hemle

ZİYALILARIMIZI “OTEL OTAĞI”NDA İTİRMƏYƏK – CAVİD İSMAYIL YAZIR

Tarix:31-08-2020, 15:30
Baxış Sayı:666

Cavid İSMAYIL.

Əfəndilər, sizi bilmirəm, amma mən 1998-ci ildə yazıçı Anarın eyniadlı povesti əsasında ölməz Rasim Ocaqovun rejissorluğu ilə ekranlaşdırılmış “Otel otağı” filmini çox bəyənirəm. “Azərbaycanfilm” əsas rolların ifaçılarından Rasim Balayev (Sədyar), Fəxrəddin Manafov (Kərim), Muxtar Maniyev (Çopur Cabbar ) və başqalarının iştirakı ilə çox mükəmməl bir film ərsəyə gətirib.

Bu yazımda film haqqında ətraflı danışmaq fikrim yoxdur. Yalnız bir neçə elə vacib məqamlara toxunacağam ki, əfsuslar olsun hələ də real həyatımızda öz aktuallığını itirməyib.

Bu baxımdan diqqəti filmdə SSRİ dönəmində milli kimliyi yaşadan, əsərlərində milli ruhu təbliğ edən, azadlıq sevdalısı Əskər müəllimə təzyiq edən, ona “pantürkist” deyərək “sovet adamına uyğun olmayan əxlaqı”na görə xain damğası vuran, qırmızı terrora, Stalin repressiyasına məruz qoyan Çopur Cabbara yönəltməyi doğru hesab edirəm. O Çopur Cabbar ki xalqımız milli azadlıq ruhu ilə müstəqillik uğrunda mübarizəyə qalxanda böyük ustalıqla xamelyon kimi qılıq dəyişərək “azadlıq aşiqi”, “türkçü” qılığında içimizə sızmağa müvəffəq olur və bu dəfə də əksinə sovet rejimini tənqid etməyə başlayır.

Ən faciəlisi və təhlükəlisi odur ki, şərəf və ləyaqətdən xəbəri olmayan Çopur Cabbar hər iki dönəmdə yenə də kürsüdə və söz sahibi olmasıdır.

Çox maraqlıdır. Bilmirəm nədəndir, tarixdən də bəllidir ki, daima riyakar, satqın, yaltaq və məkrli xisləti və müti qulu olduqları ağalarına xidmət edən bu Çopur Cabbarların ana mayasına elə xarab mikrob qatılıb ki, bunlar üçün nə Vətən, nə xalq, nə dövlət, nə də dövlətçilik müqəddəsdir. Belələri yalnız “yaşadıqları” zaman içində yaltaqlıq və xəyanət yoluna sadiq qalırlar.

Belələri üçün masanın yuxarı hissəsində kimin oturmağının fərqi yoxdur. Əsas odur ki, bütün varlıqları ilə həmin yuxarı başda oturana yarınsınlar. Və belələri təhlükəli olmaqla bərabər el sözü ilə desək qazdan da ayıqdırlar. Çünki, masanın yuxarı tərəfini güdməlidirlər, indi kim olacaq… ki ciblərindəki hazır tərif yazısını çıxarıb sadəcə ad, soyad dəyişməklə yenə də ağızdolusu, pafosla oxusunlar.

Bu filmə dəfələrlə baxmışam. O qədər ustalıqla ekranlaşıb, obrazlar o qədər ustalıqla yaradılıb ki, hər dəfə cəmiyyətimizdə mövcud olan hansısa problemin və ya hadisələrin, cərəyan edən xəstəliyin kökünü axtarsan, orda görmək mümkündür.

Bir sözlə, bu filmdə baş verən hadisələr təəssüf ki, öz reallığını hələ də qoruyur. Hələ də, içimizdə 300 illik tarixə yaxın olan bir zaman kəsiyində, sahibinə yarınmaq yolunu tutan, istənilən an Vətəni satmağa hazır olan çopur cabbarlar əfsuslar olsun ki, çoxdur.

Film italiyalı bəstəkar Tomaso Albinoninin-Adagio in G Minor müsiqisilə başlayır və filmin baş qəhrəmanlarından olan Kərim, İstanbulda Boğazda bir gəmidə olarkən bu sözləri xəyalən canlandırır; “Niyə bu mənfur dünyada hər şey belə ədalətsiz bölünüb? Birisinə hər şey, o birisinə heç nə. Kimsə bütün ömrü boyu əclaflıq edir, heç cəzasını çəkmir. Başqası isə həyatı boyu haqsız istirab içində yaşayır. Mən ateist deyiləm, əstəğfurullah. Amma əgər Allah varsa, niyə dünyada bu qədər haqsızlıqlara yol verir, niyə?”

Əslində suallar çoxdur.

Əsl Vətən sevdalıları, dövlətə və dövlətçiliyə bağlı olan ziyalılar, əsl elm adamları nadan əlində mənən əzildikdə, sizcə Vətən sarsılmırmı?

Doğma Vətənin isti günəşini şimalın soyuq küləyinə dəyişən qanıxarabların əli altında çalışmağa məcbur olan əsl ziyalı sizcə mənən nələri yaşayır? Heç düşünmüsünüz?

Nəyə görə cəmiyyətimizdə bir sıra hallarda tarixin bütün dönəmlərində şərəfli yaşamağı yox, riyakarlığı, satqınlığı özlərinin yaşam brendinə çevirmişlər daim kürsülərdə söz sahibi olurlar? Məhz əksər hallarda çopur cabbarlar önə çəkilir? Nəyə görə cəmiyyətimiz belələrini qəbul edir?

Filmin sonunda Türkiyədə səfərdə olan Kərim müəllim, İstanbulda gecə qalmaq üçün büdcəsinə uyğun otel axtarır və sonda nəhayət birini tapır. Otelçinin tərəddüdlə Kərim müəllimə “yalnız bir otağımız var, bilmirəm orda qalarsınız?…” təklif elədiyi otaq balaca, şəraitsiz olsa da Kərim müəllim sıxıntı ilə soruşur “Ucuzdumu?” Otelçi “Əfəndim, çox ucuzdu” dedikdə otağı sevincək qəbul edir. Amma Kərim müəllim-Vətən eşqi, milli kimlik yanğısı, ailə bağlarının müqəddəsliyinə önəm verən mənən varlı, maddiyyət baxımından kasıb bir ziyalı yaşam həyatının axirətə gedən yolda olduğundan, məğlub həyatının axırıncı dayanacağına getdiyindən tam xəbərsizimiş…

Əfəndilər! Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin yaşaması üçün cəmiyyətimizdə çopur cabbarları ifşa etmək, onlara qarşı mübariz olmaq, cəmiyyətimizi onlardan təmizləmək lazımdır. Çopur cabbarları süfrə başında oturdanlar isə qəbul etməlidirlər ki, Qoca tarix sübut edib ki, bir dəfə xəyanət edən yenə edəcək. Mütləq edəcək. Sadəcə daha əlverişli anı və daha güclünü gözləyir.

Əfəndilər! Bizlər isə çalışmalıyıq ki, cəmiyyətimizi sağlamlaşdıraq. Sağlamlaşdıraq ki, ürəyi Vətən eşqilə döyünən ziyalılarımızı bir daha məğlub halda “Otel otağı”nda itirməyək.

ATESH,AZ

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?