hemle

Mirzə Şirin bəy Heydərxanov: Merdinli mədrəsəsinin müdərrisi

Tarix:27-06-2020, 15:06
Baxış Sayı:1 025

hemlemedia.az yayımladı.

XIX əsrdə Qarabağda, onun mərkəzi Şuşada görkəmli xəttatlar nəsli yetişmişdi. Bu nəsil milləti mədəniyyətə aparan yolu öz ziyası ilə nurlandıran insanlardan ibarət idi. Heç şübhəsiz ki, bu işıqlı nəslin görkəmli nümayəndələrindən biri də Mirzə Şirin bəy Heydərxanovdur.
Mirzə Şirin bəy Qarabağda, Şuşada məşhur olan heydərxanovlar soyuna məxsusdur. Bu soy böyük Qacar elinin Abdallı oymağına məxsusdur. Onun nəsli Əmir Teymurun hakimiyyəti dönəmindən Qarabağın Vərəndə mahalının Tatar (sonra bu şenlik Qacar adlandı) kəndində dövran sürürdü. Mahal ərazisindəki Şıx Qayıb ocağının mücavirləri, Şairli torpağının mülkədarları idilər. Babası Heydərxan bəy Qacar Şuşa şəhəri Vərəndə mahalı ərazisində bünyad olunanda, Pənahəli xan tərəfindən adlı-sanlı nücəba kimi paytaxta dəvət edilmişdi. Heydərxan bəyin Sədrəddin bəy, Heydərəli bəy adlı oğlanları vardı. Böyük oğlu Sədrəddin bəy 1763-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Sədrəddin bəyin törəmələrindən bəziləri Sədrəddinbəyov soyadını daşıyırdılar.
Sədrəddin bəyin Ağakişi bəy, Heydər bəy, Şirin bəy, Hüseyn bəy adlı oğulları vardı.
Sədrəddin bəyin dördüncü oğlu Şirin bəy 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Şirin bəy Heydərxanov mülkədar idi. Əmisi Nəcəfəli bəydən qalma Kərkicahan kəndinin bir hissəsini, Tağ kəndinin bir hissəsini, Şairli torpağını idarə edirdi. (ARDTA, fond 77, siyahı 1, saxlama vahidi 38, vərəq 12) Onun həmin mülkdə dəyirmanı, üzüm və tut bağları vardı. Tağda isə rəiyyətlərə və əkinə yararlı torpaqlara sahibkarlıq edirdi.
Mirzə Şirin bəy 1848-ci ilin iyun ayının 18-də Şuşa polis idarəsinə şikayət etmişdi ki, qardaşıoğlu Məmməd bəy Mirzə bəy oğlunun bir tüfəngini, bir atını Rüstəm bəy Qəmbər bəy oğlu Camalxanbəyov (1817-?) alıb.
Mirzə Şirin bəy Heydərxanov gözəl xəttat idi. Bir çox kitabların üzünü köçürmüşdü. Оnun xətti ilə yаzılmış bir neçə əlyazma Füzuli аdınа Əlyаzmаlаr İnstitutundа sаxlаnılır.
Mirzə Şirin bəy Heydərxanovun böyük kitabxanası vardı. Məşhur xəttat özünü qabiliyyətli müəllim və təşkilatçı kimi göstərmiş və həmin kitabxananın inkişafı üçün çox iş görmüşdü. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Mirzə Kərim bəy Qarabaği və Mirzə Əli Qarabaği nəstəliqi ondan öyrənmişdilər. Bunlardan başqa onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Mirzə Şirin bəy Heydərxanov Şuşa şəhərinin mədəni və ictimai həyatında fəal iştirak etmişdi. O, tez-tez əmisi oğlu Mirzə Hüseyn bəy Heydərxanovla görüşərdi. Əsəd bəy Rüstəm bəy oglu Cavanşirin yanında mirzə vəzifəsində çalışan Mirzə Hüseyn bəy də görkəmli xəttat idi. Digər əmisi oğlu Mirzə İsmayıl bəy Heydərxanov da qızılqələm bir xəttat idi. Onların yığışdığı, dərs dediyi Merdinli mədrəsəsi Şuşanın akademiyası sayılırdı. Maraqlıdır ki, bu mədrəsədə hüsnü-xətt dərsinə xüsusilə diqqət edilməyə başlanmışdı. Onun dövründə dövrdə yaranan və yüksək inkişaf səviyyəsinə qalxan Merdinli mədrəsəsi Azərbaycan mədəniyyətinə çoxsaylı ustadlar vermişdir.
Mirzə Şirin bəyin İbrahim bəy, Həmid bəy, Yusif bəy adlı oğulları vardı.
Mirzə Şirin bəy Heydərxanov Azərbaycan mədəniyyət tarixində mühüm yer tutan görkəmli xəttatlardan biridir. Biz çalışdıq ki, belə şəxsiyyətlər unudulmasın. Onlar yol qoyub gediblər. O yolu qorumaq bizə qalır...

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı