hemle

SON DƏQİQƏ! Səməd Seyidovdan Qarabağ açıqlaması: “ Lazım gələrsə 300 il Səbirli olmalıyıq”

Tarix:24-05-2020, 14:11
Baxış Sayı:559

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müsahibə verib.

- Düzdür, bizimkilər layiqli cavab verdilər, düşməni susdurdular. Ancaq hər bir halda adamın ürəyi ağrıyır. Dinc sakinlər, uşaqlardır. Özü də elə bir vəziyyətdədirlər ki, gözlərinin qabağında göl var, göldən su götürmək olmaz. Gözlərinin qabağında torpaq var, torpağa ayaq basmaq olmaz. Gözlərinin qabağında inkişaf var, inkişafdan səmərəli istifadə etmək imkanı yoxdur. Bu, adamı yandırmazmı? Bunu da qoymayan erməni snayperi, ermənilərin təxribatlarıdır.

- Səməd bəy, sizinlə söhbətimiz ermənilərin Şuşada təşkil etdiyi “andiçmə” şousundan bir gün sonraya təsir edir. Yəqin ki, izlədiniz. Necə təsir etdi?


- Bunlar ki, “andiçmə” ilə bağlı şou düzəltdilər... Bəlkə də qəribə səslənir, hesab edirəm ki, bu, onların gücsüzlüyüdür, gücü deyil. Bəziləri bizi təxribata çəkirlər ki, ay gördünüz, belə elədilər, elə elədilər. Şuşa işğaldadır... Əlbəttə, orda baş verənlər hamıya təsir göstərir. Amma bunlar çox hiyləgərliklə və qəsdən bizim hisslərimizlə oynayırlar. Niyə?

Bunun bir neçə səbəbi var. Səbəbləri araşdırmaq üçün əvvəlcə Avropa Parlamentinin 11 may, 19 may 2020-ci il qərarlarını oxumaq çox vacibdir. Hər ikisində, birincisi, Azərbaycanın ərazi bütövlüyü, ikincisi, Qarabağın özündən imtina, yəni danışıqlar prosesi formatının Azərbaycan-Ermənistan şəklində saxlanılması məsələsi vurğulanır. Təbii, bunlar əllərindən gələni edəcəklər. Birincisi, özlərini qabağa versinlər, “inauqurasiya”, “andiçmə” deyib, Qarabağdakı rejimi önə çəksinlər, ikincisi isə, təbii ki, bizə növbəti dəfə mənəvi zərbə vurmaq cəhdini ortaya atacaqlar. Bu, heç də təsadüf deyil. Bunun kökü, əsası ondan ibarətdir ki, beynəlxalq aləmdə Azərbaycan prezidentinin apardığı siyasət artıq öz əksini, öz cizgilərini tapmağa başlayır. Konkret olaraq həm Avropa Birliyinin mövqeyinə, həm Trampın məktubuna, həm Lavrovun bəyanatına diqqət edin, bunların heç birində Dağlıq Qarabağ yoxdur. Hamısında Ermənistan və Azərbaycan var. Belə olan halda Qarabağ erməniləri neyləməlidir? Təbii ki, təxribat etməlidirlər. Təbii, biz azərbaycanlıları qıcıqlandırmalıdrılar ki, “biz varıq”, “biz bir qüvvəyik”, “bizim yeni prezidentimiz var”, “burda hansısa ”prosedur" keçiririk". Paşinyanı da, tula kimi, üzr istəyirəm, Ermənistandan ora çağırmalıdırlar. Ona görə ki, bizim hisslərimizə təsir göstərsinlər.

Ən faciəlisi budur ki, Azərbaycanda bəzi “icmalçılar və siyasətçilər” deyirlər ki, “bu gün bombalamaq, müharibəyə başlamaq lazımdır”. Ay qardaş, bu Şuşa dünən də işğalda idi, bu gün də işğaldadır. Dünən bizim diplomatik səylərimiz o qədər də çox deyildi, bu saat çoxalır. Qoyun, bu istiqamətdə bir balaca işləyək. Yox, görürlər ki, uğurlar əldə olunur, proses gedir, bu istiqamətdə məsələlər həll olunur, dərhal düşmənin dəyirmanına su tökürlər. Belə şey etmək olar?

- Bu barədə sosial şəbəkələrdə də xeyli müzakirələr aparıldı, çağırışlar oldu. Deyək ki, vətənpərvər insanlardır, ürəyi yanır və düşmənin başına od ələməyə çağırış edirsə, bunu qəbul etmirsiniz?

- Mən niyə bu gün bura gəlmişəm? Qazaxın o qədər kəndi var ki. Niyə Quşçu Ayrım kəndinə getmişəm, məhz sərhəd kəndinə? Ona görə ki, ürək ağrısı isə sakinlərlə bir yerdə olmaq, onlara ürək-dirək vermək istəyirəm.

- İndi təsəvvür edin, Şuşadan olan, Şuşanın üzünü belə görməyən həmvətənimiz Şuşada ermənilərin təşkil etdiyi bu oyunlara, saymazlıqlara necə dözür... Bu mənada Şuşa ilə bağlı həmin insanların həssas münasibəti normal qarşılanmalıdır, elə deyilmi?

- Əlbəttə. Bu, insani hissiyyatdır, hamıda var. Bu məsələ məni də yandırıb-tökür. Ancaq bir var hissiyyat, bir də var düşüncə, təhlil, məsələlərin həll olunması istiqamətində düzgün addımların atılması.

- Səməd bəy, BMT-nin 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələb edilsə də, artıq üçüncü onillikdir həmin tələblər kağız üzərində qalır. Bəs, bu vəziyyət nə vaxta qədər davam edəcək, sualına cavabınız necədir?

- Özünüz də etiraf edə bilərsiniz ki, xüsusilə də son zamanlar Ermənistanın apardığı siyasət qəbul olunmur axı.

- Amma işğalçıya təpki də yoxdur...

- Yaxşı, bəs, bu boyda sənədin qəbul olunması təpki deyilmi? Avropa Parlamentinin Xarici əlaqələr komitəsində ikinci dəfə 19 mayda qəbul olunan sənəd təpki deyilmi? ABŞ Konqresinin Qarabağa birbaşa maliyyə yardımının kəsilməsi təpki deyilmi? Lavrovun bəyanatı təpki deyilmi? Fikirləşirsiniz ki, kimsə təyyarə ilə bomba atacaq ora, olacaq təpki? Bəzi şərhçilər deyirlər ki, bombalamaq, güllələmək, müharibəni başlamaq lazımdır. Bu, başqa söhbətdir. Ancaq bunun üçün hazırlıq aparılmalıdır. Hazırlıq aparıldığı, gücümüz artığı dövrdə... Ən əsası, biz həmişə nəyi arzulayırdıq: dünya ictimaiyyət Azərbaycanın səsinə səs versin, mövqeyimizi müdafiə etsin. Bu başlayıb, dərhal erməni başa düşür ki, “yox, gərək bunun qarşısını alaq”. Necə alaq? Şuşada şou, konsert düzəldək, bunlar qıcıqlansınlar, müharibəyə başlasınlar və uduzsunlar. O halda dünyaya car çəksinlər ki, “bax, gördünüz, deyirdik bunlar barbardırlar, bizi qırmaq üçün üstümüzə gəldilər”. Burada məqsəd budur, başa düşmək çox çətindirmi?

- Ermənilər vaxtilə bizim dövlət xadimlərinin olduğu helikopteri, sərnişinləri daşıyan helikopteri vurub. Məntiqlə Azərbaycan onun ərazi bütövlüyünə qəsd edən işğalçıya münasibətdə daha sərt mövqe sərgiləmək haqqına sahibdir. Paşinyan isə saymazyana Şuşaya gəldi. Heç olmasa, xəbərdarlıqlar etmək olmazdımı?

- Ən böyük xəbərdarlığı, nəinki xəbərdarlığı, ən gözəl şilləni cənab prezident Münhendə Paşinyana vurdu. Elə bilirsiniz bu “inauqurasiya”nı elə-belə fikirləşdilər? Həm öz-özünü biabır etmə, həm Azərbaycanın mövqeyinin qəbul olunması, ümumiyyətlə, beynəlxalq aləmin ekspertləri içərisində Ermənistanın nüfuzunun 0-a endirilməsi məgər ən gözəl zərbə deyilmi? Bəyəm bundan sonra dünyada başlanan söhbətlər zərbə deyilmi? Ona görə bu nöqteyi-nəzərdən xahiş edirəm, düzgün nəticə çıxarın. İndi o zərbədən sonra bunlar istəyirlər bizi təxribata çəksinlər, ona görə də belə bir şou düzəldirlər. İndi sizdən soruşuram, siz də təhlil edin: o şounu keçirdilər, niyə xaricdən bir nəfər o məkana gəlmədi? Niyə heç kim onu tanımadı? Niyə hansısa beynəlxalq təşkilat o “inauqurasiya”nı hansısa formada yüksəltmədi? Ona görə ki, heç kim tanımır, tanıya da bilməz. Mən özüm psixoloqam, bunlar bir psixoloji üsuldan istifadə edirlər. “Gəlin bunları qıcıqlandıraq, bunların hissləri ilə oynayaq, təhqir edək, onda bunlar təhqirə emosional reaksiya verəcək, onda da biz dünyaya car çəkəcəyik...” Bu, köhnə, erməni xislətindən doğan məsələdir. Bu, artıq keçmir. Qazaxda Sərhəd Qoşunları bütün işləri yüksək səviyyədə görür. Təmas xəttində, Qarabağda lazım olan bütün məsələlər var. Hərbi təlimlərimiz yüksək səviyyədə keçirilir. Beynəlxalq səviyyədə bizim mövqeyimiz qəbul olunur. Ardıcıl olaraq təmkinlə, səbirlə bu istiqamətdəki işləri aparmaq lazımdır.

- Ənənəvi sual var, nə qədər səbir edək?

- Səbirimiz olmalıdır. Səbirli olmalıyıq. Ermənilər 300-400 il işləyiblər. Biz də işləməliyik. Mən demirəm ki, 300 il dözək. Ancaq işləri əvvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır. Çox vacib bir məsələni də deyəcəyəm, cənab prezidentin korrupsiyaya qarşı işi, Azərbaycanın beynəlxalq imicini çox ciddi şəkildə möhkəmləndirmək lazımdır. Həmçinin daxili gedən siyasətin köməyi ilə xarici siyasəti yüksək səviyyəyə gətirmək gərəkdir. O halda biz erməniyə növbəti şilləni vurmaq iqtidarında olacağıq.

- Ölkədəki islahatlar prosesini, korrupsiyaya qarşı mübarizəni, məmurların həbsini necə dəyərləndirirsiniz?

- Xarici siyasət daxili siyasətin davamıdır. Dərhal Azərbaycan prezidenti islahatlara başlayandan, korrupsiyaya qarşı mübarizəni gücləndirəndən, ciddi addımların atılmasından sonra xaricdə bizə qarşı fəaliyyətə başladılar. Avropa Şurasından, Helsinki Komissiyasından gündə bir bəyanat gəlir. Həm də daxildə o “dəyirmana su tökən”lərin mövqeyi aydın şəkildə özünü göstərməyə başlayır. Ona görə ki, biz düz yoldayıq. Demirdiniz korrupsiya ilə mübarizə aparmaq lazımdır, aparırıq. Demirdiniz Azərbaycanın imicini yüksəltmək lazımdır? Yüksəldirik. Demirdiniz Ermənistanla danışıqlar prosesində üstünlük əldə etmək lazımdır? Əldə edirik. İndi nə etmək lazımdır? Deməli, ermənilər bizim hisslərimizə toxunaraq bizi yoldan çıxartmaq istəyirlər. Alınmayacaq, əzizim. Azərbaycan xalqı müdrik xalqdır. Trampın göndərdiyi məktuba qayıdıram, Azərbaycan xalqı böyük xalqdır. Böyük xalqı aldatmaq mümkün deyil.

- Səməd bəy, Milli Məclisin plenar iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etmişdiniz. Bəs ermənilərin Şuşadakı özbaşınalığına Azərbaycan XİN-in mövqeyini adekvat sayırsınızmı?

- Mən hesab edirəm ki, biz daha ciddi, daha konkret olmalıyıq, təkcə bu məsələ ilə bağlı yox. Bizim ümumi xarici siyasətlə bağlı məsələlərimizi ciddi təhlil etməliyik."Yeni Müsavat"

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...