Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Beyləqan, Qazax, Qəbələ və Yardımlı rayonlarının prokurorları dəyişdirilib.
Ovqat.com xəbər verir ki, məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Məlumata görə, Ramazan Hadıyev Beyləqana, Rauf Gözəlov Qazaxa, Nazim Babayev Qəbələyə, Behruz İbrahimov isə Yardımlıya prokuror vəzifələrinə təyin ediliblər.
Baş Prokurorluğun rəsmi məlumatına görə, dəyişikliklər “kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə islahatlar” çərçivəsində aparılıb.
Zənnimizcə, bu məlumat prokurorları dəyişdirilən rayonlarda ciddi narazılıqların yaşandığından xəbər verir. Xatırladaq ki, adı çəkilən rayonlardan yalnız birində - Beyləqanda icra başçısı dəyişdirilmiş; keçmiş başçının əməllərində korrupsiya faktları aşkarlanaraq, həbsə atılmış, yerinə başqası gətirilmişdi. Sözügedən kadr dəyişikliyindən sonra hər kəs haqlı olaraq hüquq mühafizə orqanlarının niyə indiyədək bu və digər rayonlarda baş verən talançılığa göz yumduqlarını gündəmə gətirmişdilər. Görünür, Beyləqanın sabiq prokuroru da məhz bu haqlı sualların “güdazına” gedib.
Digər 3 rayona gəlincə, son zamanlar həmin rayonlardan da şikayətlərin ardı-arası kəsilmir, bəzilər hətta mətbu orqanların səhifələrini bəzəyirlər.
Qorxudan koronavirusa “yoluxan” icra başçısı
Son zamanlar mətbu orqanlarda icra başçısının adı ən çox hallanan bölgələrin başında Qazax rayonu gəlir. Maraqlıdır ki, Qazax rayonunun icra başçısı Rəcəb Babaşovun özbaşınalığından təkcə sıravi sakinlər deyil, İcra Hakimiyyəti əməkdaşları da dad edirlər. Özü də bu şikayətlər yeni deyil. Rəcəb müəllim Qazaxın kəndxudası təyin olunan gündən onun adi mədəniyyət normalarını aşan davranışları icra strukturunda çalışanları prezidentə məktub yazmağa vadar etmişdi. Son zamanlar isə Rəcəb Babaşovun adı ən müxtəlif korrupsiya əməllərində hallanır. Bildirildiyinə görə, bu özbaşınalıqlar rayonda sosial narazılıqları artırır, insanları üsyana sürükləyir. Rayondan aldığımız məlumatlarda o da istisna olunmur ki, başçı özünü bu cür insidentlərdən sığortalamaq üçün hətta koronavirusa pənah aparıb. Yəni özünü xəstəliyə vurub insanlarla “sosial məsafə” saxlayır.
Babaşovun həqiqi, yoxsa saxta koronavirus xəstəsi olub-olmadığını, yəqin ki, müvafiq qurumlar araşdıracaq. Bizə isə o bəllidir ki, Qazax rayonunda ictimai narazılığı sakitləşdirəcək zəruri addımlar atılmasa, narazılıqların sosial partlayışa çevrilməsi qaçılmaz ola bilər.
“Cənab Prezident, Qazaxı xilas edin!”
Qazax “kəndxuda”sının əməlləri barədə internet resurslarında saysız-hesabsız məlumatlar toplansa da, zənnimizcə, onu ən yaxşı xarakterizə edən 2016-cı noyabr ayında, yəni indiki vəzifəsinə təyin olunduqdan bir neçə ay sonra İcra Hakimiyyəti işçilərinin Prezidentə göndərdikləri müraciətdir.
Şəkildə: “Kəndxuda”nın çətir tutanı var
Müraciəti bəzi ixtisarlarla dərc edirik:
“Rəcəb Babaşov öz kəskin aqressiv xarakterini tam şəkildə işində və idarəçilik üslubunda tətbiq edərək demək olar ki, İcra Hakimiyyətinin bütün işci heyətini mütəmadi təhqir edir, şəxsiyyətini alçaldır. İcra Hakimiyyətinin işciləri utandıqlarından bir-birinin üzünə baxa bilmir… İcra hakimiyyəti işciləri Qazax şəhər sakinlərinin müzakirə predmetinə çevrilib. Sakinlər kimin nə cür və hansı formada təhqir olunduğunu dəqiqliyi ilə bilirlər… Bir sıra şəxslər təhqirlərdən cana doyub öz ərizələriylə işdən çıxıblar, bəziləri də buna hazırlaşır. Ən maraqlısı da odur ki bunlar hamısı Heydər Əliyev yoluna və dövlətçiliyimizə faydalı və sadiq ziyalı şəxslərdir.
Yersiz yerə, yəni iş oldu-olmadı İcra Aparatının bütün heyətini gecə saat 11 – 12- yədək, bəzi vaxtlarda isə 02.00-dək iş yerində olmağı tələb edir. İcra Apparatının işcilərini çox gərgin qorxu və xof altında saxlamaqla sanki bir hərbi hissə rejimi yaradıb. Ən xırda bir iş üçün Aparatın işciləri Rəcəb Babaşovdan icazə almalıdır. Bunun üçün isə bəzən 30- 40 dəqiqə kabinetin qarşısında gözləməli olursan. Keyfi yaxşı olsa icazə verəcək olmasa yox.
Cənab Prezident! Sizdən xahiş edirəm Qazax şəhərini xilas edin! Vəziyyət olduqca acınacaqlı və dözülməzdir. Rəcəb Babaşov çox yalnış davranış və idarəçilik üslubunu seçib. Bu davranış ümumi idarəçilik prinsiplərinə tamamilə ziddir. İnsani davranış, mədəniyyət və normal insani münasibətlər prinsipləri haqqında tamamilə bixəbər kimi aparır özünü. Rəcəb Babaşovun psixoloji durumu və şəxsiyyəti şübhə doğurur. İcra Hakimiyyətinin işciləriylə komandirin tabeçiliyində olan günahkar əsgərlə davrandığı kimi davranır.
İctimai narazılıq qaçılmazdır və gündən günə artan templə davam etməkdədir. Bu artan narazılıq çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İcra Hakimiyyəti işcilərindən bəziləri bu problemi həll etmək üçün etiraz əlaməti olaraq yerli vətəndaşları Rəcəb Babaşova qarşı noyabrın 25 saat 12.00-da etiraz aksiyası keçirməyi çıxış yolu kimi seçiblər. Etiraz aksiyasına hazırlıq və təbliğat işlərinə start verilib. Mətbuata məlumat ötürülüb…
Məşhur bir psixoloqun araşdırmasından maraqlı bir həqiqəti də nəzərinizə çatdırmağı özumə borc bilirəm. «Boyu balaca və fiziki cəhətdən zəif olan şəxslər uşaqlıq və gənclik dövründə, boyu hündür və fiziki güclülər tərəfindən məruz qaldığı psixoloji basqılar şüur altında silinməz mənfi iz buraxır. Belə şəxslərin əlinə vəzifə və səlahiyyət düşən kimi fürsətdən istifadə edib boyü uca şəxsləri mənəvi və fiziki terrora məruz qoyurlar, qisas alırmış kimi davranırlar» və s.
Cavid Qurbanovun adamı olduğu bildirilən icra başçısının rayonu tamamilə mənimsədiyi, kənd təsərrüfatı sahəsindən tutmuş biznesə qədər iqtisadiyyatın bütün sektorlarını əlində cəmləşdirdiyi xəbər verilir. İcra başçısının bu hərisliyi ucbatından fərdi təsərrüfatını suvarmağa su belə tapa bilməyən qazaxlıların hər gün başılovlu İcra Hakimiyyəti binasına şikayətə gəldiyi və inzibati orqanlar tərəfindən etirazların yatırıldığı xəbər verilir. Bir sözlə, Qazax hər an patlaya biləcək barıt çəlləyini xatırladır.
“Həbsə atılası növbəti məmur - Yardımlı icra başçısı Ayaz Əsgərov”
Prokuroru dəyişdirilən digər rayon isə Yardımlıdır. Yardımlı rayonunda vəziyyətin gərginliyi barədə isə bu il xalq şairi, deputat Sabir Rüstəmxanlı öz etirazlarını dilə gətirmişdi. O, mətbuata verdiyi açıqlamada deyirdi:
"Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir".
Maraqlıdır ki, Yardımlının indiki başçısı Ayaz Əsgərov Qazaxdakı həmkarının həm də sələfidir. Yəni Rəcəb Babaşovdan əvvəl Qazaxa o, kəndxudalıq edib. Onun dövründə də rayon əhalisi daş atıb başlarını tuturdular. Ayaz Əsgərovun Yardımlıya göndərilməsi də sosial narazılığın qarşısını almaqla əlaqələndirilir.
Qazax - “Kənxuda” sarıdan bəxti gətirməyən rayon
Araşdırmamız nəticəsində o da məlum oldu ki, Qazaxın ümumiyyətlə kəndxuda sarıdan bəxti gətirməyib. Bildirildiyinə görə, Ayaz Əsgərovdan əvvəl bu rayona rəhbərlik edən Rauf Hüseynov da korrupsiya əməlləri ilə dillərə dastan imiş. Onun bu əməlləri sayəsində hətta rayonun baş mühasibinin ürəyi partlayıb, ölüb. Bundan sonra rayon ziyalılarının yaratdığı komissiya icra başçısının əməllərini araşdırıb və əldə etdikləri korrupsiya faktlarını ölkə başçısına təqdim ediblər. 2011-ci ilin 6 oktyabrında Prezident İlham Əliyev icra başçısı Rauf Hüseynovu işdən çıxarıb və yerinə Ayaz Əsgərovu təyin edib.
Amma Qazaxlıların sevinci uzun sürməyib. Rayonun son 11 ildə dəyişilən iki icra başçısı da gedənə rəhmət oxutdurub. Həm Ayaz Əsgərovun, həm də Rəcəb Babaşovun rəhbərlik etdikləri rayonlardakı fəaliyyəti daha geniş araşdıracağımızdan hələlik prokuroru dəyişdirilən digər rayon barədə qısa məlumat vermək istəyirik.
Qəbələ “kəndxuda”sının strateji hədəfi - Cənnətdən cənnətə
Söhbət, təbii ki, Qəbələdən gedir. Ölkəmizin ən dilbər guşələrindən olan Qəbələ füsunkar təbiətiylə məşhurdur. Bu gözəllik ona Azərbaycanın ən böyük turistik bölgəsi adını qazandırıb. Bu baxımdan Qəbələ həm də yaxşı pul mənbəyidir. Təsadüfi deyil ki, bu rayona lövbər salan icra məmurları da ömürlərinin axırına qədər Qəbələni tərk etmək istəmirlər. Başqa sözlə, cənnətdən cənnətə getmək planları qururlar. Amma bir gün mütləq tərk edəcəkləri yerüstü cənnəti də korrupsiya yoluyla özününküləşdirməyi də unutmurlar. Hər halda Qəbələ sakini Valeh Əzizovun Teref.az-a yazdığı şikayət məktubu da bu mətləbdən xəbər verir.
Məktubdan bəzi sətirlər:
- Səbuhi Abdullayev 2009-cu ildən Qəbələnin İH başçısıdır, yəni 11 il;
- 1-ci müavin Abil Ağasəfov 2005-ci ildən işləyir, yəni 15 il;
- Müavin Rahib Əhmədov 1991-cü ildən işləyir , yəni 29 il;
- Müavin Arif Allahverdiyev 2005-ci ildən işləyir, yəni 15 il;
- Baş memar Təbriz Abdulxalıqov 2009-cu ildən işlər, yəni 11 il;
- Baş həkim Sabir Bayramov 1995-ci ildən işləyir , yəni 25 il;
- Suvarma Sistemləri İdarəsinin rəisi Qudrət Həmidov , 2007-ci ldən işləyir, yəni 18 il;
- Qəbələ şəhər İcra nümayəndəsi Dəmir Bağırov əvvəllər bələdiyə sədri idi, 1995-ci ildən işləyir, yəni 25 il;
- Vəndam qəsəbə İcra nümayəndəsi İlham Bağırov , Xalq cəbhəsi dönəmində Meşə idarəsi rəisi idi, sonra şəhər icra nümayəndəsi işləyirdi , 1992-ci ildən işləyir, yəni 28 il;
- Kommunal Müəssisələri Kombinatı rəisi Rəhman Həsənov , 2009-cu ildən işləyir, yəni 11 il”.
Başqa sözlə, Qəbələ bütün icra strukturları və təbii resurslarıyla bir neçə ailənin özəl mülkiyyətinə çevrilib. Vahid Əzizovun iddiasına görə, rayonun gəlirləri də həmin ailə-klan hakimiyyəti pramidasına uyğun şəkildə bölünürmüş:
“Səbuhi Abdullayev Qəbələdə İcra başçısı işlədiyi müddətdə Qəbələ şəhər və kəndlərinin abadlaşdırılmasına, küçələrin təmir və asfaltlaşdırılmasına, kənd təsərrüfatına, bələdiyyələrin inkişafına, dövlət tərəfindən imkansız ailələrə, rayonda bütün digər sahələrin inkişafına ayrılmış vəsaitlərin 70 % -ni müxtəlif yollarla mənimsəmişdir. Bunu isbat etməkçün bütün aparılmış işlərin dərindən yoxlanılması yetərlidir. Bəzi misallar çəkək:
- Qəbələ şəhər Heydər Əliyev prospektində yağış sularının kənarlaşdırılması üçün yol kənarlarına yerləşdirliməli olan gizlin su arxlarına dövlət büdcəsindən 3000000 (üç milyon) manat vəsait ayrılmışdır. Layihə yarımçıq icra edilərək pulun yarı qismi mənimsənilmişdir.
- Qəbələ şəhəri akademik Zərifə Əliyeva adına prospektə ayrılmış vəsait tam mənimsənilmişdir, heç bir iş icra edilməmişdir.
- Səbuhi Abdullayev Qəbələdən taladığı vəsaitin bir qismini Bakı şəhərində atası Məhəmməd Abdullayevə məxsus tikinti şirkətinə yatırmış, ayrı-ayrı adamların adına saysız əmlaklar almışdır;
Qəbələdə isə tikinti sahəsində Ceyhun, Cavid, Cəsarət adlı qardaşlarla iş ortaqlığı var. Bütün yatırımları onların adından edir.
Məsələn, Qəbələ Palas şadlıq evi (dəyəri orta hesabla 3.5 milyon manat) , Qəbələ Ticarət adlı Tikinti materialları satışı bazası , müxtəlif mənzərəli yerlərdə tikilmiş 50-dən artıq kirayəlik evlər ona məxsusdur”.
Qısası, Kamran Əliyevin son qərarıyla icra başçılarına hələ toxunulmayan rayonların prokurorlarının dəyişilməsi təsadüfə bənzəmir. Belə görünür ki, növbəti təmizləmə işləri məhz bu 3 rayonda aparılacaq. Bircə fərqlə; budəfəki əməliyyatları “qara maskalılar” deyil, yaşıl mahudlu paqonlular aparacaq. Yəqin ona görə ki, “qara maskalıların” Bakıda daha çox ehtiyac var.
Görünür, buna görə də başlarına gələcəklərdən çəkinən bəzi icra başçıları qorxularından koronavirusa yoluxublar.
Ovqat.com