edəcəkmi? NATO üzvü olan Türkiyənin Rusiya ilə münasibətləri Avroatlantik blokda təbii qısqanclıq yaradır...
- Rusiya bizim qonşumuzdur və bütün qonşularımızla yaxşı münasibətlərin tərəfdarıyıq. Türkiyənin NATO və ya Rusiya, yaxud başqa ölkə ilə münasibətləri digərinin alternativi deyil. Biz Rusiya ilə də, ABŞ-la da, Çinlə, İranla da yaxşı münasibətlərimiz olacaq. Bütün beynəlxalq təşkilatlarda, xüsusilə üzvü olduğumuz NATO-da aktiv fəaliyyətdəyik, eləcə də NATO Türkiyə olmadan qərar verə bilməz. Dünyada gözəl əlaqələr hakim olarsa, barış və sülh də hakim olar.
- Rusiya ilə Türkiyənin münasibətləri son illərdə sürətli şəkildə yaxınlaşır və böyüməkdə davam edir. Bundan başqa Azərbaycan-Türkiyə-Rusiya münasibətləri çox yaxındır. Bu yaxınlaşmanın Dağlıq Qarabağ probleminin həllinə hər hansı töhfəsi ola bilərmi?
- Biz bu töhfəni arzu edirik. Bu problemin həlli üçün hər səviyyədə töhfə verməyə çalışırıq. Çünki Dağlıq Qarabağ problemi həm də Türkiyənin problemidir. Bu ağrını biz də ürəyimizdə hiss edir və münaqişənin nəhayət həllini istəyirik. 25 ildən artıqdır ki, ədalətsizlik hökm sürür, doğma yurd-yuvalarından didərgin düşən, yaxınları şəhid olan, itkin düşən 1 milyon qaçqın və məcburi köçkün, hələ də əsirlikdə saxlanılan insanlar var. Bu ədalətsizliyə son qoyulmalıdır və bunu dostlarımıza, müttəfiqlərimizə, təmasda olduğumuz hər kəsə deyirik.
Onların içərisində, əlbəttə, Rusiya da var. Bu barədə onlara da söyləyirik. Həmçinin ATƏT-in Minsk qrupunun digər iki üzvü ABŞ və Fransanı həll üçün səy göstərməyə çağırırıq. Həmsədr ölkələrin səyləri bu günədək həll istiqamətində bir nəticə verməyib. Bundan sonra nəticə verməsinin vacibliyini vurğulayırıq. Çünki bu haqsızlıq davam etdikcə bölgədə sülhün qurulması, ədalətin hakim olması mümkün olmayacaq. Bu isə iqtisadi, sosial inkişafın qarşısını alacaq və problemə çevriləcək.
- Dövlətlərin yaxınlaşması problemlərim həllinə kömək edir, eyni zamanda liderlərin, rəhbərlərin də münasibətlərinin xüsusi rolu olur. Rəcəb Tayyib Ərdoğan-Vladimir Putin-İlham Əliyev münasibətlərinin Qarabağın həlli üçün yaxın zamanda mühüm rol oynaya bilərmi?
- Dağlıq Qarabağ problemini öz qəlbimizlə hiss edirik. Buna görə də problemin həllinə töhfə verəcək hər potensialdan istifadə etməyə çalışırıq. Vurğuladığınız məqam təbii ki, böyük önəm daşıyır və münaqişənin həllinə təsir göstərə bilər, bu yoldan da istifadə etməyə çalışırıq.
- Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin qurulmasına dair bəyanat vermişdi. Türkiyə ilə Ermənistan arasında münasibətlər hansı formada qurula bilər?
- Bu məsələyə Prezident Rəcəb Tayyib Ərdoğan da, Xarici İşlər naziri Mövlud Çavuşoğlu da, Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım da öz mövqeyini bildirib. Ermənistan bu məsələdə ilkin şərt irəli sürmədiyini söyləyə bilər, cənab prezidentimiz sentyabrın 15-də Bakıda Azadlıq meydanında hərbi paradda çıxışı zamanı dediyi kimi qardaşlarımızın torpaqlarının 20 faizi işğal altındadır, 1 milyondan çox qardaşımız məcburi köçkün və qaçqın vəziyyətinə düşüb, bu işğalçılar bizdən heç nə olmamış kimi davranmağımızı gözləməsinlər. Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyiş yoxdur, belə vəziyyətdə Türkiyə tərəfindən bir addım atılması gözlənməməlidir.
- Hər gün Türkiyə mediada FETÖ terror təşkilatının üzvlərinin saxlanması, barələrində istintaq tədbirləri görülməsi haqda xəbərləri izləyirik. FETÖ uzantılarının tamamilə məhv edilməsi istiqamətində işlər nə yerdədir?
- Türkiyədə bu terror təşkilatına ağır zərbələr endirilib. Onların ölkə daxilində böyük miqyasda fəaliyyət göstərmələri qeyri-mümkündür. Lakin təşkilatın xaricdəki uzantılarına təəssüf ki, lazımi səviyyədə reaksiya verilmədi.
Hazırda Afrika, Asiya ölkələrində bu terror təşkilatı ilə mübarizə aparılır. Təşkilatın pul qaynaqlarının kəsilməsinə, xaricdə bu formada çökdürməyə çalışırıq. Təbii ki, Türkiyədə bu təşkilatın saxlanılan üzvlərinin cəzalandırılması üçün məhkəmə prosesi davam edir. Onlar da haqq etdiyi cəzanı alacaqlar. 15 iyul hərbi çevirilişə cəhdlə əlaqədar məhkəmə prosedurları nəticələnmək üzrədir, bu çevirilişə cəhd edənlər və onun arxasında duranlar cəzalarını alırlar.
- Azərbaycanda FETÖ ilə bağlı məsələ həll olunubmu?
- Azərbaycanda FETÖ ilə əlaqədar çox vacib addımlar atıldı, ciddi tədbirlər görüldü, böyük irəliləyişlər əldə olundu. Azərbaycan FETÖ ilə mübarizə məsələsində ən uğurlu nöqtələrdən birindədir. Əgər burada bəzi addımlar atılmalıdırsa, onu da Azərbaycan hökuməti mütləq atacaqdır.
- FETÖ lideri Fətullah Gülənin Pensilvaniyadabn Türkiyəyə ekstradisiyası yenə də masa üzərindədirmi?
- Əlbəttə. Bu mövzu ABŞ-la əlaqələrimizin ən vacib gündəm maddələrindən biridir.
- Eləcə də yeni Adnan Oktar şəbəkəsi ilə bağlı istintaq həyata keçirilir...
- Bu təşkilatlar bir-biri ilə təmasdadırlar və onların hamısı ilə birgə mübarizə aparmaq məcburiyyətindəyik. Qapı açılanda hamısı birdən ortaya çıxır. Bu şəbəkənin üzvləri də hakim qarşısına çıxıb etdiklərinin hesabını verəcəklər.
- ABŞ-Türkiyə münasibətlərində bir düyün nöqtəsi də Suriyadakı kürd qruplaşmaları ilə bağlı idi. Təbii ki, Türkiyə öz sərhədlərini, ərazi bütövlüyünü qorumaqda israrlıdır, kürd məsələsi ilə bağlı danışıqları nə yerdədir, nə kimi yeniliklər var?
- Əvvəla, bir şeyi qeyd etmək lazımdır ki, bu məsələni kürd məsələsi kimi adlandırsaq, yanlışlığa yol verərik. Çünki Suriyada və İraqdakı kürdlərin hamısı bizim qardaşımızdır, bizim kürdlərlə problemimiz yoxdur. Əsas məsələmiz terror təşkilatları ilə bağlıdır. Suriyada fəaliyyət göstərən PYD/YPG adlı, PKK-nın uzantıları olan təşkilatlarla mübarizə aparırıq. Sərhədimizdə PYD/YPG kimi terror təşkilatının dövlət qurmaq cəhdlərinə qarşıyıq. Bizim kürdlərlə hər hansı problemimiz yoxdur. ABŞ-a başa salmağa çalışdığımız məsələ də budur.
Bu terror təşkilatları bizim sərhədimizdə təhlükəsizliyimizə təhdid etdiyi müddətdə lazımi tədbirləri görəcəyik. Daha əvvəl Afrində “Zeytun budağı”, Əl-babdakı əməliyyatlarda gördük, Türkiyə nə lazımdırsa, edəcək. Birləşmiş Ştatlarla bu məsələni müzakirə edərək həll etməyə çalışırıq.
Aramızda bəzi fikir ayrılıqları olsa da, bu məsələdə işbirliyi qapılarını açıq tuturuq. Bildiyiniz kimi Menbiçdə Türkiyə və ABŞ əsgərləri patrul xidməti həyata keçirir. Amma Türkiyə bundan əvvəl olduğu kimi bundan sonra da vətəndaşlarının güvənliyi üçün lazımı bütün işləri görəcək.
- İdlib anlaşmasından sonra Suriyadakı prosesləri necə qiymətləndirirsiniz?
- İdlib razılaşması örnək anlaşmadır. Suriyada hər şeyə rəğmən sabitliyin bərpasını nümayiş etdirdi. Bu, həmişə müdafiə etdiyimiz Suriyanın ərazi bütövlüyü, suverenliyi kimi məqamların əks olunduğu önəmli anlaşmadır. Bu razılaşmanın uğurlu olması üçün əlimizdən gələni edirik. Rusiya tərəfi də bu istəyinin olduğunu bəyan edib. Türkiyə ilə Rusiya arasında işbirliyinin konkret nümunəsi kimi İdlib razılaşmasını qeyd etmək olar.
İdlib yüz minlərlə insanın həyatını xilas etdi, milyonların qaçqın statusu qazanmasına mane oldu, öz ölkəsindən ayrı düşməsinin qarşısını aldı, o insanlara həyat ümidi verdi. Biz İdlibdə başladığımız prosesi sonadək davam etdirəcəyik. Bunun davamı Astana və Cenevrə görüşləridir.
Suriyada konstitusion quruluşun tətbiqi, ölkənin yenidən birləşməsi ilə əlaqədar Suriya və ABŞ-dakı tərəflərlə müzakirə edib anlaşmaya nail olmağa çalışacağıq. Eləcə də Suriyadakı qərarverici tərəflərlə bu mövzunu təşviq edəcəyik.
- Türkiyənin Bəşər Əsədə münasibətində hər hansı mövqe dəyişikliyi yoxdur ki?
- Xeyr, Bəşər Əsədin getməli olduğunu bu proses başlayandan bəyan edirik. Öz millətinin nümayəndələrinin, milyonların qanına əli batan şəxsin Suriyanın başında dayanmasını istəmirik. Bunu nəinki biz, heç kəs, ən əsası Suriya xalqı istəmir. Suriya yenilənməli, yeni Konstitusiya formalaşdırılmalıdır.
- İstərdik Türkiyənin Avropa Birliyi ilə münasibətləri haqda da danışasınız, ABŞ-ın İran məsələsindəki mövqeyi Avropa Birliyi ilə Türkiyənin yaxınlaşmasını sanki şərtləndirir. Bu istiqamətdə hansı fəaliyyət var?
- Avropa Birliyi ilə bizim əlaqələrimizin bəlli cizgisi var. Müzakirələrimizi yenidən canlandırmaq niyyətindəyik, təbii ki, birtərəfli istəklə alınmır. Bunun üçün Avropa Birliyinin də bizimlə eyni istəkdə və hədəfdə olmalıdır. Avropa hazırda öz gələcəyi ilə bağlı yolayrıcına yaxınlaşır. Breksit Avropanın gələcəyi barədə bir sıra suallar ortaya çıxardı.
Bunu bizdən daha çox avropalılar dəyərləndirməlidir. Çünki biz öz hədəfimizi, məqsədimizi ortaya qoymuşuq, haraya getmək istədiyimizi çox yaxşı bilirik, vacib olanı Avropanın bu məsələdə açıq olmalıdır.
- Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının ölümü hələ də gündəm mövzusudur. Konsulluqda bir insanın yoxa çıxması necə baş verə bilər? İstintaqdan nələr gözlənilir?
- Bu hadisə qəbuledilməzdir və bağışlanması mümkün deyil. Artıq cinayətin işləndiyi dəqiqləşib. Lakin hələ də Səudiyyə Ərəbistanı atmalı olduğu addımları atmayıb. Bu cür gecikmə bir çox suallar yaradır. Səudiyyə Ərəbistanının bu hadisədə məsuliyyəti var, biz Türkiyə olaraq hesab edirik ki, qətldə iştirak edən şəxslərin məhkəmə qarşısına çıxarılmalı, onlar Türkiyədə mühakimə olunmalıdır.
Amma bu günə qədər Səudiyyə Ərəbistanı tərəfindən cəsədin başına nələr gətirildiyini barədə hər hansı rəsmi açıqlama verilməyib. Bütün dünya aldatmağa çalışılır. Bunu əxlaqi baxımından heç kəs qəbul edə bilməz. Səudiyyə Ərəbistanı dürüst olub əllərindəki bütün məlumatları, qətldə təqsirli bilinənlərin arxasında dayanan şəxsləri dünya ictimaiyyətinə açıqlamalıdır.
- Azərbaycan ictimaiyyəti, Bakı əhalisi ilə necə münasibət qurursunuz?
- Türkiyədən gələn kimdən soruşursunuzsa soruşun, istər birinci, istərsə də 20-ci gəlişində deyəcək ki, Azərbaycan Türkiyədən fərqlənmir, bura gələndə özümüzü Türkiyənin başqa vilayətinə gəldiyimizi düşünürük. Mən də eyni hissləri bölüşürəm. Bakıda gəzintiyə çıxanda öz millətimin içindəki yaxınlığı hiss edirəm. Azərbaycan türk diplomatının çalışacağı bəlkə də ən gözəl ölkədir. Çünki buradakı hissiyyatı dünyanın başqa heç bir ölkəsində yaşamaq mümkün deyil. Azərbaycan doğma vətənimizdir və öz parçamızdır, burada olduğuma görə xoşbəxtəm.
- Bakıda daha çox haranı gəzməyi xoşlayırsız?
- Bulvara, Fəvvarələr meydanına gedirəm. Eləcə də regionlara səfər edirəm. Daha çox Cocuq Mərcanlıda olmuşam, Gəncənin ayrı yeri var, Xaçmaz, Quba, Şəki, cənub bölgələrində olmuşam. Çox sağ olsunlar, hər bölgədən dəvətlər gəlir, getməyə çalışırıq.
Azər Azadzadə Atəsh