hemlemedia.az saytı yaımladı.
Bütün dövrlərdə, bütün gənc qızlar həmişə "ağ atlı oğlan”ı gözləyib. "Ağ atlı oğlan”ın onun uğrunda "div”lərlə döyüşəcəyinə, onun üçün əziyyətlərə qatlaşacağına və nəhayət sonunda onu "div”lərin əlindən alacağına, sonra da atının tərkinə alıb uzaqlara aparacağına inanıb. Bilmirəm nədən bu belədi, amma vallah belədi. Bəzən düşünürəm ki, bunun məktəb illərimizlə çox bağılığı var. Məsələn, o vaxt biz dərsdən əlavə "qrup”da qalardıq. Yəni qrup müəlliminin rəhbərliyi ilə evə verilən dərsləri hazırlayardıq, yazılarımızı yazardıq.
Yorulub əldən düşəndə isə qrup müəllimimiz bizə nağıl oxuyardı. Bir ili (Onda 6-cı sinifdə oxuyurduq) qrup müəlliməmiz başqa sinfin rəhbəri olan Validə müəllim oldu. Nağılları onsuzda 4-cü, 5-ci siniflərdə qrupa gedəndə Xuraman müəllimə bizə sevdirmişdi. Amma Validə müəllim o nağılları elə sakit-sakit, rəvan səslə oxuyardı ki, uşaqların bir çoxunu yuxu tutar, başını partaya qoyub yatardılar. Bir dəfə qabaq sıralarda oturmuş məni də yuxu tutdu. Yəqin ki, həmişə nağıla diqqətlə qulaq asmışam deyə, Validə müəllim dinləyicisini "itirməmək” üçün səsini ucaltdı:” Qızın qaşları arasından bir ox çıxıb dəydi oğlanın ürəyinə”. Yuxunun içindən dik sıçradım, qaranəfəs:” Müəllim, oğlan öldü?-deyə kədərlə soruşdum. Sinifi gülüşmə götürdü. Mən hələ də tam ayılmamışdım, deyə hələ müəllimin cavabını gözləyirəm. Müəllim yəqin ki, "şok”umu hiss etdi ki, məni sakitləşdirdi:” Ölmədi. Narahat olma, yüngülvari yaralandı”. Sinif yoldaşlarımın növbəti gülüş dalğası məni lap oyatdı.... Həəə, doğrudan eyy, qaşın arasından çıxan "ox” oğlanı ancaq "yüngülvari yaralaya” bilərdi.
Nəisə, mətləbdən uzaqlaşmayaq..
.Nağıllar həmişə bizə sevginin ülviliyini, fədakarlığını, aliliyini təlqin edib, körpəliyimizdən düz real həyatda ciddi addımlar atana qədər.
İllər keçdi, məktəbə "əlvida” dedik, ciddi həyata, ciddi addımlar atmağın vaxtıydı. Bax, elə o ərəfədə qanlı 1990-cı il 20 yanvar faciəsi baş verdi. Necə yaraşıqlı, boylu- buxunlu, bir elin dayağı olan gənclərimiz özlərindən dəfələrlə güclü olan, "tilsimli” silahlarla hücum edən "divlərlə, kabuslarla, cin –şeytanlarla” döyüş meydana girdilər.Əqidələri yolunda can verdilər , amma məğlub olmadılar. Az zamandan sonra respublikamız dünyanın ən müqəddəs neməti olan müstəqilliyini-azadlığını qazandı. Deyəsən, yenə də mətləbdən uzaqlaşdım.
Tariximizə 20 yanvar faciəsi kimi yazılmış həmin o qanlı olaylar zamanı bir igidimiz vətən üçün, bir ismətli-həyalı, xanım qızımız isə öz sevgisi yolunda şəhid oldu.
Sevgililərin günü
O igidin adı İlham Allahverdiyev idi. İlham 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.
Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.
Bətnindəki körpəni də özü ilə məzara aparır...
Ey, gənc qız, bəs sən?
Elə o vaxtdan nağılların rəngidə, abu-havası da, mənası-məntiqi də dəyişdi. İndi inamlara, gözləntilərə bir sual da əlavə olundu. Gənc qızlar artıq Fərizə kimi düşnməyə başladılar. "Mən sevgim uğruna canıma qıyarammı, fədakarlıq göstərərəmmi?” deyə başlarını yormağa başladılar. Cavab tapa bilmədilər. Bu dəfə də cavabı zaman verdi. Qarabağ müharibəsi başladı. İgidlərimiz silaha sarıldı. O amansız müharibə də minlərlə igidimiz şəhid , 5 o qədər igidimiz isə şikəst-əlil oldu. Necə deyərlər, "yağı yağ üstə çıxar, ayranı ayranlıq olar” zamanı gəldi. Azərbaycan qızı, Azərbaycan qadını fədakarlıq göstərməliydi və göstərdi. Bir faktı deyim, 15 il əvvəl təsadüf nəticəsində şəhidlərimizlə bağlı bir tədbirdə Füzuli rayonundan olan Məmmədov Saylar Yazlar oğlu adlı şəhidimizin Bahar adlı xanımı ilə tanış oldum. Evinə getdim, Saylardan məqalə hazırladım, Baharın ürəkləri yandıran sevgi xatirələrini dinlədim. Sevgiləri ülvi, dərin, nağıl kimi olub. Cəmi 4 ay evli qalıblar. Bahar döyüş meydanında olan həyat yoldaşını həsrətlə gözləyib:” Görəsən Saylara ata olacağını desəm necə reaksiya verəcək?”-deyə, gah sevinib, gah gülümsəyib, gah da xəbəri çatdırmaq üçün sözlər axtarıb tapıb, sevincdən əl-ayağı yerə dəyməyib. Son 2 gün! Sabah Saylar evə gələcək!
Elə bunu düşünmüşdü ki, təcili yardım maşınının qorxunc səsi və 2 hərbi maşın darvazalarının ağzında dayandı. Onlar Sayların nəşini gətirmişdilər. Dəhşətli faciə idi. Bahar da eynən Fərizə kimi canına qəsd etməyə qalxdı. Bətnindəki uşaq da umrunda deyildi. Amma, o gecə...
Bahar cümə axşamı gələn qonaqları yola salandan sonra yır-yığışa kömək etdi, qonşulardan yas üçün gələn xalça-palazı geri apardı. Məqsədi o idi ki, hamı çəkilsin getsin, rahatca , maneə görmədən intihar etsin. Bacısı, baldızı deyəsən Baharın nə düşündüyünü anlamışdılar. Getmirdilər. Nəhayət, toran qovuşdu. Həm ağlamaqdan, həm iş görməkdən, həm də ki, bətnindəkinin verdiyi narahatçılıqdan gözləri yumuldu. Elə oturduğu stoldada yuxuya getdi. Yuxuda ilk anladığı nüans müharibənin olmamasıydı. Bahar telini darayır, güzgüdə özünə, arabir də saata baxırdı. Saat altıda kələsərliyin (üzüm bağı) yanında, arxın başında Saylar onu gözləyəcəkdi. Bahar sanki məhlələlərin, evlərin arasından quş olub keçir, təngənəfəs özünü arxın başına çatdırır. Saylar həmişəki kimi arxa xırda daşları ataraq vaxtı ötürür, yola baxır, baxa-baxa gülümsəyir, Baharı gözləyirdi. Amma əynində nədənsə hərbi forma vardı. Bir-birinə yaxınlaşırlar. Həmişəki kimi əli ilə Baharın saçlarını tumarlayır:
-Səndən küsmüşəm Baharım...
-Niyə?
-Eşitdim canına qıymaq istəmisən?
Bahar elə xoşbəxt idi ki, canına qıymaq istəməsi yadına düşmədi. Amma gülə-gülə:
- Sənin üçün ölməyə hazıram!
- Ölmə Bahar!Nolar, mənim üçün ölmə...Məni yaşat, mənim bir parçamı yaşat, mənim yadigarımı yaşat...nolar Bahar? Qurban olum, qıyma özünə...
Bahar sanki Sayları eşitmir. Elə hey gülümsəyir...
- Mən də sənə yalvarıram, Yadigarım da sənə yalvarır bizi öldürmə...Qıyma özünə... Bahar, eşidirsən məni? Ay Bahar! Bahar...
Bahar yuxudan hövlanak ayıldı, Nə arx vardı, nə kələsərlik, nə də Saylar...
Bahar o yuxudan sonra başqa bir fədakarlığa imza atdı. Oğlunu –Yadigarı dünyaya gətirdi. 2-3 mağazada xadiməlik edərək çətinliklərlə onu böyütdü.
çoxdan o ailə ilə əaqəm yoxdu . İndi yəqin ki, Yadigar böyük oğlandı. Hə, yeri gəlmişkən, Bahar bir də heç vaxt kimsəni sevmədi, kimsə ilə ailə həyatı qurmadı. Özünü Sayların "bir parça yadigarı”na fəda etdi...
Qarabağ müharibəsi çox sevgi dastanlarına imza atdı. Qız- gəlinlərimizin içərisindən minlərlə Fərizələr, Baharlar çıxdı...
Üstəgəl, ömrünü şikəst-yaralı yaşamağa məhkum olmuş oğullar-igid döyüşcülərimizə həyatını fəda edən, bununla da taleyin ağır imtahanına girməyi bacaran qızlarımızda unutmayaq! Bilənlər bilir, bir əlil əsgərin, bir şikəst zabitin həyat yoldaşı olmaq, müharibənin vurduğu həm fizioloji, həm psixoloji yaraların ağırlığını onlarla birgə yaşamaq, o ağrıya onlarla birgə qıvrımaq, onun arvadı olmaqdan çox dostu, bacısı, anası, qardaşı, silahdaşı olmağı bacaran fədakar qızlarımız da var! (Belə bir siyahıda olmaq böyük bir şərəfdi!)
30 iyun Sevgililər günüdür! 30 iyun sevən və fədakarlıq edən kişilərin günüdür! 30 iyun sevən və fədakarlıq edən qadınların-qızların günüdür! 30 iyun Fərizələrin günüdür, Baharların günüdür, Əntiqələrin günüdür! Sevgi günümüz mübarək!
Əntiqə Rəşid
hemlemedia.az