hemle

Mehdiyevsayağı “dövlət tərbiyəsi”

Tarix:10-09-2020, 16:03
Baxış Sayı:459

ATESH,AZ saytı yayımladı.
Ramiz Mehdiyev qırışlarla “naxışlanmış” barmaqlarını yenə silkələdi: “Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar”.

Bunun adı şantajdır. Qoca akademik son 25 ildə çapıb-taladığı var dövləti, misli görünməmiş sərvəti qorumağın başqa yolunu tapa bilmir. Ümid edir ki, bu yolla kimlərinsə boğazını “quruda” biləcək.

Sosial şəbəkə iştirakçıları “boz kardinal”ın hələ “mürəkkəbi” qurumamış açıqlamasını müxtəlif kontekstlərdən müzakirə edirlər. Bu məzmunda şərhlərə tez-tez rast gəlmək mümkündür: “Mehdiyev çoxlarının kürkünə birə salıb”.

Günün sualı budur: Ramiz Mehdiyev çox şey bilir?

Bəli, bilir. Hətta mənim kimi çoxbilmiş jurnalistdən də yüz dəfə çox şey bilir…

Ortaya yenə sual çıxır: indi biz bildiyimizin hamısını danışmalıyıq?

Yenə özüm cavab verim: əslində, danışmamalıyıq. Elə sirlər var ki, bizimlə qəbrə getməlidir. Uzun illər dövlətdə mühüm post tutmuş adamlar isə nəinki danışmamalıdırlar, hətta bunu ağıllarının ucundan belə keçirməməlidirlər…

Yaxın aylara kimi Ramiz Mehdiyevi bizə təcrübəli dövlət adamı kimi sırıyıblar. Mehdiyevsevərlərin əsas arqumentlərindən biri bu olub: “Ramiz müəllim dövlət tərbiyəsi görüb”.

Həmin adamlardan soruşuram: dövlət qulluğunda çalışdığı uzun illər ərzində əldə etdiyi sirləri yayacağını dilə gətirməsi, vaxtilə tabeliyində çalışan şəxsləri, o cümlədən onu tənqid edən ayrı-ayrı deputatları şantaj etməsi hansı dövlət tərbiyəsinə sığar? İki jurnalistin, üç deputatın səthi tənqidinə dözməyib, dövlətə, onun idarə edilməsində müəyyən xidmətləri olan şəxslərə meydan oxumaqdırmı dövlət tərbiyəsi? Prezident Administrasiyasına rəhbərlik etdiyiniz 25 il ərzində elə bunumu öyrəndiniz, hörmətli “dövlət adamı”?

Gəlin, açıq danışaq. Özünün də dediyi kimi, bu ölkədə Mehdiyevin sayəsində adam olan xeyli adam var. Sözsüz ki, onların arasında nazir müavinləri, icra başçıları, deputatlar, rektorlar var. Ola bilsin ki, məlum toydan sonra onlardan kimsə akademikin əleyhinə danışıb. Və yaxud hələ də danışır. Mehdiyev onları necə susduracaq?

Deyəcək ki, ay filankəs, iki eşşəyin arpasını bölə bilmədiyin halda səni deputat eləmişəm? Yoxsa, hansısa rektora irad tutacaq ki, elmi işin plagiatdır, özün də iki cümləni ard-arda qura bilmirsən, amma mənim sayəmdə vəzifə tutmusan? Yoxsa, Bakının mərkəzində 3 hektar torpağı 3 min manata özəlləşdirən icra başçısının üstünə qışqıracaq ki, mən olmasaydım, indi acından ölürdün?

Anlaya bilmədiyim bir məqam var: tutaq ki, Mehdiyev iki uzunqulağın arpasını bölə bilməyən hansısa nadanı 10 il əvvəl deputat seçdirib. Normal məntiq deyir ki, bu cür faktları ört-basdır etmək, gizlətmək lazımdır. Tutaq ki, sən öz mənafeyin üçün bunu dilə gətirməyə hazırsan. Bəs, 40 min seçicinin söyüş-qarğışını eşitməyə də hazırsanmı?

Ramiz Mehdiyev 25 il vəzifədə işləsə də, alqış yiyəsi ola bilmədi. Görünür, bundan sonra qarğış yiyəsi olacaq…

Seymur VERDİZADƏ
ATESH,AZ

Digər xəbərlər
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI
08:25 Tibbdə İNQİLAB - Virusları tutmaq mümkün oldu
08:22 Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."
19:48 İnfarktı əngəlləməyin sadə yolu....