Əziz dostlar, yanvarın 5-i Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə" şöbəsinin baş elmi işçisi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun 75 yaşı tamam olur.
Məlikov Telman Qulu oğlu, diferensial tənliklər, optimal idarəetmə və variasiya hesabı sahəsində tanınmış mütəxəssis, 1950-ci il yanvarın 5-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Şamaxı rayonu Leninabad kənd (indiki Qobustan rayonu Təklə kəndi) 8-illik məktəbini, 1967-ci ildə Şamaxı rayon Nərimankənd orta məktəbini bitirmişdir.
Həmin il də Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, 1972-1975-ci illərdə ADU-nun aspiranturasında təhsil almışdır. 1976-cı ildə AEA Riyaziyyat və Mexanika İnstitutunda professorlar Qoşqar Əhmədov və Kazım Həsənovun rəhbərliyi ilə “Bəzi optimal proseslərdə məxsusi idarəedicilərin tədqiqi (01.01.02)” mövzusunda namizədlik, 2005-ci ildə AMEA Kibernetika İnstitutunda “Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər (01.01.09)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O əmək fəaliyyətinə 1972-ci ildə Həsənbəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) baş laborant kimi başlamış, 1975-1976-cı illərdə həmin institutda assistent vəzifəsində çalışmışdır. 1977-ci ildən Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) Kirovabad filialının (ali riyaziyyat kafedrasında) assistenti kimi fəaliyyətini davam etdirmiş, həmin kafedranın baş müəllimi, sonra bu filialın bazası əsasında yaradılmış Azərbaycan Texnologiya İnstitutunun (indiki Azərbaycan Texnologiya Universiteti) Ali riyaziyyat kafedrasında dosent, kafedra müdiri və professor vəzifələrində işləmişdir. 2000-ci ildən həmin institutun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş və həmin tarixdən 2013-cü ilə qədər rektor vəzifəsini icra etmişdir.
2014-cü ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Eyni zamanda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır. Telman Məlikov 100-dən çox elmi işin, 2 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik, 1 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.
O, müxtəlif tip diskret və kəsilməz tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələlərini tədqiq etmişdir. Gecikən təsirə malik diferensial tənliklər sistemi ilə təsvir olunan idarəetmə məsələlərinin optimal həllinin tapılması üçün yeni üsul verərək müxtəlif zəruri şərtlər – Kelli, Koppa-Moyer, matris impulslu və bərabərliklər tipli zəruri şərtlər ardıcıllığı almışdır.
Professor Telman Məlikov ilk dəfə olaraq neytral tip tənliklər sistemi ilə təsvir olunan idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipinin analoqu, Kelli tipli, matris impulslu və bərabərlik tipli ikinci tərtib optimallıq şərtlərini almışdır. Eyni zamanda paylanmış parametrli Qursa-Darbu sistemi ilə təsvir olunan optimal idarəetmə məsələləri üçün Riman matris funksiyasından istifadə edərək məsələnin məlumlarından daha az şərtlər tələb etməklə Pontryagin mənada məxsusi idarəedici funksiyalar üçün daha güclü tərtib optimallıq şərtləri, habelə, klassik mənada -məxsusi və -məxsusi idarəedici funksiyaların optimallığı üçün verilmiş sistemin xarakteristikası boyunca Kelli, Koppa-Moyer, matris impulslu və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı almışdır.
O, son illərdə diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli zamanı yeni , - qabarıq çoxluq anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çoxnöqtəli zəruri şərtlər almışdır. Eyni zamanda funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri isbat etmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir.