Qara dənizdə son aylarda baş qaldıran gərginlik davam edir. Rusiya və ABŞ-NATO kimi böyük güclərin buradakı növbəti toqquşmaları səngimək bilmir, əksinə, hər keçən gün güclənir. Bu proses getdikcə təhlükəli istiqamətlərə doğru cərəyan edir və böyük müharibə riski durmadan artır.
Son olaraq, Rusiya qırıcı təyyarəsi "Su-27" Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsi “Boinq RC-135"i bloklayıb.
ATESH,AZ saytı Axar.az saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, bir müddət gərgin anlar yaşanıb. Belə ki, təyyarələr havada qarşı-qarşıya gəlib. Rus təyyarəsi ABŞ təyyarəsinin ölkə sərhədlərinə daxil olmasının qarşısını kəsib.
Rusiya Şimal Hərbi Donanmasının Barens dənizi hövzəsindən “qovduğunu” bəyan etdiyi NATO gəmiləri barədə də yeni məlumatlar gəlməkdədir.
PİA.az-ın məlumatına görə, ABŞ-ın USS Ross raket destroyerinin rəhbərliyi altında NATO hərbi donanmasının Barens dənizi hövzəsinə daxil olduğu xəbər verilir.
Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi bildirib ki, NATO donanmasına rəhbərlik edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Ross” destroyeri “Tomahavk” balistik raketləri və Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunub. Donanmaya həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Donald Cook”, “USS Roosevelt” və “USS Porter” gəmiləri də daxildir.
Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin sentyabrın 9-da yaydığı məlumata görə isə NATO-nun sözügedən donanması artıq həmin ərazidən “qovulub”. Amma o da etiraf edilir ki, donanma Norveçin ərazi sularına qayıdaraq, gözləmə mövqeyinə çəkilib. Bu isə iki super hərbi qüdrət arasında yaşana biləcək toqquşma təhlükəsinin tam savuşmadığını göstərir.
Elxan Şahinoğlu: “Böyük dövlətlər o qədər məntiqsiz hərəkətlər edib...”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu böyük müharibə ehtimallarına bu cür şərh verdi: “Qara dəniz və Aralıq dənizi hövzəsində vəziyyət getdikcə gərginləşir. Aralıq dənizində faktiki olaraq, bir çox dövlətlər üz-üzə gəliblər, Türkiyə, Yunanıstan, Fransa, Misir, İsrail və s. Rəsmi Ankara Aralıq dənizində öz haqqını istəyir, özünə aid hissədə enerji kəşfiyyat işləri aparır. Yunanıstan isə buna müqavimət göstərir. Fransa burada Afinaya dəstək verir. Rəsmi Paris Suriya və Liviyada mövqelərini itirdiyini, bu iki ölkədə Türkiyənin mövqelərini gücləndirdiyini görür. İndi Yunanıstanın əli ilə qardaş ölkəyə müqavimət təşkil etməyə çalışır. Amma rəsmi Ankara geri çəkilən deyil. O cümlədən Qara dənizdə də vəziyyət qənaətbəxş deyil. Burada da Rusiya və Amerika, NATO ölkələrinin maraqları toqquşur. Kreml Krımı ilhaq etdikdən sonra Qara dənizin böyük hissəsinə iddiasını ortaya qoyub, Krımda bazalar formalaşdırıb. Bu da Ukrayna və NATO ölkələrini ciddi narahat edir. Ona görə də onlar Qara dənizi tamamilə Rusiyanın ixtiyarına vermək istəmirlər. Qara dənizə ara-sıra Amerika gəmiləri daxil olur. Bu da şimal qonşumuzu qıcıqlandırır, onu ciddi narahat edir. Bu isə Amerikaya müttəfiq olan Qara dəniz hövzəsi ölkələrinin maraqlarına cavab verir. Onlar bu hövzəni tamamilə Rusiyanın ixtiyarına vermək istəmirlər. Üstəgəl, üçüncü istiqamətdə də gərginlik var. Amerika təyyarələri zaman-zaman Rusiya sərhədinə yaxınlaşır. Kreml isə buna adekvat cavab verməyə çalışır. Bu istiqamətdə də gərginlik davam edir. Bütün bunlar ona görə baş verir ki, Rusiya 2008-ci ildə Gürcüstanla müharibə etdi, 2014-də Ukrayna ilə problemlər yaşadı, Krımı ilhaq etdi. Bundan sonra Rusiya-ABŞ və Rusiya-NATO münasibətləri gərginləşdi. Bu gərginlik hələ də davam edir. Ona görə də düşünmürəm ki, yaxın müddətdə həm Aralıq, həm də Qara dənizdə gərginlik azalsın. Düzdür, bu o demək də deyil ki, böyük müharibə başlaya bilər. Amma insident ehtimalı qalır. Hansısa hərbi təyyarə digər ölkənin təyyarəsini vura bilər, yaxud hansısa gəmidən atəş açıla bilər. Amma düşünmürəm ki, böyük dövlətlər o qədər məntiqsiz hərəkətlər edib, bunu müharibə həddinə gətirib çıxarsınlar. Türkiyə ilə Rusiya arasında da insident olmuşdu. Rəsmi Ankara sərhədi pozan rus hərbi təyyarəsini vurmuşdu. Bir müddət gərginlik yaşandı. Amma sonradan bu iki dövlət başa düşdü ki, gərginliyin artması vəziyyəti daha da mənfi istiqamətlərə yönəldə bilər. Sonralar bu məsələni çözdülər. Amerika ilə Rusiya arasında həm Aralıq, həm də Qara dənizdə böyük müharibənin baş verəcəyini ehtimal etmirəm. Amma kiçik insidentlərin baş verməsi mümkündür”.
Məhəmməd Əsədullazadə: “Aktiv müharibə gözlənilmir”
Politoloq Məhəmməd Əsədullazadə tərəflərin bir-birilərinə qarşı bu cür təxribatlarının davam edəcəyini düşünür: “Rusiya və Qərb arasında geosiyasi müstəvidə çox ciddi siyasi-hərbi konflikt yaşanır. Bu, isti müharibə vəziyyətinə gəlməsə də, proseslər bu istiqamətə aparır. Arktikanın silahlandırılması, Qara dənizdə NATO və Rusiyanin qarşı-qarşıya gəlməsi, əsasən yeni bir siyasi nizamın formalaşmasına əsaslanır. Barens dənizində şimal qütbündə karbohidrogen yataqlarının olması, ticari yolu Rusiyanın bu akvatoriyaya sahib olmasını planlayır. Ona görə də hərbi aktivliyini artırır. Məhz ABŞ-NATO çətiri altında Rusiyanın bu regionda güclənməsinin qarşısını alır. Hesab edirəm ki, Qara dənizdə qarşı-qarşıya gəlmək və verilən bəyanatlar bu coğrafiyada hərbi toqquşmanı tətikləyir. Türkiyə və Yunanıstan arasında davam edən münaqişəni də götürsək, ABŞ və Rusiya konkret nüfuz dairəsinin müəyyənləşdirilməsi üçün bu kimi hərəkətlilik edirlər. ABŞ Gürcüstanda hərbi təlimlər keçirir, Rusiya da bundan narahatdır. Ona görə də Qara dənizdə tərəflərin bu kimi bir-birilərinə qarşı təxribatları davam edəcək. Aktiv müharibə gözlənilmir. Amma əzələ gücü və Rusiyanin Ukraynanın şərqində və Krımda güclənməsi, ABŞ-ın Gürcüstanda hərbi aktivliyini artırması ilə tərəflər nüfuz dairəsini müəyyənləşdirəcəklər. Hesab edirəm ki, yeni geosiyasi nizamda ABŞ daha da beynəlxalq jandarm rolunu qoruyacaq”.
Cavanşir ABBASLI,
ATESH,AZ