hemle

Nüsrəddiqin silahdaşı--- Ənvər Çingizoğlu yazır.

Tarix:4-08-2020, 17:57
Baxış Sayı:1 558

ATESH,AZ saytı yayımladı.

İran tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olub. Onlar zaman-zaman xalqın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalıblar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Şəmsəddin Əmir Əlayidir.

Şəmsəddin xan Əmir Əlayi 1900-cü ildə Tehran şəhərində doğulub. O, Ələkbər xan Nəcdüddövlənin oğlu və Məhəmmədrəhim xan Əlaüddövlənin nəticəsidir. Qacar elinin Dəvəli oymağına bağlıdır. O, Tehranın Senluyis məktəbində, Darülfünunda və Hüquq məktəbində təhsil alıb və təhsilini davam etmək üçün 1930-cu ildə Avropaya gedib (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s.205) və bakalavr diplomunu Parisin Monpulye universitetindən əldə edib. (Nəsrulla Şiftə, Ricali beduni masəki İran, Tehran, 1331, s.43) Fransada bakalavr ixtisasını bitirəndən sonra öz iranlı həmsiniflərilə yanaşı “İran partiyası”nı yaradıb. (Yervand İbrahimyan, İran beyn du inqilab, Tehran, s. 298)




Şəmsəddin xan Əmir Əlayi jurnalistika ilə də məşğul olurdu. O, “Məcmueyi Hüquqi” adlı bir jurnalda bir çox dəyərli məqalələr yazıb və bu jurnalın fəal müəlliflərindən biri olub. (Baqir Aqili, Xatirat yek nəxost vəzir, Tehran, s.92-93) O, İrana gəlib və məhkəmədə qısa bir müddət işləyəndən sonra Əliəkbər Davərin tapşırığı ilə Maliyyə nazirliyində işə qəbul olunub, Davər öləndən sonra məhkəməyə qayıdıb və 1943-cü ildə dövlət işçiləri üzrə məhkəməyə hakim seçilib. İqtisadi korrupsiyanın əleyhinə çalışıb və elə bu mövqeyinə görə işdən azad olunub.

Şəmsəddin xan Əmir Əlayi 1944-cü ildə “İran partiyasını” tərk edib. (Yervand İbrahimyan, İran beyn du inqilab, Tehran, s.298) Həmin il Kənd Təsərrüfatı nazirliyinin başçısı kimi Nazirlər Kabinetinə daxil olub və kabinə dəyişikliyi zamanı bu quruma nazir seçilib. O, 1944-cü ildə Əhməd Qəvamın II kabinəsində öz vəzifəsinə davam edib. Bir müddətdən sonra Rza şahın cənazəsinin Misirdən İrana gətirilməsinə və İranda dəfn olmasına müxalif olan Şəmsəddin xan Əmir Əlayi öz mövqeyinə görə kabinədən istefa verib. Əhməd Qəvamın kabinəsi süqut edəndən sonra, hakimiyyətə gələn general-leytenant Hacı Əli Rəzmara Şəmsəddin Əmir Əlayini bir düzgün və ləyaqətli adam kimi tanıyaraq onu öz kabinəsinə üzv olmağa dəvət edib və Əmir Əlayi bu dəvəti qəbul etməyib. (Amuzqar Cahangir, Fəraz və fərud dudmani Pəhləvi, tərcümə Ərdəşir Lütfəliyan, Nəşri mərkəzi tərcümə və nəşri kitab, Tehran, sali75, s.536)



1953-cü ildə Şəmsəddin Əmir Əlayı ilə Ayətulla Kaşanı arasında ixtilaf yaranıb. Bu səbəbdən Məhəmməd Müsəddiq məcburi halda onu işdən azad edib. Bu hadisədən sonra Əmir Əlayı səlahiyyətli səfir kimi Belçikaya göndərilib və həmin ilin avqust ayının 28-ə qədər bu vəzifədə işləyib. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, I cild, Tehran, "Narmək", s 457) O, bir müddət Avropada yaşadıqdan sonra İrana qayıdıb. İranın xarici ölkələrdə olan 5 nümayəndəsi ilə yanaşı onu da səfirlikdən geri çağırmışdılar. Səbəb sadə idi. Devrilmiş Məhəmməd Müsəddiqi müdafiə etdiyinə görə İrana çağırılıb və işdən azad olunub. (Huşəng Məhdəvi Əbdülrza, Siyasiyi xarici İran dər dövrani Pəhləvi, Tehran, Nəşri-Peykan, Sali 80, çapi pəncüm, s.220)

Şəmsəddin xan Əmir Əlayi İranda öz fəaliyyətini hakimiyyətə qarşı davam etdirib. Nəhayət 1955-ci ildə yaxalanıb və sonra Cənuba sürgün olunub. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, II cild, Tehran, "Narmək", s.52) Dustaqlıqdan azad olunandan sonra Avropaya yollanıb, təhsilini davam etdirib və iki dəfə Sarbonna Univesitetindən doktorluq diplomunu almağa nail olub. O, “Milli cəbhə” partıyasının rəhbərlərindən və M. Müsəddiqin yaxın adamlarından və dəstəkçilərindən idi. (Siyasət və sazmani hizbi Tude əz ağaz ta fəripaşi, I cild, Tehran, 1370, s.150)

Şəmsəddin xan Əmir Əlayi 1961-ci ildə “Milli cəbhə” partiyasının rəhbərlərinin biri kimi Tehran Universitetində və oktyabr ayının 16-da Tehran əhalisi tərəfindən baş verən aksıyada iştirak edib. (Hərui Mehdi, Səmia Əhməd, gös.əsəri, s.204-390)

İslam inqilabı uğur qazanandan və şah süqut edəndən sonra mühəndis Mehdi Bazərqan kabinəsinin Xarici işlər naziri idi. Kərim Səncabi Fransada yaşayan yaxşı və alıcənab adam kimi tanınan Şəmsəddin xan Əmir Əlayini Parısdə İran səfiri vəzifəsində işləməyi təklif edəndən sonra o, bu təklifi qəbul edib. (Müsəddiq həm milli bud, həm müsəlman, Risaleyi doktor Məhəmməd Müsəddiq, tərcümeyi doktor Şəmsəddin Əmir Əlayi, İntişarati Mitra, Tehran, Sali 70, s.4.) 1980-ci ildə Xarici işlər naziri olan Sadiq Qütbzadə ilə ixtilafa düşərək istefa verərək İrana dönüb.

Şəmsəddin xan Əmir Əlayi xeyli kitab yazıb. O, dünyanın bənzərsiz, böyük amalları və misilsiz əməlləri ilə seçilən siyasət adamı idi. Doktor Əlayi tək İran səviyyəsində deyil, hətta Qərb miqyasında sözünün keçəri, çəkisi olan lider idi.



Dr. Şəmsəddin xan Əmir Əlayi İranda bir neçə il yaşayandan sonra 1373-cü ildə (1994-cü ildə-Ə.Ç.) həyatını dəyişib. (Baqir Aqili, Ruzşumari tarix əz məşrutə ta inqilabi-islami İran, II cild, Tehran, "Narmək", s.207)

Dr. Şəmsəddin xan Əmir Əlayi siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, ölçülüb-biçilmiş qərarları, qətiyyətliliyi, siyasi iradəsi, dərin zəkası, ensiklopedik biliyə malik olması, geniş dünyagörüşü, milli maraqlara əsaslanması, tarixi şəraitdən düzgün baş çıxarması, zaman və məkan amilini obyektiv qiymətləndirməsi, dözüm və səbrliliyi, nəzəriyyəyə istinad etməsi və praktik həyatdan baş çıxarması – bir sözlə, fenomenal şəxsi keyfiyyətləri onu qüdrətli siyasi və dövlət xadimi səviyyəsinə ucaldıb.

İran xalqının yaddaşında dürüst və çevik dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan lider kimi qalıb. Xalqın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı