hemle

Kürəyindən vurulan Milli Qəhrəman — FOTOLAR

Tarix:3-07-2020, 16:51
Baxış Sayı:570

Kürəyindən vurulan Milli Qəhrəman — FOTOLAR
hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı.
«Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inanırdılar ki, imkanlı, vəzifəli insanlar da tabora qoşulurdu. Burada ayrı-seçkilik ola bilməzdi”.


Bunu mediapost-a müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov (Hafiz Qəmbərov AVMVİB Şuşa rayon şöbəsinin sədridir-Fedai.az)deyir.


O Ramiz Qəmbərov ki, Şuşanın 90-cı illərdəki pərakəndə məhəllə dəstələrini vahid halda birləşdirmişdi və düşmənin qabağında dayanmışdı.
H.Qəmbərov qürurla xatırlayır ki, Ramiz heç kimdən ianə qəbul eləmirdi, bütün təminatlar özünün qazandığı hörmətinə görə göndərilirdi:


«Heç kim deyə bilməzdi ki, rəhmətliyin taboruna gəlib ianə vermişik. Ona yalnız şəxsi nüfuzuna görə kömək edirdilər. Qardaşım olduğu üçün demirəm, bəlkə də Azərbaycan müharibə tarixində heç kimdən asılı olmayan, sözü üzə deyən şəxs olub. Keçmiş Müdafiə naziri Rəhim Qazıyev və onun kimilər Ramizin yanında heç kim idi. Onun Rəhim Qazıyevə dediyi söz bütün Azərbaycana məlumdur. O, nazir kimi nazir deyildi. Çünki Rəhim Qazıyev onun Bakıya gətirilməsi üçün bir vertolyot göndərmədi. Bəlkə də Ramizi Bakıya gətirsəydik nə isə etmək olardı. O, heç nə etmədi. Mən gedənin arxasınca danışmaq istəmirəm, bəlkə də onun da imkanı yox idi. Ancaq görürdük ki, o, kömək etmək istəmir, məncə onun yerində başqa şəxs olsaydı kömək edərdi”.


«Əməliyyata girəndə nə ağladı, sızladı”


Qardaşı deyir ki, ailələri heç vaxt R.Qəmbərovu yolundan döndərmək istəməyib, əksinə, dəstək olub: «Bilirdilər ki, getdiyi yol düzdür. Atam həmişə deyərdi ki, özünü qoru və ifrata yol vermə. O vaxt bizdə elə bir döyüş ruhu vardı ki, heç kimin qarşısını almaq olmazdı. Buna görə ailə də Ramizi dəstəkləyirdi. Atam deyirdi ki, elə hərəkət elə ki, heç kim sənə artıq söz deməsin. O, tikinti işçisi idi, ailəsinə xələl gətirən söz eşitmək istəmirdi.

Ramizlə bağlı bütün hadisələri xatırlayıram. Aprelin 29-u gəlib dedilər ki, dəstək üçün Ramizi Kosalar tərəfdə döyüşə göndərirlər. Orada yaralanıb qardaşım. Xəstəxanaya çatdırılanda bildik ki, 5,45 çaplı güllə ilə vurulub. Ramiz əməliyyata girənə qədər nə ağladı, nə inildədi, nə də sözünü dəyişdi. Tək sözü o oldu ki, «mən sağalacam, yaxşı olacaq!”


Bu gün çoxu deyir qəhrəmanam, məncə, qəhrəmanlıq bir anda deyilmiş sözdə də ola bilər. Rəhmətliyin Şuşa şəhərində çıxışı, Moskvadakı danışığı, davranışı özünün heç nədən çəkinməyən adam olduğunun sübutudur. Mən fəxr edirəm ki, belə bir şəxsin qardaşıyam”.

Döyüş yoldaşı deyir ki…

Ramiz Qəmbərovun döyüş yoldaşı İbrahim Məmmədov komandirini belə xatırlayır:

«Ramiz Qəmbərov 1992-ci ildə Şuşa könüllülər taborunu yaratdı. Əvvəlcə hər məhəllədə könüllü dəstələrimiz vardı. Şuşada vəziyyətin ağırlaşmasını görən Ramiz başa düşdü ki, birləşməsək Şuşa əldən gedəcək. Bu səbəbdən də, könüllü taborun yaradılmasını təklif etmişdi. Biz də razılaşdıq. Onun köməkliyi ilə 1992-ci ilin əvvəllərində məhəllə dəstələri tabor şəklində birləşdi. Hətta bizə Şuşa İcra Hakimiyyətinin arxasında Natəvanın mülkündə yer də verdilər. Ramiz Qəmbərov taborun komandiri təyin olundu, mən də xidmətə bölük komandiri kimi başladım. Ramiz haqqında çox söz deyə bilərəm. O, əlindən gələni əsirgəmirdi, daha artığını etmək istəyirdi. Təsəvvür edin ki, tabor üçün yardımlar göndəriləndə onların heç birini qəbul eləmirdi, ümumi briqadaya təhvil verirdi ki, onlar bölsün və hər tabora pay getsin. Belə bir oğlan idi Ramiz!”.

Son döyüş — 1992-ci il aprelin 29-u…

O, R.Qəmbərovun son döyüşünü belə xatırlayır: «Mən növbətçi zabit idim. Xatırlayıram, Şuşa rayon Polis Şöbəsinin rəisi zəng elədi ki, Şuşa ilə Kərkicahan kəndi arasında yerləşən Qaybalı kəndində vəziyyət yaxşı deyil, ora kömək edin. Ramiz bunu eşidəndə dedi ki, hökmən getməliyik. Mən də daxil olmaqla 15 nəfərlik dəstə ilə Qaybalıya gəldik. Ora gedəndə gördük ki, ermənilər bir postu ələ keçirib. Sakitlik idi, çünki ermənilər artıq yaxınlıqda yerləşən Kosalar kəndinə hücum etmişdilər. Burada da bir postu ələ keçirmişdilər. Bir də şuşalı Radis Kamili şəhid olmuşdu.

Ramiz ora getməyə can atırdı, dedim ki, ora piyada silahlı formada yüklərlə qalxmaq könüllüləri yoracaq. Qəti qərar verdi – getməliyik!

Getdik…

Ermənilər bir postumuzu almaqla 3 post qurmuşdular, ancaq güclü atışma yox idi. Həmin ərazi – Öküzuçan strateji əhəmiyyət daşıyırdı, çünki buradan Şuşaya nəzarət etmək olurdu. Günortadan sonra həmin postları vurmaq qərarına gəldik. Yüksəklikdə olan əlavə bir post da vardı ki, onu ala bilsəydik Kərkicahan, Xankəndinin böyük hissəsi bizim nəzarətimizdə olacaqdı. Ancaq düşünürəm ki, günortadan sonra posta hücum edib alandan sonra ora əlavə texnikaların çıxarılması üçün vaxt çatmırdı, qaranlıq düşürdü. Yəqin ki, ermənilər səhərə kimi postu gücləndirməyimizə imkan verməzdilər. O vaxt bunu düşünməmişdik, yalnız irəli getmək istəyirdik.


Biz ora gedəndə hamı bir ağızdan qışqırırdı ki, «Ramiz gəlir, Ramiz gəlir…”. Sevinirdilər, ürəklənirdilər. Bizim gedişimiz onlara ruh yüksəkliyi verdi. Biz qısa vaxtda dörd postun hər birini geri aldıq. Ancaq Ramiz dayanmadı. Çünki irəlidə Şuşaya nəzarət edə biləcəyimiz yüksəklik vardı, onu almaq istəyirdi. Ramizə dedilər ki, bura qədər bəsdir. Yolların bizi hara aparacağını bilmirik, mina da ola bilər, post da. Ancaq Ramiz yenə də qətiliklə dedi ki, getmək lazımdır. Getdik.

Düşmənin planı baş tutmur


Ora çatanda Azərbaycan dilində erməni ləhcəsində danışan ermənilər təkid edirdilər ki, təslim olaq: «Təslim olun, sizi öldürməcəyik. Dayanın, bizim də əsirlər var, sizi təhvil verəcəyik”. Bizsə irəli getdik. Danışdıqca hər şey gözümün önünə gəlir, qara formalı erməni vardı, pulemyotla idi. İmkan vermirdi ki, yerimizi dəyişək, mövqeyimizi gücləndirək. Bizə güllə dəyməməsi üçün uzanmışdıq, hərəkət edə bilmirdik. Həmin vaxt Nəriman adlı könüllü də bizimlə idi. Belə çətin vəziyyətdə o, kolun arxasına keçib qumbaraatanla qara geyimli ermənini vurdu. Allaha and olsun qumbara böyük ağaca dəyib partladı, qəlpəsi erməninin başının sümüyünü yuxarı qaldırdı. Nəriman onu vurmasaydı, biz ya ölməliydik, ya da əsir düşməliydik. Yalnız bundan sonra mövqe tuta bildik, yolumuz açıldı.
Ancaq sonra Nəriman dedi ki, Ramizi vurdular. Yuxarı qalxanda gördük ki, kürəyinə güllə dəyib. 5,45 çaplı gülləsi bədənində nazik dəlik açmışdı. Özü də onu qadağan olunmuş silahla vurmuşdular. Həmin güllə də fırlanması dayanana qədər bədəndə hərəkət edir. Qoluna girib aparmaq istəyəndə yenidən atışma başladı, Ramiz məni məcbur edirdi ki onu orda qoyub gedim. Komandirimin orada qalmasına necə razı ola bilərdim?! Çətinliklə də olsa 5-6 km yolu gedə bildik.


Ramiz zarafat edən idi, ona ağrıkəsici vuranda zarafatyana dedi ki, «ay İbiş, ürəyim zəifdir, dozasını aşağı eləyin”. Elə vəziyyətində də rəngli ab-hava yaratmağa çalışırdı Ramiz. Haqqında çox söz deyə bilərəm. Ramizin mənə dediyi son sözü oldu ki, tabordan muğayat olun!”.

Qeyd edək ki, Ramiz Qəmbərov 1962-ci il iyulun 2-si Şuşa şəhərində anadan olub.

O, 1992-ci ildə könüllü özünümüdafiə taborunu yaradıb. Bu tabor Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsi uğrunda döyüşüb.

1992-ci il aprelin 29-da erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edəndə Ramiz Qəmbərov ağır yaralanır. Bir gün sonra, 1992-ci i aprelin 30-da isə vəfat edir.

O, Şuşa şəhərində dəfn edilib.


Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?