hemle

Bayram Səfərov: Mən Qarabağda ölsəydim, kim mənim ailəmə bir ‘buxanka’ çörək verəcəkdi?

Tarix:21-06-2020, 23:03
Baxış Sayı:776

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov geniş müsahibə verib. İcma başçısı budəfəki müsahibəsində Qarabağ ətrafındakı vəziyyət, Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasındakı qarşıdurma mühitinin perspektivləri ilə yanaşı, özü ilə bağlı mətbuatda vaxtaşırı yer alan tənqidi yazılara da ilginc reaksiya verib, onu hədəfə alanlara çağırış edib. Müsahibəni sizə təqdim edirik:

– Bayram müəllim, bu günlərdə Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında gərginlik, ixtilaf mövcuddur. Siz bu gərginliyin sonunu necə görürsünüz?

– Erməni ermənidir. Fərqi nədir, Qarabağ ermənisi, ya Ermənistan ermənisi? Gözləməyin ki, onlar sonda nəyisə güzəştə gedəcək. Onların hakimiyyətinin taleyinin necə olacağını da demək çətindir. Bako Saakyan oyuncaq hakimiyyətin “başçısı”dır. Məntiqlə Paşinyan Qarabağ separatçılarının rəhbərliyini dəyişib özünə xidmət edən adamları gətirməlidir. Bundan əlavə, Serj Sərkisyan, Robert Köçəryan və Saakyanın adamları öz cinayətlərinin ört-basdır edilməsi üçün mübarizə aparacaqlar. Əli çoxsaylı insanın qanına batmış adamlar əlbəttə, istəyirlər ki, hakimiyyətdə olsunlar və toxunulmazlıqları olsun. Bu cinayətkarlar təkcə Xocalıda 613 günahsız insanımızı qətlə yetiriblər. Qaradağlı, Meşəli, Cəmilli kəndlərini…Cinayətlər törədilmiş kəndləri saymaqla bitmir. Bizim 25 min insanımız öldürülüb, əsir-girov götürülüb.

– Bir çoxları hesab edir ki, 90-cı illərdə Azərbaycanda yaşanan gərginlik bu gün Ermənistanla Qarabağ separatçıları arasında yaşanır…

– Bəli. Mən də hesab edirəm ki, hazırda Ermənistandakı vəziyyət Azərbaycanın 28-30 il bundan qabaq düçar olduğu vəziyyəti xatırladır. Çox şükür ki, biz onları 28-30 il qabaqlamışıq. Bu gün Azərbaycanın stabilliyi, regionun lider dövləti olması, güclü ordu qurması, iqtisadiyyatının inkişafı, prezidentin insan kapitalına böyük önəm verməsi, vətəndaşlarımızın neft asılılığından azad olması üçün atılan addımlar göz önündədir. Amma Ermənistanda fəlakətli vəziyyət hökm sürür. Əgər Paşinyan işğaldan əl çəkəcəksə, xalqın sosial durumunun yaxşılaşdırılması üçün addımlar atacaqsa, xalqın da rəğbətini qazanacaq. Amma verdiyi vədlərə əməl etməsə, Paşinyanın taleyi əvvəlkilərdən betər olacaq. Çünki onun dövlətçilik, idarəetmə təcrübəsi yoxdur.

– Ermənilər 90-cı illərdə fürsətdən yararlandılar. Sizcə, Azərbaycan indiki durumda hansı mövqe tutmalıdır, hərəkətə keçib torpaqlarını azad etməlidirmi?

– Heç bir halda mən istəmərəm ki, müharibə olsun. Möhtərəm prezidentimiz də həmişə deyir ki, çalışaq, məsələni sülh yolu ilə həll edək. Mən də müharibə istəmirəm. Niyə? Mən Şuşadan elə bir ailə tanımıram ki, o, Qarabağ müharibəsindən zərər görməsin, əzizini itirməsin, maddi, mənəvi zərbə almasın. Müharibə fəlakətdir, insan ölümüdür, dözülməz bir şeydir. Amma eyni zamanda düşünürəm ki, bizim torpaqlarımızın azadlığı üçün son sözü Azərbaycan əsgəri deyəcək. İndi erməninin ağlı olsa, onun ağsaqqalı-qarasaqqalı varsa, kilsəsi, o birisi-bu birisi oturub düşünsünlər ki, bunlardan oyuncaq kimi istifadə olunur. Bəzən özləri də yazırlar ki, biz onlar üçün oyuncağıq, girovuq. Ona görə də Paşinyan hakimiyyəti işğaldan əl çəksə, Azərbaycana, möhtərəm prezidentimizə müraciət etsə, Cənubi Qafqazdakı bütün iri layihələrdən yararlana bilər. Hansı ki, onlar bütün bu layihələrdən qıraqda qalıblar. Bunlar bilməlidirlər ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin razılığı olmadan Ermənistan Cənubi Qafqazda heç bir layihədə yer ala bilməyəcək.

Oxumağa dəyər: Azərbaycanda koronavirusa yoluxmada yeni rekord
– Bayram müəllim, erməni saytlarını izləyirsiniz?

– Çox az. Bilirəm də nə yazırlar, nə yazacaqlar. Erməni başqa nə yazacaq ki?

– Yazırlar ki, Talış kəndində tikinti işləri gedir, gələn il Qarabağda 500 ev tikiləcək, bu qədər vəsait ayrılıb, nar bağı salınıb…

– Bunlar erməni təxribatıdır. İkincisi də nar bağı salmaq nə çətin şeydir ki? 5 hektar salmasın, lap 50 hektar salsın. Azərbaycan 50 min hektar əkin əkir, o da 5 hektar. Budur inkişaf? Onların əkdiyi, becərdiyi onsuz da bizimdir. Qalacaq bizə. 500 ailə gəlib Qarabağda yaşayacaq?

– Gəlməyəcək?

– Xeyr! Ermənistan və Qarabağdan miqrasiya olmasaydı, sizin dediklərinizlə razılaşardım. Adamlar köçüb gedir. Bütün gənclər oranı tərk edir, orduda xidmət etməyə adam tapmırlar. Onlar dəlidir gəlsin burada yaşasın? Ermənilərin ən pis yaşayanı Rusiyadadır. Avropada, Amerikadakı erməni geri qayıdacaq?

– İcma araşdırıbmı ki, bu gün Qarabağda nə qədər erməni yaşayır?

– Yox, biz onu araşdıra bilmərik, bu, imkanımız daxilində deyil. Mənim erməni ilə əlaqəm yoxdur. Sadəcə, erməni özünə sərf edən informasiyanı yayır.

– Yazırlar ki, Qarabağda əhalinin 21 faizi kasıblıq həddində yaşayır…

– 21 faiz olmaz e, 90 faiz olar. Mən Qarabağın ən gözəl yerində, Şuşada yaşamışam. Qarabağa gediş-gəliş olmasa, turist gəlməsə, orada erməni nə ilə dolanacaq, necə yaşayacaq? Orda zavod-fabrik, iri şirkətlərmi var?

“Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdimi?”
– Sonuncu dəfə icmanın ofisinə beynəlxalq təşkilatlardan kimlər gəlib?

– Keçən ay ATƏT-in Minsk Qrupunun həmsədrləri və Avropa İttifaqından nümayəndələr gəlmişdilər. Görüşdük, söhbətləşdik. Bizi dinlədilər, suallarımızı verdik. Həmsədrlərdən nə gözləyək? Onların biri Fransadır, bu gün başı özünə qarışıb. Torpağımı işğal edən Ermənistanda da müsibətdir. Rusiya və ABŞ da bir-birini qırır, hələ nə olacaq, bilinmir. Onlar üçün, dünya üçün Qarabağ məsələsi əsas məsələ deyil. Bayaq ona görə dedim ki, istəmərəm müharibə olsun, amma son sözü ordumuz deyəcək. Torpağı ayrı cür azad etmək mümkün deyil.

– Sizin bundan əvvəlki müsahibəniz səs-küyə səbəb oldu, sosial müzakirələrdə haqqınızda xeyli yazıldı…

– Hə. 1992-ci ildə mənim iki qardaşım mayın 8-də Şuşadan çıxıb. Bu, həqiqətdir, camaat da bilir. Bacım da ayın 8-də orda olub. Hətta mənim kiçik qardaşım mənə sonra dedi ki, istədim bacımı – adı Sərfinazdır – güllələyim, erməniyə əsir düşməsin. Allaha and olsun, belə dedi. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən?

– Bir sıra adamlar dedi ki, Bayram Səfərov ancaq öz ailə üzvlərini düşünüb…

– Onu deyənlər o şüurun sahibidir. Təbii ki, mən o niyyətlə deməmişəm. Yaxşı, lap Bayram Səfərovun bütün yeddi arxa dönəni hamısı sinəsini versin erməninin gülləsinin qabağına ki, “gəl, güllələ!” Mənim erməninin qarşısına çıxmağa silahım, sursatım, əsgərim, köməyim yox, mən orda qalmaqla orda nə edəcəkdim? Rusiya ordan, Ermənistan burdan. Adicə düşünəndə adam dəhşətə gəlir. Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz! Mən xalqımı və torpağımı heç kimdən az istəmirəm. Torpağını, millətini, dövlətini çox istəyən adamlarla da yarışa girirəm. Bütün həyatım boyu xalqıma xidmət eləmişəm, özü də təmiz, kişi kimi!

Oxumağa dəyər: Sosial Nazirlikdən deputatın iradlarına cavab
– Maraqlıdır, niyə sizinlə bağlı vaxtaşırı müzakirələr açılır, hansısa sözünüz, hərəkətiniz, ya müşavirədə yuxuya getməyiniz geniş diskussiyalara səbəb olur? Bunun səbəbi sizə məlumdurmu?

– Yəqin ki, maraqlı adamlar var. Həm də ola bilər məndən xoşu gəlməyən operator, ya hansısa jurnalist çəkib yayır. Elə möhtəşəm məclisdən o cür görüntü yayan jurnalist, lap elə onları ora buraxanlar da günahkardır.

– Yəqin yorğun imişsiniz…

– Deyə bilmərəm. Allaha and olsun, bilmirəm o anda yatmışam, ya yox…(gülür) Orda projektorlar çox güclü idi, gözümə düşürdü. Mən ya əlimi gözümün üstünə qoyurdum, ya da gözümü yumurdum. Təbii ki, olmamalıydı. Amma onu o cür işıqlandırmaq… Həmin adamın qanı təmiz deyil. Ani yuxu hamıda ola bilər. Özü də orda tək mən yatmamışdım ki. Məndən başqa o qədər yatanlar var idi, niyə onları vermir, məni verir? Əgər qərəzli deyilsə…

– Uzun illərdir iki vəzifəni icra edirsiniz. Ağır deyilmi?

– Ümumiyyətlə, mən həyatda heç nəyə asan nail olmamışam. Həyatım həmişə haylı-huylu, səsli-küylü olub. Şuşa əhalisinin hamısı məni tanıyır. Hamı da bilir ki, mən alnıaçıq, zəhmətlə, əziyyətlə böyümüşəm. Tanıyanlar bilir ki, biz zəhmətkeş ailə olmuşuq. Uşaqlarımız hamısı təhsil alıb, hamımız da xalqımıza çox səmimi, sədaqətlə xidmət etmişik. Mən də, qoçaq deyim, cəsarətli deyim, ya cürətli deyim, bilmirəm, tapşırılan vəzifələrin öhdəsindən gəlməyə çalışmışam. Heç vaxt mənə verilən tapşırığı icra edib qurtarmayana qədər sakitləşməmişəm. Heç vaxt istəməmişəm ki, məndən yuxarıdakı rəhbərlərin mənə qınağı olsun. Çalışmışam ki, onların yanında üzüm həmişə ağ olsun. Bir halda ki, mənə tapşırıq verilir, onu icra etməliyəm. Hamının ehtiyacını ödəmək mümkün olmur axı. Dünyanın heç yerində qaçqın-köçkünlərə bu qədər diqqət, qayğı yoxdur.

– Bayram müəllim, Bakıda Şuşa qəbiristanlığının olması faktı sizə necə təsir edir? Bildiyimizə görə, əmanət qəbirlər də var…

– Bəli, bu, dünyanın ən böyük ədalətsizliyidir. Şəxsən tanıdığım adamlar var, vəsiyyət edib ki, məni burda müvəqqəti basdırın, torpaqlar azad olunandan sonra apararsınız Şuşaya.

– Allah uzun ömür versin! Bəs, siz necə, heç o barədə düşünmüsünüzmü?

– Mənə qalsa, mən Şuşada ölmək istəyirəm. O da Allah-təalanın əlindədir. Əlbəttə, mən Şuşanı azad görüb, orda ölmək istəyirəm. Mən o günə inanıram. Bir zamanlar bizim ölkəmiz nə kökdə idi? Bu gün Azərbaycandakı sabitlik ən böyük sərvətimizdir. Baxın, İran, Ermənistan, İraq, Suriya, qardaş Türkiyə, Rusiyanın özündə sabitlik varmı? Azərbaycanda bu sabitliyi, bu sakitliyi bərqərar edən cənab prezident İlham Əliyevdir. Eyni zamanda biz hamımız ulu öndər Heydər Əliyevə bugünkü sabit ölkədə yaşamağımıza, uşaqlarımızın rahat təhsil almasına, dolanışığımıza görə minnətdar olmalıyıq. Hamımıza da minnətdarıq. Cənab prezidentimiz ilk dəfə prezidentliyə namizədliyini verəndə görəcəyi işlərdən bəhs etmişdi. Mən növbəti dönəmdə baxım ki, orda əksini tapan bütün məsələlər artıqlaması ilə həllini tapıb, bir dənə Dağlıq Qarabağın işğaldan azad olunmasını çıxmaq şərtilə. Bu məsələ isə tək Ermənistan-Azərbaycan məsələsi deyil. Bu, heç Rusiya-Ermənistan-Azərbaycan, ya Belarus-Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan məsələsi deyil. Bu məsələdə artıq bütün Avropa, Amerikanın, bütün dünyanın marağı var. Həm də unutmayaq ki, biz müsəlmanıq, bizi həmişə nələrəsə bağlayırlar. Ancaq gəlib bizim ölkəmizi görəndən, xalqımızı tanıyandan sonra çoxlarının fikri dəyişir. Ona görə də tək məmurlar yox, bütün vətəndaşlarımız o qədər ideoloji işlər aparmalıdır ki, o qədər yazı-pozu ilə məşğul olmalıdır… Bayramın mürgüləməyini yazmaq lazım deyil e, yazan oğlan! Əgər həmin adamın qanında vətən, millət sevgisi varsa, o mövzulardan yazsın. Yazsın ki, Azərbaycan gözəl ölkədir, xalqı gözəl xalqdır. Azərbaycan xalqının tək qüsuru odur ki, bir-birinin qədrini bilmir.

Oxumağa dəyər: Torontonda baş vermiş atışma zamanı bir nəfər ölüb
– Bayram müəllim, siz niyə icma rəhbəri kimi xarici ölkələrə səfər etmirsiniz?

– Biz çox iş görürük. Getməklə iş bitmir ki.

– Hər halda Qarabağ ermənilərinin başçısı Bako Saakyan həmsədr ölkələrə gedir, görüşlər keçirir. Siz də gedib azərbaycanlı icmanın rəhbəri kimi onun təbliğatını alt-üst edə bilərsiniz…

– Saakyan özü getmir e, bu görüşlərin hamısını orda təşkil edirlər. Bako Saakyan gedir orda əlini açıb dilənir. Mən heç bir vaxt o hərəkəti eləmərəm. Çünki Azərbaycanın İlham Əliyev kimi prezidenti var, xalqımıza nə lazımdırsa, artıqlaması ilə edir. Baxın, möhtərəm prezidentimiz nələr edib. Mən bircə onu bilirəm ki, biz torpaqlarımızı işğaldan azad etməliyik. Möhtərəm prezidentimizin apardığı uğurlu siyasət bizi buna doğru aparır. Baxın, son vaxtlar ermənilər hara gedirsə, ağızları ovulur, qayıdırlar. Təkləniblər. Bütün bunlar möhtərəm prezidentin yürütdüyü xarici siyasətin uğurlu nəticəsidir. Deməli, biz indikindən bir az da fəal olmalıyıq. Bizim millət vəkillərimiz, QHT-lərimiz də xaricə səfərlər edirlər, yaxşı çalışırlar. Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasından sonra nə qədər böyük işlər görülür. Bütün ölkələr Xocalı soyqırımının anım mərasimini keçirirlər. Argentinada, ABŞ-da Xocalı soyqırımına aid anım tədbiri təşkil olunur. Bu, elə-belə, asanlıqla başa gəlməyib e. Görün nə qədər işlər görülür, xarici siyasətdə nə qədər zəhmət çəkilir. Bunlar hamısı möhtərəm prezidentimizin apardığı siyasətin nəticəsidir. Allah kömək olsun möhtərəm prezidentimizə də, Mehriban xanıma da, qızı Leyla xanıma da, Arzu xanıma da! Gör nə qədər böyük işlər görürlər. İnşallah, bu işlərin sayəsində biz Qarabağda böyük qələbəyə nail olacağıq!

azerbaycan24.com
hemlemedia.az

Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA