“O hər şeydə qalib idi, hər sahədə qalib idi. Biz inanırdıq, o yenə qalib gələcək, ancaq bu virus can alır”.
“Qafqazinfo” bildirir ki, bu sözləri mayın 17-də koronavirusdan vəfat etmiş Təcili Tibbi Yardım Xidmətinin həkimi Cəmşid Abbasovun qızı Fatimə Abbasova “İTV xəbər Yekun”un “Pandemiyanın ağ xalatlı qurbanları” adlı süjetində deyib.
Süjetdə bildirilib ki, həkimin pandemiya səbəbi ilə qızdırmalı xəstə çağırışlarına çox getdiyi üçün koronavirusa iş başında yoluxduğu güman olunur. Üç övlad, dörd nəvəsi olan mərhum Cəmşid həkim qızı Fatimə ilə həm də iş yoldaşı idi.
“Bizimlə işləyən başqa həkimlərimiz də bu virusa yoluxdu və dünyasını dəyişdilər. Quliyev Surxay doktor, Musayev Mircəlal doktor. Onlar da bu virusdan dünyalarını dəyişdilər. Onlar bizim şəhidlərimiz qədər dəyərlidirlər. Hətta deyərdim ki, onlar “şəhid həkimlərdirlər”, - Fatimə bildirib.
“İnsanları hər dəqiqə inandırmağa çalışıram ki, inanın. Biz çəkdik, bizim canımız yandı, sizin canınız yanmasın. Biz bunu yaşadıq, siz bunu yaşamayın. Çox ağırdır. Hər gün onun paltarlarına sarılmaq, onun yolunu gözləmək çox dəhşətdir”, - mərhum həkimin qızı əlavə edib.
Süjetdə qeyd edilib ki, Cəmşid həkim aprel ayında koronavirusa yoluxduğunu anlayır, özünü ailədən tam təcrid edir və Bakıdakı tibb müəssisələrindən birinə yerləşdirilir. Nəfəs aparatına qoşulduğu üçün ailəsi ilə ancaq yazışaraq əlaqə saxlayıb, sağalacağını, tezliklə yanlarına dönəcəyini bildirib.
“Sonuncu yazışmamızda dedi ki, özünüzü qoruyun, möhkəm olun, sizi Allaha əmanət edirəm. Dedim ki, “papa”, biz səni gözləyirik, sən gəl, biz daha yaxşı olacağıq, hər şey daha gözəl olacaq. Dedi ki, İnşallah, sağlıq olsun”, - mərhum həkimin qızı Əsmər Abbasova atasını xatırlayarkən deyib.
Süjetdə bildirilib ki, Cəmşid həkimin ömür yolu döyüş meydanlarından da keçib. Qarabağ müharibəsi zamanı həkim olaraq cəbhədə əsgərlərimizin yanında olub, üç gün mühasirədə də qalıb.
“Həmişə deyirdi ki, çox müharibələrə getmişik, bu da bir müharibədir. Bu maharibədən də İnşallah sağ-salamat çıxarıq”, - Cəmşid Abbasovun həkim yoldaşı Sevda Kazımova onu xatırlayarkən deyib.