İstanbulda Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul bəyannaməsinin imzalanması Ermənistanda müzakirə predmetinə çevrilib.
İlk baxışda İranın bu prosesdə iştirakı normal və təəccüb doğurmayan məqam kimi görünə bilər. Lakin İranın Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda bəyannaməni imzalaması Ermənistan üçün narahatedici faktordur.
Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb.
Bəllidir ki, Türkiyə Qarabağ konfliktinin tənzimlənməsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib.
Ermənistan mətbuatı yazır ki, sənəddə İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atması xüsusilə diqqət cəlb edir.
Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tutub.
“İndi isə İranın bu sənədə qoşulması onu göstərir ki, Tehran Azərbaycanın Qarabağ siyasətini müdafiə edir” – Ermənistanın nüfuzlu 1in.am analitik portalında dərc olunan məqalədə belə yazılır.
Həqiqətən də İran-Ermənistan münasibətlərində hər hansı böhran varmı? Bu suala cavab vermək üçün bir neçə məqama nəzər salmalıyıq.
Bir neçə ay bundan qabaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır.
Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə effektiv danışıqlar üçün uyğun format hesab edilmir.
Digər tərəfdən, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də ürəkaçan deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir.
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu məqsədə xidmət edirdi.
Qərb mətbuatının Boltonun səfəri öncəsi yazdıqlarından da belə anlaşılırdı ki, Qarabağ münaqişəsinin tənzimlənməsi Vaşinqton üçün prioritet deyil.
Boltonun Bakıda səfərdə olarkən verdiyi açıqlamalar da bunu təsdiq edir. O keçirdiyi mətbuat konfransında daha çox İran məsələsinə diqqət çəkmişdi.
Bu baxımdan İran regionda Amerika amilinin möhkəmlənməsi perspektivindən də narahatdır, bu isə, sözsüz ki, məngənədə sıxılan Ermənistana da təsir edir. Çünki İran Ermənistanın əsas ticarət partnyorlarından biridir.
Ermənistanda da iqtisadi durum bərbaddır və bütün regional layihələrdən kənarda qalıb.
Bu siyasi proseslər fonunda isə Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın maraqlarına cavab vermir. Paşinyanın Qərbə meylliliyi Rusiyanı da qıcıqlandırır. İstənilən halda isə itirən daha çox Ermənistanın özüdür.
İstanbul bəyannaməsi isə Ermənistanla İran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər.
Azər Azadzadə Atəs