Qədim dünya tarixində ilk xalq yunanlardır ki, özünə böyük cahangir tarixi yazmışdır. Onlar m.ö.VIII əsrin əvvəllərində materik Yunanıstanda ayağa qalxıb, saysız qayıqlarda böyük hərbi güclə “Aralıq dənizi” hövzəsində yerləşmiş adaları ələ keçirərək Kiçik Asiya torpaqlarına soxulmuşlar. Yunanlar Anadolu torpaqlarını və “Pont dənizi” (“Qara dəniz”) ətrafı əraziləri işğal etmişlər.
Maraqlı odur ki, Avropanın da, rusların da əksər tarixçiləri müstəmləkəyə çevrilmiş bu geniş coğrafiyada yunanlara qədər möhtəşəm şəhərlər, mahallar inşa edən, üzüm və bağ plantasiyaları salan, suvarma kanalları çəkən, xüsusən heyvandarlıqla, maldarlıqla və s. əməklə məşğul olan türk tayfalarının adlarını belə çəkmirlər. “Türk” sözündən təhlükə hiss edən belə saxta tarixçilər onları “var-var”/”bar-bar” (“vəhşi”) və “yerli əhali” adlandırırlar. Müstəmləkəçi dövlətlərin əsil “var-var” siyasətini qoruyan belə tarixçi ideoloqlar niyə anlamaq istəmirlər ki, uşaq dünyaya gələndə ona ad qoyarlar.
Bəs, tarix ədəbiyyatında qeydə alınmış “yerli əhali” kimdir və onlar soy-kök mənsubiyyətinə görə hansı xalqa mənsub qədim ev sahibidir – İskitlər.
Danılmaz tarixi həqiqət budur ki, m. ö. VIII-VI əsrlərdə işğal ərazilərində – Anadoluda və Pont dənizi hövzəsində qədim şəhərlərin, abidələrin və sair tikililərin inşasında “yerli əhali” nəsil-nəsil ağır, işgəncəli şəraitdə işğalçı yunanlara “möhtəşəm tarix” yazmışlar. Lakin türkün düşməni olan qərbi Avropa və rus tarixçiləri ümumtürk tarixinin bu qanlı “yunan epoxası”nı zaman-zaman gizlətmiş, nəhayət, nəsillərin yaddaşından tamamilə silmişlər. Ancaq daha sonrakı dövrlərdən bəhs edən bəzi tarix ədəbiyyatında “yerli əhali” ilə – türklərlə yunanların ayrı-ayrı şəhərləri arasında olan sıx ticarət əlaqələrindən danışılır. Yaranmış bu münasibətlərin davamlı olması yunanlarda sədaqət, səmimiyyət olmasa da, onları, hətta yaxın hərbi müttəfiqə çevirmişdi. Bu baxımdan yalnız iki tarixi faktı xatırlatmaq kifayətdir.
Makedoniyalı Aleksandr Friqiya valisi ordu komandanı Zopirionu m. ö. 331-330 ildə 30 minlik ordu ilə “Pont dənizi” ətrafı yunan şəhərlərinə və İskit tayfalarına qarşı döyüşə yollamışdı.
Yunan şəhəri Olviyanı (“Pont dənizi”nin şimal qərbində, daha sonralar slavyanların gəlişi ilə “Rus çölləri” adlandırılan “Herodot Skifiyası”nda – Kıpçaq çöllərində) ələ keçirməyə çalışan Zopirionaya qarşı şəhər əhalisi makedoniyalılar ciddi müqavimət göstərsələr də, köməyə gələn İskit tayfaları düşmən ordusunu darmadağın edir.
Başqa bir tarixi fakt. M.ö. IV əsrin sonunda “Bospor çarı” Perisadın ölümündən sonra onun oğlanları Evmellə Satir arasında hakimiyyət uğrunda qanlı döyüşlər başlayır. Vəliəhd Satirə 2 min yunan və 2 min də frakiyalılardan ibarət pulla tutulmuş muzdlu əsgər deyil, “Bospor çarlığı”nın tərkibində olan İskit tayfalarından ibarət 30 min müttəfiq döyüşçü tarixi qələbə qazandırmışdı.
Deyilənlər sübut edr ki, Anadolu torpaqlarında və Pont dənizi hövzəsi ətrafında istər işğalçı yunan imperatorlarının, istərsə də Roma cahangirlərinin dövründə geniş şəhərlərin salınmasında, möhtəşəm sarayların və abidələrin ucaldılmasında, onları bəzəyən memarlıq və heykəltaraşlıq incilərinin yaradılmasında müstəsna əməyi olmuş “yerli əhali”ni – türkləri unutmaq tarixi ədalətsizlikdi. Çünki işğalçı avropalı cahangirlər ayrı-ayrı epoxalarda Dədə türkün qara torpaqları üstündə ucaldılan bu abidələri inşa etdirdikləri dövrlərdə nə materik Yunanıstanda yaşayan yunanları, nə də Romada yaşayan romalıları sürüb gətirib, onların gücündən istifadə etmişlər. Hər bir möhtəşəm tikilinin minlərlə qulun – “yerli əhali”nin həyatı bahasına başa çatması danılmaz tarixdir. Bu baxımdan tarixən türk torpaqlarında gözləri olmuş yunanlı cahangirlərin bugünkü yeni millətçi törəmələri tərəfindən “Ayasofiya” ətrafında boş-boşuna, əsassız hay-küy qaldırmalarını tarix heç bir zaman bağışlamaz! Çünki qiymətli türk sənət admları tərəfindən zəngin memarlıq üslubu ilə bəzədilmiş bugünkü “Ayasofiya” məbədi öz möhtəşəmliyi və əzəmətilə nə yunanların dövründəki yoxsul simalı kilsədir, nə də Roma imperatoru Böyük Konstantinin dövründə bərpa edilmiş ibadət yeridir.
Bu gün İstanbul Avropanın mərkəzidir, “Ayasofiya” abidəsi də onun incisidir! Bu tarix türkün şərəf tarixidir. Bunu kimsə unutmamalıdır! Çünki işğalçı avropalılar tərəfindən əsrlərlə qanı Vətən torpağına axıdılan da türkdür, qəddar düşmənin minilliklərdən gələn qanlı tarixinə qılıncla son nöqtəni qoyan da türkdür.
Bu tarixə aydınlıq gətirmək üçün XI əsrdə Malazgird altında Səlcuq sultanı Alp Arslanla bizans imperatoru Roman IV Dioqen arasında baş vermiş hadisəni xatırlamaq kifayətdir.
Tarix xəbər verir ki, Alp Arslanın komandanlığı altında olan Türkmən oğuzlarının sayından Dioqen bizanslardan başqa, dəfələrlə artıq “yerli əhali” adlandırdıqları İskit tayfalarından ibarət muzdlu döyüşçü toplamışdı. Vəziyyət çox ciddi idi. Alp Arslanın komandası ilə hücuma keçən türklərin düşmənin canına qorxu salan “Allah, Allah” nərəsi ölüm-dirim döyüşündə vəziyyəti tam dəyişdi. Bizans ordusunun sağ və sol cinahlarında dayanmış İskit komandaları qarşıda dil, qan və din qardaşlarının dayandığını gördülər və Alp Arslanın tərəfinə keçdilər. Bu qələbə tarixi bir həqiqəti təsdiq etdi: hər bir türk istər Şərqdə, istərsə də Qərbdə hər hansı adda yaşamışsa-yaşasın, özünü “Allahın Türk ordusu”nun Mahmud Kaşğari məğlubedilməz döyüşçüsü hesab etmişdir. Bu tarixi qardaş birliyi sayəsində Alp Arslan 26 avqust 1071-ci ildə bizansların mühüm sərhəd qalasını – Şərqi Bizansda Malazgird qala şəhərini ələ keçirdi və bununla da Səlcuq dövlətinin əsasını qoymuş oldu.
Alp Arslan bu döyüşdə ağır yaralanmış Bizans imperatoru Roman IV Dioqeni əsir götürdü. Roman IV Dioqen həyatının bağışlanması üçün bizansların vaxtilə işğal etdikləri qədimdən “yerli əhaliyə” – türk tayfalarına məxsus olan işğal torpaqları sultana Dədə mirası olaraq geriyə qaytarmaq məcburiyyətində qaldı.
Alp Arslanın sərkərdəliyi altında tarixin ayrı-ayrı çağlarında əvvəlcə işğalçı yunanların, sonra bizansların zülmü altında əsrlərlə yaşamağa məcbur edilmiş dili bir, qanı bir, canı bir olan qardaşlarının ata-baba yurdlarını qəddar düşməndən təmizləyən Səlcuqların bu Müqəddəs Zəfəri türklərin Konstantinopola gedən yolunu açmış oldu.
Alman tarixçisi Qelmserin Malazgird döyüşlərini “Böyük Bizans imperiyasının ölümü” adlandırması təsadüfi deyildir.
Qısa dediklərimiz bir daha sübut edir ki, Böyük Köçlə Türkmən ellərindən (“Bia” adında Altay türkləri də tarixin bir çağında Kiçik Asiyaya gəlmiş indiki “Van” gölü (əslində “Bia” gölü) ətrafında m.ö. IX-VI əsrlərədək üçyüzillik qədim Şərqin qüdrətli “Biaini” çarlığını yaratmışlar) gələn Səlcuq tayfaları əsrlərlə avropalı cahangirlərin hərbi işğal bölgəsi olmuş Anadolu torpaqlarını azad etmiş, Dədə varisi olaraq, orada yerləşmişlər. Tarixi ədalətin öz yerini tutması baxımından Sultan Mehmet “Pont dənizi”nin Asiya sahillərindən güclü bir ordu ilə Avropa sahillərində yerləşən Konstantinopol (indiki İstanbul) şəhərinə daxil olması hadisəsi türk sərkərdəsinin kimsənin ata-baba torpağını işğal edən cahangir deyildir, əksinə o, əsrlərlə qəddar düşmənin tapdağı altında qalmış Dədə torpaqlarını azad etmiş tarixi fatehdir!
Sultan Mehmet Fatehdən Böyük Atatürkün banisi olduğu Türkiyə Cümhuriyyətinə əmanət qalmış “Ayasofiya” məbədindən mömin qardaşlarımızın, bacılarımızın Cami kimi istifadə etmələri beynəlxalq hüquq və demokratik əsaslara söykənir.
Pr.Dr Əjdər TAĞIOĞLU, Turan Araşdırma Mərkəzi -nin sədri
ONN İnformasiya Agentliyi
hemlemedia.az