İlkindən qeyd edim ki, mən yoldaş Qarayevi hələ nazir olduğu vaxt yazıb kəskin tənqid etmişdim. Bu baxımdan kimsə düşünməsin ki, yoldaş Qarayev getdikdən sonra yazıram. Doğrudur, “yıxılana balta vurmazlar” dədələrimiz deyib. Lakin böyük bir xalqın mədəni irsinə, milli dəyərlərimizə tarixi balta vuran üzü QARAları tənqid etmək düşünürəm həmin misaldan uzaq olar.
Mən bu yazımda mənəvi və mədəni irsimizə zərbə vuran və bu səbəbdən həm tariximiz həm də korifeylərimiz qarşısında üzü qaraların törətdiyi haqsızlığın birindən söz açmaq istəyirəm.
Mən, yazıçı-dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı, Azərbaycanda ilk dəfə dövlət səviyyəsində, qanlı sovet ideolojiyasının yasaqlarına məhəl qoymadan Novruz bayramının keçirilməsinə müvəffəq olan və bu hərəkətinə görə müəmmalı şəkildə dünyasını dəyişən Şıxəli Qurbanova qarşı edilən haqsızlıqdan elə onun vəfat etdiyi gün söz açmaq istəyirəm.
Bəli, bu gün bir çoxuna, xüsusən də, tariximizdən xəbərdar olmayanlara qəribə gələ bilər ki, Novruz bayramının keçirilməsinə nə var ki? Niyə Novruz bayramını keçirmək bu qədər cəsarət tələb edirdi?
Qısaca, XX əsrin 60-cı illərinə bir ekuskursiya edək. Bəli, Rusiya imperiya maraqlarının formaca yeni formatı olan sovet imperiyası dönəmində milli dəyərlərə, milli kimliyə, milli-tarixi irsə bağlı olan bütün bayramları qeyd etmək birmənalı olaraq qadağan idi. Moskva, xüsusən də türk-müsəlman respublikalarında milli dəyərlərin yaşadılması, milli kimliyi ilə bağlılığın artmasının özü üçün çox böyük təhlükə görürdü. Və bunun əksini edənlər, birbaşa imperiyanın yürütdüyü qanlı ideologiyanın əleyhinə hərəkət etmiş olardı ki, bunun da nəticəsi FƏLAKƏT idi! Çünki belə hərəkət bağışlanmırdı və sonu ölüm idi! Bəli, ölüm! Bu gün doğrudan da çoxlarına qəribə gəlsə də, bu bir tarixi həqiqətdir.
1967-ci ilin 21 mart tarixində, bu ideologiyanın ziddinə olaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, qəlbi Vətən eşqi ilə döyünən gözəl ziyalı Şıxəli Qurbanovun böyük cəsarəti və şəxsi təşəbbüsü ilə qanlı imperiyada ilk dəfə Novruz bayramı kütləvi el şənliyi kimi keçirilir.
Həmin gün, səhər saat 11:30-da Qız qalasının zirvəsində milli geyimli iki gəncin əllərində Novruz simvolu olan məşəl, səməni qaldırmaqla başlayan kütləvi bayram şənliyi Dəniz kənarında, şəhərin park və meydanlarında, bütün binaların həyətlərində gecə yarısınadək gur tonqallar və fişənglər ətrafında keçirildi. İnsanlarımız illərcə gizlində keçirdikləri bayram sanki əsirlikdən qurtulduğu üçün ikiqat sevinirdilər. Hər tərəfdə bayramlaşma hərarəti çox yüksək idi. Hər tərəfdə musiqi səsi, milli musiqilər altında rəqslər və idman yarışları gedirdi.
Tariximizin bu səhifəsinə nəzər salanda aydın görürük ki, Novruz bayramının ilk dəfə kütləvi keçirilməsi həmin dönəm yeddidən yetmişə bütün bir xalqın misli görünməmiş birliyinin, həmrəyliyinin, tarixi kimliyə bağlılığının , milli irsinə sadiqliyin və ən önəmlisi milli oyanışın dirçəlməsinin təzahürü idi!
Bəli, bu hadisəni Moskva Şıxəli Qurbanova bağışlamadı. Mən əminəm ki, Şıxəli Qurbanov Moskvanın bunu bağışlamayacağını çox yaxşı bilirdi. Lakin, milli kimliyə bağlılıq, dəyərlərə sahib çıxmanın ŞƏRƏF məsələsi olduğunu çox gözəl anlayan Şıxəli Qurbanov qanlı imperiyyanın müəyyən etdiyi ideologiyanın canı bahasına olsa belə əleyhinə gedərək bu tarixi addımı atdı.
Moskva Şıxəli Qurbanovu aradan götürmək üçün bir neçə variant üzərində işləsə də, sonunda həkimi vasitəsilə zəhər verilərək öldürüldü.
Sözüm yoldaş Qarayevlərədir. Şıxəli Qurbanovun bu addımını bir düşünün, daha sonra özününzün Azərbaycan Mədəniyyətinə rəhbərlik etdiyiniz dövrü təftiş edin və yenə düşünün. Siz Azərbaycan xalqı üçün Şıxəli Qurbanov niyə ola bilmədiniz?! Halbuki, siz müstəqil və güclü Azərbaycan dövlətinin naziri idiniz! Atacağınız addımların sonunda xalqın qəlbində Şıxəli Qurbanov kimi əbədi yaşamağı niyə seçmədiniz?
Heç düşünürsünüz ki, siz xalqın qəlbində İRƏVAN TEATRINa ayrılan vəsaitdən otkat alan qurumun rəhbəri kimi qalacaqsınız? Və ya etdiyiniz əməlləri tarixin axarına buraxıb xalqımızın unutqanlığına arxayın olaraq müəyyən dövrdən sonra yenidən “doğmaq” haqqında düşünmüsünüz?
Siz bəs mədəniyyət naziri olanda Şıxəli Qurbanovun adının əbədiləşməsi baxımından nə etdiniz? İstəyirsiniz sizə xatırladım. Sizin vaxtınızda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanovun adı Musiqili Komediya Teatrından “ teatrın spektrinin genişlənməsi ilə əlaqədar olaraq” əbədiləşdirilmiş adının götürülməsini təmin etdiniz. Lakin unutduğunuz ən vacib amil odu ki, o sağlığında adını xalqımızın yaşayan qəlbində həkk edib.
Yoldaş Qarayev, bu arada əgər Azərbaycan dövlətçiliyinə bağlı, milli ruh, milli birlik, milli kimliyə bağlılıq nümayiş etdirmiş, milli irsin və tarixi dəyərlərə sadiq olmaq və bunun uğrunda şəhid olanı tanımaq istəyirsinizsə o Şıxəli Qurbanovdur.
Sonda isə dəyərli millət vəkilimiz, bütün varlığı ilə Vətənə bağlı olan, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya müraciətlə xahiş edirik ki , milli mədəni tariximizi, milli dəyərlərimizi, tarixi irsimizi qoruyan və bu yolda canından olan Şıxəli Qurbanovun adının əbədiləşməsinə, eyni zamanda bu yolda onunla birgə fəaliyyət göstərən insanlarımız daxil olmaqla, həmin tarixi hadisəni gələcək nəsillərə çatdırmaq baxımından abidələşdirməyə köməklik edəsiniz. Tariximizin bu şanlı səhifəsini gələcək nəsillərə çatdıraq və tariximizi unutdurmayaq! Mən yeni mədəniyyət nazirinin kim olacağını bilmirəm, lakin kim olacaqsa ona sələnirəm: “Bacarın adınızı xalqın qəlbində əbədiyyətə qədər yazdırasız!”
Cavid İsmayıl.
ONN İnformasiya Agentliyi