Tanınmış musiqiçi, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə haqqında mətbuatda kifayət qədər yazılar yer almışdır. Təqdim etdiyimiz məqalə də sənətkarımızın iç dünyası ilə növbəti tanışlıqdır. Burada konkret olaraq bir milli musiqi tədqiqatçısı, mahir ifaçı, intellekt sahibi, pedaqoq-vətəndaş, görkəmli folklor toplayıcısı və bilicisi, bir neçə musiqi kollektivinin yaradılmasında xüsusi xidmətləri olan peşəkar musiqi təşkilatçısı, eyni zamanda ömrünü axtarışlara həsr edən ziyalı kimi tanınan Abbasqulu İsmayıl oğlu Nəcəfzadə haqqında biz də ürək sözlərimizi oxucularla bölüşmək istəyirik.
Bir sənət təşnəsi kimi tanıdığım, yaradıcılıq yanğısı ilə döyünən ürəyə malik olduğunu dərk etdiyimdən, bu yazımla Abbasqulu müəllimin istedad və şəxsiyətini qiymətləndirməyi özümə borc bildim. Onun əməlləri, məşğuliyyəti, sənəti, büsbütün özüdür, təbiətidir, xasiyyətidir. Professor A.Nəcəfzadənin bütün mənəvi aləmi və sənət dünyası, daxili aləminin gözəllikləri milli musiqimizin müxtəlif elm sahələrində – muğamşünaslıq, aşıqşünaslıq, orqanologiya, rəqs sənəti, hətta meyxana janrında da cəmlənibdir. Böyük sənətə kamança ifaçısı kimi qədəm qoyan Abbasqulu müəllimin sonralar bütün unikal çalğı alətlərimizi toplayıb zəngin şəxsi kolleksiya yaratmışdır. Bu alətlər Abbasqulu müəllimin yaradıcılıq sirdaşı olmuş və onları ölkəmizdə həm nəzəri, həm də praktiki öyrənən yeganə alimə çevirmişdir. Abbasqulu Nəcəfzadənin AzTV-nin “Qızıl fondu”nda çoxsaylı ifa nümunələri qorunmaqdadır.
Fərdi surətdə instrumental ifaçı, adlı-sanlı xanəndələrin solo müşayiətçisi, xalq çalğı alətləri ansamblının bədii rəhbəri və telekanallarda bir neçə maraqlı incəsənət toplusunun aparıcısı və ssenari müəllifi kimi də tanınan A.Nəcəfzadə çoxşaxəli yaradıcılığına malik olduğu təbii hissslər ilə bağlıdır. Parlaq istedadını Vətəninə, elinə tükənməz məhəbbəti, dostlara, insanlara etibarı, xalqımızın maddi və mənəvi dəyərlərinə, qədim qaynaqlara diqqəti, dahi Üzeyir bəy ənənələrinə sədaqəti, müasir musiqi mədəniyyətimizin gələcəyinə ümid və inamı ilə təqdim edə bilmişdir. Lakin ifaçılıq sənətinin tarixinə nəzər salmaq, əsrlərin faciə məngənələrində boğulan, məhv olub unudulanları yenidən həyata qaytarmaq istəyi onu hələ erkən gəncliyindən düşündürmüşdü. Bu da onun musiqi elminə sırf vətənpərvərlik mövqeyindən yanaşmasından irəli gəlirdi. Elmi tədqiqatlar, axtarışlar, ilhamlı çalışmalar, məşəqqətli zəhmət, yazı masası arxasında keçirdiyi yuxusuz gecələr öz bəhrəsini vermişdir. A.Nəcəfzadənin alim və pedaqoq kimi şəxsiyyəti musiqi elmi sahəsində nəşr olunmuş bir çox məcmuələrin və not kitablarının müəllifi kimi də təşəkkül tapmışdır. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün çox qiymətli tədris vəsaitləridir. Onun yazdığı dərsliklər, tövsiyələr, dərs vəsaitləri və tərtib etdiyi fənn proqramlarından musiqi kollecləri, orta ixtisas və ali musiqi məktəblərində musiqinin nəzəri tədrisində hələ bundan sonra da böyük bir dövrdə istifadə olunacaqdır. Abbasqulu müəllimin musiqi alətşünaslığı ilə bağlı, bu elmə ikinci həyat verə biləcək gücündə olan əsərləri, tarixi faktlar və sübutlarla zəngin sənədli kitabları davamlı zəhmətin, işgüzar fəaliyyətin məhsuludur. Bu kitablar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kitaba köçürülmüş filialı adlandırılsa, yerinə düşərdi. Fərq, burada təqdim olunan və muzeydə olmayan yeni tapıntılar, əsrlərin keşməkeşli qoynunda itmiş və Abbasqulu müəllimin titanik zəhmətinin və ardıcıl geniş axtarışlarının qanunauyğun nəticəsi kimi yenidən həyat vəsiqəsi almış eksponatlardır. Musiqi elmimiz üçün qiymətli məxəz sayılan bu fundamental kitablarda onların səhifələrini bəzəyən zəngin çalğı alətləri kolleksiyası sərgisi nümayiş olunur. Buradakı mətnlərlə tanış olduqca alimin yaradıcı dünyagörüşü, publisistik dil üslubu, özünəməxsus dəst-xətti, təqdim etdiyi mövzuların ideya-estetik cəhətlərinin səciyyəvi xüsusiyyətləri, təsirli və düşündürücü mülahizələri, səhih faktlara söykənən ensiklopedik bilgiləri ilə üz-üzə qalırıq. Bu kitablar tək mütəxəssislərə deyil, ensiklopedik bilik mənbəyi olduğu üçün ədəbi-elmi ictimaiyyətə, ustad dərsləri keçirən müəllimlərə, jurnalistlərə, nəzəriyyəçilərə və istənilən oxucunun ev kitabxanasına qiymətli töhfədir.
A.Nəcəfzadə qırx il öncə, daha dəqiqi, 1979-cu ildə Xalq artisti Baba Mahmudoğlu (1940–2006) ilə birgə “Dastan” folklor ansamblını təşkil etmişldir. “Dastan” folklor ansamblında musiqi rəhbəri və aparıcı ifaçı olan A.Nəcəfzadə daha sonralar özünün təşkil etdiyi və bədii rəhbəri olduğu “Arzu”, “Günaydın” instrumental ansambllarında, “Meyxana” teatr studiyasında böyük istedad və rəhbərlik bacarığı ilə geniş yaradıcılıq axtarışlarının səmərəsi olaraq öz repertuarında zəngin və rəngarəng musiqi nümunələri toplamışdır. Həmin kollektivlər yeni profilli, özünəməxsus ahəngi, maraqlı repertuarı, ifaçılıq xüsusiyyətləri və s. məziyyətləri olmaqla Azərbaycan xalq musiqisinin bütün janrlarından faydalanmışlar. Bu gün də fəaliyyətdə olan “Günaydın” ansamblının üzvləri öz üzərlərində müntəzəm surətdə çalışmaqla, əldə etdikləri metodik genişlik və səslənmə lətafəti ilə tamaşaçı və dinləyiciləri razılıq duyğuları, böyük rəğbət və məhəbbət hissləri ilə mükafatlandırırlar. Orijinal və könülləri oxşayan xoş, gözəl mahnılar bəstələyən A.Nəcəfzadənin parlaq fəaliyyəti sayəsində bir çox ifaçı kadrlar yetişmişdir. Onlar püxtələşərək, professional ustalığa sahib olmuş, populyar instrumental musiqiçi, eləcə də müğənnilər kimi peşəkar konsert səhnəsinə, ekran və efirə yol açmışlar. “Meyxana” teatr studiyası – istedadlı şair və meyxana ustası Nizami Rəmizinin ifasında başqalarında olduğu kimi şit, səviyyəsiz atmacalar deyil, bədii-publisistik, xalqımızın taleyüklü məsələlərini ortaya qoyan mürəkkəb ifa xətti olan musiqili-satirik yaradıcılıq birliyi idi.
A.Nəcəfzadənin mahnı yaradıcılığı sahəsindəki uğurları da nəzərə çarpacaq dərəcədə cilalanmış, bədii kompozisiya tələblərinə tam cavab verən səviyyədədir. Artıq az qala xalq mahnısı statusu almış “Təbrizim”, “Əhli müsəlmanım, Azərbaycanım mənim” və s. mahnıları istənilən el şənliyinin və toylarımızın bəzəyinə çevirilmişdir. Bu mahnılar insanlarımızın duyğularını oxşamaqla bərabər, eyni zamanda ürəklərdə qövr edən ictimai-siyasi bir hissi – ayrılıq həsrətini də daşıyır. İki yüz il öz parəsindən perik düşmüş başıbəlalı və faciəli Güney Azərbaycanı xoş duyğularla, diləklərlə araya gətirən bu mahnıların sözlərindən nisgil çıxarılmış, axır zamanlar ölkələrimiz – Azərbaycan Respublikası və İran İslam Cümhuriyyəti arasında yaranmış hərarətli münasibətlərə işıq salınmışdır.
A.Nəcəfzadə xarici ölkələrdən, xüsusilə şeşmakam, qardaş Özbəkistanın adlı-sanlı, mahir ifaçıları – Məhəbbət Şamayeva, İlyas Malayev (1936–2008) və Sultanpaşa Umayeva kimi Azərbaycansevərləri şəxsi vəsaiti hesabına Bakıya dəvət edib, xalqımız üçün əziz olan Qarabağ marafonlarının musiqi proqramında iştiraka cəlb etmişdir. Bu da onun ictimai-siyasi xadim kimi püxtələşməsində mühüm rol oynamışdır.
Geniş pedaqoji fəaliyyətini qeyd etmək üçün, qısaca onu deyim ki, yetişdirmələri arasında soydaşlarımızdan savayı qardaş Türkiyə, Kərkük, İran, Pakistan, Orta Asiya respublikalarından təşrif gətirib milli muğam sənətimizi öyrənmək istəyənlərin sayı ildən-ilə çoxalır. Son 40 ildə ölkə-ölkə gəzərək çalğısı və beynəlxalq elmi konfranslarda nəzəri çıxışları ilə musiqimizi təmsil etməklə millətimizə başucalığı gətirmiş Abbasqulu müəllim özü də bilmədən, onu izləyən musiqi həvəskarlarının gözündə fenomenə çevrilib. Bir türk övladı kimi onun 30-dan artıq ölkədə əldə etdiyi uğurlarla necə də fəxr etməyəsən?!.
Abbasqulu müəllim nazir postuna ən layiq namizədlərdən biridir. O, indiki məqamda müsahibə verməyi o qədər də ehtiyac görmür. Deyir ki, onun nazir vəzifəsinə təyin edilməsini özünün də xəbəri olmadan Qırğızıstanda yaşayan həmyerlimiz, “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti, hüquqşünas Nüsrət Məmmədov tərəfindən irəli sürülmüş və bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlamışdır. Daha sonra bu fikir sosial şəbəkələrdə və mətbuatda yayılmış, burada on minlərlə vətəndaşımız Nüsrət müəllimlə həmrəy olduğunu nümayiş etdirmişlər. Abbasqulu Nəcəfzadənin dediklərindən: “Nazir çox məsuliyyətli bir vəzifədir. Əgər Prezidentimiz cənab İlham Əliyev etimad göstərib məni Mədəniyyət nazir təyin edərsə, qısa müddətdə oradakı bütün neqativ halları aradan qaldıra bilərəm. Mədəniyyətimizin axsadığı sahələri gözəl bilirəm, zaman-zaman bu barədə eks-nazirə məktublar ünvanlamışam. Bu məktublarda yetərincə təklif və vəziyyətdən çıış yollarını göstərmişəm. Amma həmin məktublara ya cavab verilməmiş, ya da ən yaxşı halda “baxarıq” demişlər.
Bəzən belə fikir söyləyirlər ki, ayrıca hər hansı ölkədə kommunizm qurula bilinmədiyi kimi, hər hansı nazirliyi də dünyəvi, sivil şəkildə idarə etmək mümkün deyil. Bu, heç də belə deyil. Əgər hər hansı təşkilata keçmişi saf, pak, təmiz adam rəhbərlik edərsə, həmin idarədə heç bir əyriliyə yol verilməz. Məsələn, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına yeni rəhbərlik (sədr Famil Mustafayev) təyin edildikdən sonra, mənim də üzvü olduğum bu müqəddəs ocaqda heç bir əyrilik müşahidə edilmir. Çünki iş prinsipi rəhbərlik tərəfindən elə qurulub ki, artıq burada qohumbazlıq, yerlibazlıq və s. kimi neqativ hallar baş vermir. Eləcə də elmi ocaqlarımızdan biri olan AMEA İnformasiya Texnologiyaları İnstitutunun (direktor Rasim Əliquliyev) bütün əməkdaşları uzun illərdir Azərbaycan elminin keşiyində və inkişafında ləyaqətlə dururlar. Bəlkə də ölkəmizdə başqa belə təşkilatlar da vardır. Bu təşkilatların rəhbərləri neqativ hallarla aktiv mübarizə apardıqlarından həmin idarələrdə şəffaf şərait hökm sürür. Yəni hər şey rəhbərlikdən asılıdır. Rəhbərlik rüşvətə meylli olarsa, tabeçiliyindəkilərin qarşısında gözü kölgəli olacaqdır. Belə rəhbərlərin tabeçiliyində olanlar da bundan istifadə edib yaramaz işlər görəcəklər. Baxın, artıq neçə illərdir ölkəmizdə sivil qaydada “Asan xidmət” mərkəzləri fəaliyyət göstərir. Əvvəllər kiçik bir arayış almaq üçün bəzi məmurlar vətəndaşlar qarşısında bürokratik əngəllər törədirdilər. İndi “Asan xidmət” mərkəzlərində xalqımıza yüksək səviyyədə xidmət göstərilir. Deməli, Azərbaycanda rüşvətin kökünü kəsmək mümkündür, bunun üçün rəhbər işlərə təmiz, vicdanlı, gözütox, xalqını sevən peşəkar insanlar təyin olunmalıdırlar. Cənab Prezidentimiz də belə insanların axtarışındadır”.
EDNews.net